Aşıq sənəti / Aşıq sənəti simalarda
Ətraflı bax: Musa Nəbioğlu
Ozan-aşıq dünyası (Haqqa qovuşan aşıqlarımız)
Bakı, “Nurlan” -2010


  • 1800 - 1894
  • 1895 - 1904
  • 1905 - 1910
  • 1911 - 1922
  • 1923 - 1931
  • 1932 - 1951

 

Aşıq Alı. 1801-1901

Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olub.

On ildən çox Ağ Aşığa şəyirdlik edən Alı ustadı ilə bərabər Yaxın Şərq ölkələrinə - İrana, Türkiyəyə, Qafqazın ayrı-ayrı bölgələrinə səfər edərək məclislər aparıb. O özü də bir sıra aşıqlar yetişdirib. Aşıq  Alının şeirləri 1981-ci ildə Hüseyn Arif tərəfindən  toplanılıb.

Aşıq Alı 1901-ci ildə vəfat edib.

Aşıq Ələsgər. 1821-1926

Ələsgər Alməmməd oğlu 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub.

Bir müddət ustad Aşıq Alının yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir.

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı İrəvanda, Naxçıvanda, Qazaxda, Qarabağda, Cavanşir ellərində, Gəncədə də məşhurlaşıb. Onun şəyirdləri də sonralar görkəmli sənətkar kimi formalaşıblar.

Hüseyn Hacı Qulu oğlu Bakıda öz evində "Aşıq Ələsgər muzeyi" yaradıb. Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində vəfat edib.

Abbasqulu. 1850-1932

1850-ci ildə Ağdamın Abdal Gülablı kəndində anadan olan aşıq Abbasqulu aşıq Valehin nəvəsidir.

1870-ci ildə Aşıq Ələsgər Qarabağa gələndə onu qarşılayanlar arasında Abbasqulu da olub.

Bir sənətkar kimi məşhurlaşan Abbasqulu Tiflisdə, Bakıda, Şuşada konsertlər verib, mükafatlara layiq görülüb.

Abbasqulu 1932-ci ildə vəfat edib.

Molla Cuma. 1854 - 1920

Molla Cuma (Süleyman Saleh oğlu Molla Oruc) 1854-cü ildə Şəki diyarının Layiski kəndində anadan olub. İlk təhsilini Aşağı Göynük kəndində Hacı İbrahim əfəndinin mədrəsəsində təhsilini alaraq, ərəb, fars dillərini, islam təlimini öyrənib.

Süleymanda gəncliyindən özünü büruzə verən fitri istedad, şeirə vurğunluq onu el arasında hazırcavab, sinədəftər aşıq kimi tanıdıb.

O, el arasında Molla Cuma kimi məşhurlaşıb, Süleyman adı unudulub.

Onunla dostluq edənlərin, şəyirdlərinin, qohumlarının söylədiklərinə görə o, qonşu mahaldan bir Şeyxin qızını sevib, bu eşqi "İsmi pünhan" adı ilə qəlbinə əbədi həkk edib, ömrünün sonuna qədər İsmi Pünhanın əsl adını dilinə gətirməyib.

Molla Cuma 1920-ci ilin may ayında rus ordusu Şəkinin kəndlərinə hücum edərkən öldürülüb.

Əsgər Quliyev. 1859 - 1984

Əsgər Cəfər oğlu Quliyev 1859-cu ildə Gədəbəyin Kərimli kəndində anadan olub. Erkən yaşlarından saza-sözə meyl salıb, aşıqlıq sənətini öyrənib və Gədəbəydə tanınmış aşıqlardan olub. Ustad Aşıq Ələsgər Gədəbəyin Arıqıran və Əyrivəng kəndlərinə toya gedərkən dəfələrlə Əsgər Cəfər oğlu onunla birlikdə məclisdə çıxış edib. Olduqca zil səsi olan aşıq Əsgər deyilənlərə görə hətta zurna ilə də oxuyarmış. Gilli Müseyib deyərmiş ki, Əsgər elə zil səslə oxuyardı ki, o oxuyan məclisə girməyə hər aşıq cürət etməzdi.

Aşıq Əsgərin ocağı sənətkarlar ocağı olub. Qardaşı Qulu Əsgər oğlu, oğlanları Hidayət və Firudin onun yolunu davam etdiriblər. Qızı Ulduz xanım isə bu gün tanınmış qadın aşıqlarımızdandır. Azərbaycanın Əməkdar İncəsənət işçisidir.

Aşıq Əsgər 1984-cü il martın 19-da vəfat edib.

Nəcəf Daşkəndli. 1860 - 1919

Nəcəf Allahverdi oğlu Bayramov 1860-cı ildə (bəzi mənbələrdə 1876-cı il göstərilir) Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb.

Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-sahmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

Onun səsi Aşıq Əsədin səsi ilə uyğun gəldiyindən çox zaman birlikdə çalıb-oxuyublar. 5 fevral 1919-cu ildə erməni general Selikovun başçılığı ilə "Küllü təpə" deyilən yerdə Aşıq Nəcəfin belinə odlu samovar bağlanmış və beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülmüşdür.

Hüseyn Bozalqanlı. 1863 - 1941

Hüseyn Cəfərqulu oğlu Quliyev (Hüseyn Bozalqanlı) 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub.

1871-1881-ci iliərdə mədrəsədə təhsil alan Hüseyn ərəb və fars dillərini mükəmməl öyrənib.

Kiçik yaşlarından müxtəlif məclislərdə aşıqlara qulaq asan Hüseyn Cəfərqulu oğlu saza-sözə bağlanıb, artıq 12 yaşından həm də şeir yazmağa başlayıb. Cəmisi üç ay ustada qulluq edib, Aşıq Məmmədqulunun şəyirdi olub. Özünün fitri istedadı sayəsində qısa müddətdə bir aşıq kimi onun sorağı hər yana yayılıb.

Tovuzda böyük bir aşıq nəslinin yetişməsində Hüseyn Bozalqanlının xüsusi əməyi olub.

2008-ci ildə Bakıda "Nurlan" nəşriyyatında onun şeirlər kitabı nəfis tərtibatla nəşr olunub.

Hüseyn Bozalqanlı 1941-ci ildə vəfat edib.

Bəşir Ələsgər oğlu. 1867 - 1934

Aşıq Bəşir 1867-ci ildə Göyçədə məşhur ustad aşıq Ələsgərin ailəsində dünyaya gəlib. Onun həyatı keşməkeşli olub. Belə ki, 1912-ci ildə təsadüfən əlindən çıxan xəta nəticəsində atasının xalası oğlu Molla Rəhimi güllə ilə öldürüb. Bu səbəbdən də bir müddət həbsdə yatmalı olub.

1916-cı ildə isə kəndin koxasını öldürərək qaçaq həyatı yaşamalı olub.

Aşıq Bəşir Ələsgər oğlu 1934-cü ildə vəfat edib.

Alı Dərəçiçəkli. 1870 - 1953

Alı Dərəçiçəkli (Süleymanov) 1870-ci ildə Dərəçiçək mahalının (Axta mahalı) Qaraqala kəndində dünyaya göz açıb. Xeyli müddət zəmanəsinin tanınmış ustad aşıqı olan Dərələyəzli Aşıq Cəlilə şəyirdlik edib.

1918-ci il erməni-türk savaşları zamanı minlərlə soydaşımız kimi, Aşıq Alı da doğma diyarı Dərəçiçək mahalının Qaraqala kəndini müvəqqəti də olsa, tərk edərək Borçalı mahalına gedir.

Alı Dərəçiçəkli öz oğlu Şəmil, bacısı oğlu Məmməd və Məmmədin böyük qardaşı adı bəlli Aşıq Sadıq Sultanovun ustadı olub. Borçalıda Aşıq Ayraz, Aşıq Bayram, Aşıq Qurbanəli, Aşıq Əli və daha bir neçə ünlü sənətkar da ondan dərs alıblar.

Aşıq Alı 1953-cü ildə Qaraqala kəndində vəfat edib, orada da dəfn edilib.

İsmayıl İsmayılov. 1870

İsmayıl Həsən oğlu İsmayılov 1870-ci ildə Gəncədə anadan olub. 10 yaşından çobanlıq edib. 15 yaşından aşıqlığa meyl göstərib və 10 il Aşıq İsanın yanında şəyird olub.

Gəncənin tanınmış aşıqlarından olan Aşıq İsmayıl özü də bir neçə şəyird yetişdirib.

Mirzə Bilal. 1872

Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov 1872-ci il mart ayının 12-də Şamaxının Qəşəd kəndində anadan olub. Həmyerlisi Molla Xasının məktəbində oxuyub, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirib. Burada o, ərəb-fars dillərini kamil öyrənib, klassik poeziyaya dərindən bələd olub. Şamaxı ədəbi mühiti – "Beytüs-səfa" musiqi-şeir məclisi onu sənət dünyasına bağlayıb. O, muğamlarımızın sirlərini Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə öyrənib.

"Şəfiyyə və Ziyad", "Aşıq Bilal və Soltan xanım", "Yetim Soltan", "Mustafa xan", "Aşıq İbrahim və Pəri", "Aşıq Bilal və Sənəm", "Həzrət Baba" adlı dastanlar bağlayıb...

Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olub.

Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilib, həmin il noyabrın 26-da "xalq düşməni" adı altında güllələnib. 28 oktyabr 1993-cü il tarixli qərara əsasən bəraət alıb.

İbrahim Əliyev. 1873

Dövlət arxivində saxlanılan əlyazmalara görə İbrahim Baxşəli oğlu Əliyev (Qaraçıoğlu) 1873-cü ildə Kəlbəcərdə doğulub. 8 yaşında atasını itirib, 13 yaşından muzdurluğa başlayıb.

Dolanışıq ucbatından Şəmkirə gələrək bir müddət burada nökərçilik edib, sonra Tovuzun Öysüzlü kəndində üç il aşıq Səmədin şəyirdi olub. Aşıq kimi Gəncəbasarda tanındıqdan sonra 1926-cı ildə Gəncəyə köçüb.

1928-ci ildə keçirilən Aşıqların I qurultayına hazırlıqla bağlı Gəncədə görülən işlərdə yaxından iştirak edib.

Şair Nəbi. 1873 - 1945

Nəbi Oruc oğlu 1873-cü ildə Borçalının Faxralı kəndində anadan olub. İlk şeirlərini yazıb.

20-25 yaşlarından el şairi kimi ad çıxaran Nəbi Oruc oğlu Borçalının kəndlərində el şənliklərində iştirak edib.

Şair Nəbi 1945-ci ildə Faxralı kəndində vəfat edib.

Folklorşünas alim Elxan Məmmədli onun irsini toplayaraq nəşr etdirib. Şair Nəbinin "Yazılanlar gəldi başa" və "Eləsi var..." adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Əsəd Rzayev. 1874 - 1950

Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə Göyçənin Qaraqoyunlu kəndində anadan olub.

12 yaşında ikən atasını itirən Əsəd bir neçə il muzdurluq etdikdən sonra 4 il Aşıq Ələsgərin şəyirdi olub, 5 il isə onunla birlikdə aşıqlıq edib. 1928-ci ildə Aşıqların I qurultayında iştirak edən Aşıq Əsəd 1930-1940-cı illərdə respublika səviyyəsində incəsənətlə bağlı tədbirlərdə həmişə fəallıq göstərib, müsabiqələrin qalibi olub. Göyçə,Tovuz, Qazax və Şəmkirdə bir çox aşıqların yetişməsində böyük rolu olub.

Aşıq Əsəd 1950-ci ildə vəfat edib.

Məmmədyar Əminov. 1876 - 1966

Aşıq Məmmədyar Əminov 1876-cı ildə Qazax mahalının Ağköynək kəndində anadan olub.

1891-ci ildə göyçəli aşıq Musanın yanına gedərək bir neçə il ona şəyirdlik edib. Deyilənlərə görə Aşıq Ələsgərin də şəyirdi olub. Onun təcnisləri, divaniləri, qoşmaları və deyişmələri vardır.

Ustad aşıq Ədalət Nəsibov və Aşıq Müsəllim Məmmədyar Əminovun şəyirdi olub.

Aşıq Məmmədyar 1966-cı ildə vəfat edib.

Talıb Ələsgər oğlu. 1877 - 1979

Aşıq Talıb məşhur saz-söz ustadı Aşıq Ələsgərin kiçik oğludur, 1877-ci ildə Göyçənin Ağkilsə kəndində anadan olub. Aşıqlığı atasından öyrənib.

Aşıq Ələsgərin dəfələrlə işıq üzü görən şeirlər kitabı Aşıq Talıbdan yazıya alınıb. Gözəl təbə malik olan Aşıq Talıb özü də aşıq şeirinin müxtəlif şəkillərində şeirlər yazıb.

Aşıq Talıb 1979-cu ildə vəfat edib.

Zodlu Ağayar. 1880 - 1978

Zodlu Ağayar (Ağayar Xəlil oğlu Xəlilov) 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. O, Aşıq Ələsgərin son şəyirdlərindən olaraq onun bütün yaradıcılığını mənimsəyib. Özünəməxsus oxu tərzi və şirin danışığı ilə seçilən Ağayar Xəlil oğlu dastanlarımızın bilicisi və mahir ifaçısı kimi də böyük şöhrət qazanıb.

1964-cü ildə oğlu Hüseyn vəfat etdikdən sonra o, bir daha əlinə saz götürməyib. Sinəsi söz kürəsi olan Aşıq Ağayar özü də şeirlər yazıb. Onun üç şəyirdi olub: Qənbər, Şahkərəm və Pənah.

Zodlu Ağayar 1978-ci ildə vəfat edib.

Canallı Məmməd.1880 - 1937

Məmməd Mərdan oğlu Mərdanov 1880-ci ildə Qazax mahalının Canallı kəndində anadan olub.

Məktəbdə təhsil almayan aşıq savadsız olub. Bununla belə, yaradıcı aşıq olduğu söylənilir.

Hətta deyilənə görə, məclislərdə bədahətən şeir deyər, dastanlar danışarmış. Təəssüf ki, aşığın zəngin yaradıcılığı bizə gəlib çatmayıb.

O, 1937-ci ildə vəfat edib.

Nağı Bədəlov. 1880 - 1976

Nağı Qulu oğlu Bədəlov 1880-ci ildə Göyçənin Kəsəmən kəndində anadan olub. O, dini təhsil alsa da, çalıb-oxumağa meyl edib.

Oğlunun bu sənətə sonsuz marağını görən atası Qulu kişi onu Aşıq Ələsgərə şəyird verib. Nağı Aşıq Ələsgərin son şəyirdlərindəndir.

XX əsrin əvvəllərində Göyçədə ermənilərin törətdikləri qırğınlar zamanı Azərbaycana gəlib, Xanların Qırıxlı, Balçılı kəndlərində yaşayıb. Sonra Gəncənin Bağmanlar qəsəbəsinə köçüb və ömrünün sonuna kimi orada yaşayıb.

1976-cı ildə vəfat edib.

Məhəmməd Rzayev.1883 - 1968

Məhəmməd Əhməd oğlu Rzayev 1883-cü ildə Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. Aşıq Əsəd Rzayevin qardaşıdır.

Erkən yaşlarından atasını itirib və böyük qardaşlarının himayəsində böyüyüb. Qardaşı Əsədlə birlikdə bir müddət Daşkəsən, Qazax və Tovuzda yaşadıqdan sonra Göyçəyə qayıdaraq, bir müddətdən sonra yenidən Tovuzda məskunlaşıblar.

Aşıq Məhəmməd Rzayev 1968-ci ildə vəfat edib.

Xəyyat Mirzə.1885 - 1922

Xəyyat Mirzə Abbasqulu oğlu 1885-ci ildə Tovuzun Bozalqanlı kəndində anadan olub. Mollaxanada təhsil alaraq, ərəb və fars dillərini öyrənib. Atası onu dərzi yanına şəyird qoyub.

O, dərziliyi öyrənsə də, sazdan, sözdən uzaqlaşmayıb. Xəyyat Mirzə cəmi 37 il ömür sürsə də, Azərbaycan ədəbiyyatı üçün çox işlər görüb.

Onun 1966-cı ildə nəşr olunan ilk kitabında bütün yaradıcılığı öz əksini tapmışdır.

2010-cu ildə "Könlüm hicran otağı" adlı kitabı oxucuların ixtiyarına verildi.

Xəyyat Mirzə 1922-ci ildə vəfat edib.

Qaraçöplü Musa.1885 - 1965

Qaraçöplü Aşıq Musa (Musa Məhəmməd oğlu Mürşüdov) 1885-ci ildə qədim Qaraçöp mahalının Qazılar kəndində anadan olub.O, hələ erkən yaşlarından poeziyaya könül verib, İsmayıl Mərdanoğludan dərs alıb, aşıq şeirinin müxtəlif formalarında mükəmməl poetik nümunələr yaradıb. Dövrünün bir çox söz ustaları ilə deyişib.

Aşıq Musa 1965-ci ildə vəfat etmişdir.

Savad Nəsibova. 1885 - 1970

Savad Axund Şəfi qızı Nəsibova 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili alıb.

Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilib. Temirdən saz havalarını çalmağı öyrənərək aşıqlıq edib.

1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunub.

Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat edib.

Ağacan. 1886 - 1951

Ağacan Cabbar oğlu Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü bölgəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlib. İlk təsilini mollaxanda alıb. O, 1911-ci ildə Borçalının Quşçu kəndinə köçüb, lakin burada uzun müddət yaşaya bilməyərək Qaçağanda məskunlaşıb. Ərəb və fars dillərini mükəmməl bilən Ağacan tezliklə şair-aşıq kimi böyük hörmət qazanıb.

1949-cu ildə ailəsi ilə birlikdə Sibirin Tomsk vilayətinə sürgün edilib və 1951-ci ildə orada vəfat edib.

Dəllək Paşa. 1886 - 1976

Paşa Güllü oğlu Dəlivəlli 1886-ci ildə Borçalının Barmaqsız (indiki Zalqa) bölgəsinin Ərcivən-Sarvan kəndində anadan olub. Bir müddət Ərcivan-Sarvanda yaşadıqdan sonra Tiflis şəhərinin Saburtalı məhəlləsinə köçüb, Tiflisdə və ətraf bölgələrdə məclislər aparıb.

Dəllək Paşa 1976-cı ildə vəfat edib.

İsmayıl Ələkbərov. 1886

İsmayıl Heydər oğlu Ələkbərov 1886-cı ildə İrəvan quberniyasının İlxı Qoruğu kəndində anadan olub. Erməni daşnaklarının törətdikləri qırğınlar zamanı atası Gəncəyə köçüb.

Uşaqlıqdan saza-sözə böyük marağı olan İsmayıl Heydər oğlu Gəncədə tanınmış aşıqlardan olub, Gəncədə və respublikamızın digər yerlərində keçirilən müxtəlif tədbirlərdə iştirak edib.

Mirzə Bayramov. 1888 - 1954

Mirzə Əhməd oğlu Bayramov 1888-ci ildə Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub.

1909-1912-ci illərdə dini təhsil alıb. Dörd il Hüseyn Bozalqanlının şəyirdi olub.

Azərbaycan Aşıqlarının I (1928-ci il) və II (1938-ci il) qurultaylarında çıxış edib. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

Aşıq Mirzə Bayramov 1954-cü ildə vəfat edib.

Tağı Vəliyev. 1888

Tağı Kazım oğlu Vəliyev 1888-ci ildə Gəncə yaxınlığındakı Pirverdilər kəndində anadan olub. Aşıqlığa böyük marağı olub və balabançılığı da öyrənib. Uzun müddət tanınmış aşıqların yanında balabançı olub.

Yunis İbrahimov. 1888 - 1974

Yunis Məmməd oğlu İbrahimov 1888-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub.

XX əsrin əvvəllərində Cildə olarkən Aşıq Ələsgər onu yanına çağırtdıraraq dinlədikdən sonra özü ilə aparmaq istəyib. Amma ailə vəziyyəti onun böyük ustadla getməsinə imkan verməyib.

O, Cil kəndindən olan aşıqlar Zaman, Mehdi və Qasım qardaşlarına şəyirdlik edib. Özünün isə Aşıq Müseyib, Aşıq Niftalı, Aşıq Hüseyn, Aşıq Sayad, Aşıq Bağır, Aşıq Həmid kimi şəyirdləri olub.

Aşıq Yunis Məmməd oğlu İbrahimov 1974-cü ildə Cil kəndində vəfat edib.

Məsim Bəyazitli. 1889 - 1945

Aşıq Məsim Bəyazitli (Yadigarov) 1889-cu ildə Borçalının Bəyazitli kəndində anadan olub.

Dövrünün tanınmış ustad aşığı Dollu Abuzərə şəyirdlik edərək, sonradan özü də ustad sənətkar kimi ad-san qazanıb.

Məsim Bəyazitlinin bir neçə şəyirdi olub. Onlardan ən məşhuru Aşıq Əmrah Gülməmmədovdur.

Aşıq Məsim Bəyazitli 1945-ci ildə vəfat edib.

Dədə Şəmşir. 1893 - 1980

XX əsr Azərbaycan aşıq sənətinin ən qüdrətli sənətkarlarından olan Şəmşir Qurban oğlu 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub. Atası Aşıq Qurbandan və onlara tez-tez qonaq olan Aşıq Ələsgərdən sənətin sirlərini öyrənib. Onun ailəsi 1907-ci ildə Ağdaban kəndinə köçüb.

1920-ci ildə Qamışlı kəndində yeddiillik məktəbi bitirərək kənd sovetində katib işləməyə başlayıb. 1930-1940-cı illərdə Kəlbəcər rayon sovetinin deputatı olub.

Aşıq Şəmşir Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən II qurultayında iştirak edib, artıq o dövrlərdən şeirləri mətbuatda dərc oluinub. Onun ilk şeirlər kitabı 1959-cu ildə xalq şairi Osman Sarıvəllinin ön sözü ilə nəşr olunub. Sonralar "Qoşmalar" (1971), "Seçilmiş əsərləri" (1973), "Dağ havası" (1978) və "Şeirlər" (1980) kitabları işıq üzü görüb.

Aşıq Şəmşir 1980-ci ildə dünyasını dəyişib.

İslam Yusifov.1893 - 1968

İslam Qara oğlu Yusifov 1893-cü il may ayının 1-də Göyçə mahalının Nərimanlı kəndində anadan olub. 12 yaşından aşıqlığa başlayan İslam Göyçədə tanınmış aşıq olan Mikayıla və Zərzibil kənd sakini aşıq Mehralıya şəyirdlik edib. Sonra isə Şəmkirli Aşıq Hüseynin oğlu aşıq Çobanın şəyirdi olub.

1921-ci ildən Gəncədə yaşayıb. Aşıq İslam 1936-1949-cu illərdə fasilələrlə filarmoniyanın solisti olub.

1933-cü ildə Zaqafqaziya xalq yaradıcılığı festivalında, 1936 və 1938-ci illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib.

Aşıq İslam Azərbaycanın Əməkdar incəsənət xadimi (1940), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1954) idi.

İslam Yusifov 1968-ci ildə vəfat edib.

Qurbanəli. 1893 - 1979

Aşıq Qurbanəli 1893-cü ildə Borçalının Görarxı (Meçidli Görarxı) kəndində anadan olub.

Bir müddət Aşıq Dərəçiçəkliyə şəyirdlik etdikdən sonra müstəqil olaraq aşıqlığa başlayıb.

Aşıq Qurbanəli 1979-cu ildə vəfat edib.

İdris Məhərrəmov.1894 - 1944

İdris Şirin oğlu Məhərrəmov 1894-cü ildə Göyçə mahalının Zərkənd (əvvəllər adı Zərzibil olub) kəndində sənətkar ailəsində anadan olub.

Aşıq Şirinin oğludur. Şirin Məhərrəm oğlu 1847-ci ildə Göyçə mahalının Zərzibil (Zərkənd) kəndində dövrünün tanınmış xeyriyyəçisi olan pullu Məhərrəmin ailəsində dünyaya gəlib, 30 il Göyçə mahalında aşıqlıq edib.

Aşıq Şirin 1940-cı ildə 93 yaşında Göyçə mahalının Zərkənd kəndində vəfat edib. İdris aşıqlıq sənətinə erkən yaşlarından maraq göstərib, 12 yaşında ikən atası Aşıq Şirindən dərs almağa başlayıb. Sonralar Aşıq Ələsgərdən, Aşıq Musadan saz-söz sənətinin incəliklərini öyrənib.

1938-1941-ci illər Basarkeçər rayonunda aşıqlara rəhbərlik edib. Azərbaycan aşıqlarının I və II qurultaylarının nümayəndəsi olub. 1938-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Bəzi mahnıları vala köçürülüb.

1941-ci ildə könüllü olaraq II Dünya müharibəsinə gedib və 1944-cü ildə itkin düşməsi haqqında qara kağız gəlib.

Məmməd Cəfərov. 1894

Məmməd Ələkbər oğlu Cəfərov 1894-cü ildə İrəvanın Keşişkənd kəndində yoxsul bir ailədə anadan olub. 1910-1914-cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelinin tikintisində çalışıb.

1914-cü ildə Bakıya gəlib və 1917-ci ilə kimi Musa Nağıyevin neft buruqlarında çalışıb.

1917-ci ildə erməni-müsəlman davası yenidən başlayanda İrəvana qayıdıb və 1920-ci ilə kimi orada, 1920-1926-cı illərdə Gədəbəyin Gərgər kəndində, 1926-cı ildən sonra isə Ağdamın Qərvənd kəndində yaşayıb və aşıqlıq edib.

Qara Mövlayev. 1894

Qara İmamverdi oğlu Mövlayev 1894-cü ildə Göyçə mahalının Kiçik Mərzə kəndində anadan olub. 12 yaşından Göyçənin Qafarlı kəndindən olan Aşıq Məhərrəmə və Aşıq Ələsgərə 10 il şəyird olub.

1924-cü ildən Gəncədə yaşayıb.

Məhəmməd Həsənov. 1894 - 1973

Məhəmməd Qəhrəman oğlu Həsənov 1894-cü ildə Qazaxın Köçəsgər kəndində anadan olub.

1914-cü ildən aşıqlığa meyl edən Məhəmməd Qəhrəman oğlu 5 il Salahlı kəndində Aşıq Nəbinin şəyirdi olub. 1928-ci ildə Azərbaycan Aşıqlarının I Qurultayında iştirak edib. 1934-cü il iyulun 25-də Zaqafqaziya xalq incəsənət isçiləri olimpiadasında iştirak edərək, birinci dərəcəli diplom və 500 (beş yüz) mahat pulla mükafatlandırılıb. Aşıqların II Qurultayında da iştirak edib.

Aşıq Məhəmməd 1973-cü ildə vəfat edib.

İsbər Rüstəmov. 1894

İsbər Rüstəmov 1894-cü ildə İranda anadan olub.

1912-ci ildən 1917-ci ilə kimi Gəncənin Kolayır kəndində Məşədi Cəbrayıl Hacı Məhəmməd oğlunun nökəri olub. 1918-1925-ci illərdə Goranboyun Miskinli kəndində rəncbərlik edib. 1925-ci ildən aşıqlıq fəaliyyətinə başlayıb.

1929-cu ildə hökümət tərəfindən ona Goranboyun Cinli Boluslu kəndində torpaq sahəsi verilib.

 

İsrafil İsmayılov. 1895

İsrafil İsmayılov 1895-ci ildə Basarkeçərin İnəkdağı kəndində anadan olub.

1916-cı ildə aşıqlıq həvəsinə düşüb, bir il özü öyrənib,1917-1922-ci illərdə ustad yanında olub.

1927-ci ildə Gəncədə Aşıqlar İttifaqının üzvü olub, 1928-ci ildə Aşıqların I Qurultayında iştirak edib. İsmayılov Cavad Köçəri oğlu, Rza Həmzə oğlu, Şamil Məhəmməd oğlu və Sahib Tağıyevin ustadı olub.

Quşçu İbrahim. 1895

İbrahim İsmayıl oğlu 1895-ci ildə Borçalının Muluxsalı (indiki Bolnisi rayonunun Qoşaisə) kəndində anadan olub.

1897-ci ildə ailəsi ilə birlikdə Quşçu kəndinə köçüb. Hələ uşaqlıqdan saza-sözə meyl salan İbrahim aşıq Dollu Abuzərin şəyirdi olub.

1912-ci ildə Dollu Abuzər vəfat etdikdən sonra İbrahim Ağacanın (Xındı Məmmədlə eyni vaxtda) şəyirdi olub. Quşçu İbrahimin 12 şəyirdi olub. Onun həm də zəngin külliyyatı yadigar qalıb.

İkinci dünya müharibəsi başlayanda ölüm-dirim savaşına yola düşən aşıq cəbhədən qayıtmayıb.

Teymur Hüseynov. 1895 - 1980

Teymur Səfər oğlu Hüseynov 1895-ci ildə Şəmkirin Morul kəndində anadan olub.

Yaxşı səsi və uşaqlıqdan saza olan marağı onu aşıqlığa gətirib. Atası Teymuru dövrünün tanınmış ustadı aşıq Əhmədə şəyird verib və o, 1917-ci ilə qədər ustaddan sənətin sirlərini öyrənib.

Teymur Hüseynov 1947-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub.

Aşıq Teymur 1980-ci ildə vəfat edib.

Xındı Məmməd. 1896 - 1968

Məmməd Gülabı oğlu 1896-cı ildə Borçalının Böyük Muğanlı (Qaş Muğanlı da deyirlər) kəndində anadan olub.

1914-cü ildə dayısı Söyün Qoca oğlu onu şair Ağacanın yanına gətirib şəyird qoyur. Bir müddət Ağacandan saz-söz yaradıcılığının sirlərini öyrənən Məmməd Gülabı oğlunu sonradan tale Məsim Bəyazitli ilə rastlaşdırır və bir sənətkar kimi püxtələşməsində onun da böyük rolu olur.

O, həmçinin divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq üslubunda şeirlər də yazmışdır.

Bir sıra aşıqların ustadı olan Xındı Məmməd 1968-ci il avqustun 28-də vəfat edib.

Əli Hüseynov. 1898

Əli Həsən oğlu Hüseynov 1898-ci ildə Tovuzun Aşağı Quşçu kəndində anadan olub. İki yaşında ikən atasını itirib. 15 yaşında Gəncəyə gəlib, burada beş il Qaraçıoğlu İbrahimin (İbrahim Əliyevin) şəyirdi olub.

Sonra müstəqil fəaliyyətə başlayaraq, Azərbaycanın müxtəlif bölgələrində aşıqlıq edib.

Feyzi Mirzəyev. 1896 - 1964

Feyzi Mirzəyev 1896-cı ildə Şamaxının Çağan kəndində əkinçi ailəsində anadan olub.

17 yaşından aşıqlığa başlayıb, lakin mollalar onun sazını sındıraraq aşıqlıq etməsinə imkan verməyiblər. 1918-1920-ci illərdə yeni qurulmuş respublikanın ordusunda xidmət edib. Ordudan qayıtdıqdan sonra aşıqlığını davam etdirib. Şirvanda ustad aşıq kimi tanınıb.

Aşıq Feyzi 1964-cü ildə vəfat edib.

Hümbət Quliyev.

Hümbət Quliyevin bu fotoşəkili 1938-ci ilə aid arxiv sənədləri arasından götürülüb. Doğum tarixi və barəsində digər məlumatlar əldə edə etmək mümkün olmayıb.

Professor Qara Namazovun 2004-cü ildə nəşr olunmuş "Aşıqlar" kitabında qeyd olunur ki, o, Gəncənin Alabaşlı kəndindən olub və Aşıq İslamın və Borsunlu Məzahirin dəstəsində aşıqlıq edib.

Soltan Məhərrəm Oğlu. 1896 - 1942

Aşıq Soltan Məhərrəm oğlu 1896-cı ildə Göyçay qəzasının Yuxarı Şilyan kəndində anadan olub. Gənc yaşlarından aşıq sənətinin sirlərinə yiyələnib. Onun şeirləri də var.

Aşıq Soltan 1942-ci ildə vəfat edib.

Qoca Quliyev. 1896 - 1957

Qoca Qurban oğlu Quliyev 1896-cı ildə Tovuzun Bozalqanlı kəndində anadan olub. Bir yaşında ikən atasını itirib. 1917-1920-ci illərdə dərzi yanında şəyird olub. Sovet höküməti qurulduqdan sonra bir müddət kəndlilərə torpaq paylanması işində çalışıb.1923-1927-ci illərdə Hüseyn Bozalqanlının şəyirdi olub.

Aşıq Qoca Azərbaycan aşıqlarının I və II qurultaylarının iştirakçısı olub. O,1957-ci ildə vəfat edib.

Hüseyn Rzayev.1897

Hüseyn Rza oğlu Rzayev 1897-ci ildə Tovuzun Bozalqanlı kəndində anadan olub.

1927-ci ildən aşıqlığa meyl edib və 1930-cu ilə kimi Hüseyn Bozalqanlının şəyirdi olub.

Məmməd Süleymanov. 1897 - 1971

Məmməd Həsən oğlu Süleyman 1897-ci ildə Dağ Borçalının Axta bölgəsinin Qaraqala kəndində anadan olub, məşhur aşıq Sadıq Sultanovun qardaşıdır. Süleymanov soyadı dayısının soyadıdır. Aşıq kimi tanınan Məmmədin bir sıra şəyirdləri də olub.

Məmməd Həsən oğlu 1971-ci ildə vəfat edib.

Şəmil Alı Oğlu. 1897 - 1976

Şəmil Alı oğlu 1897-ci ildə Dağ Borçalının Axta bölgəsinin Qaraqala kəndində anadan olub. Atası Aşıq Alı (Alı Dərəçiçəkli) dövrünün ustad aşıqlarından idi. Aşıq Şəmil erməni zülmündən qaçaraq öz ailəsi ilə birlikdə aran Borçalıya köçmüş, burada yaxın qohumları Aşıq Sadıq və Aşıq Məmmədlə birlikdə məclislər, el şənlikləri keçirmişdir.

Aşıq Şəmil 1976-cı ildə Marneulinin Daştəpə kəndində vəfat edib.

Xəstə Bayraməli. 1898 - 1952

Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev) 1898-ci ildə Göyçə mahalının Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub. Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisdə hərbi məktəbdə təhsil alıb və zabit kimi Şimali Qafqaz cəbhəsinə yola düşüb.

1952-ci ildə məkrli erməni siyasətinin qurbanı oub. Onun ölümü ilə kifayətlənməyən ermənilər bütün külliyyatını da ələ keçirib məhv ediblər.

Qəhrəman İbrahimov. 1899 - 1966

Qəhrəman İsgəndər oğlu İbrahimov 1899-cu ildə Tovuzun Hacalı kəndində anadan olub.

Şəmkirli Aşıq Hüseynin oğlu Aşıq Çobana şəyirdlik edib. Sonra Tovuzda Hüseyn Bozalqanlı və dayısı, dövrünün tanınmış aşığı Məmmədcəfərdən sənətin sirlərini daha dərindən öyrənib.

Azərbaycan Aşıqlarının I və II qurultaylarının nümayəndəsi olan Aşıq Qəhrəman 1966-cı ildə vəfat edib.

Nəcəf Hüseynov. 1900 - 1946

Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olub.

On ildən çox Ağ Aşığa şəyirdlik edən Alı ustadı ilə bərabər Yaxın Şərq ölkələrinə - İrana, Türkiyəyə, Qafqazın ayrı-ayrı bölgələrinə səfər edərək məclislər aparıb.  O özü də bir sıra aşıqlar yetişdirib.  

Aşıq  Alının şeirləri 1981-ci ildə şair Hüseyn Arif tərəfindən toplanılıb.

Aşıq Alı 1901-ci ildə vəfat edib.

Nəcəf Xəlil Oğlu. 1900 - 1968

Aşıq Nəcəf məşhur ustad Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur.

1900-cu ildə Göyçənin Ağkilsə kəndində anadan olub. Əmisi Aşıq Ələsgərin evində tez-tez keçirilən məclislərin iştirakçısı olub.

1925-ci ildən aşıqlığa başlayan Nəcəf Göyçədə, Gəncəətrafı rayonlarda, Qarabağda və Azərbaycanın digər guşələrində məclislərdə iştirak edib.

Aşıq Nəcəf 1968-ci ildə vəfat edib.

Məşədi Hüseyn. 1900 - 1952

Aşıq Məşədi Hüseyn 1900-cü ildə Ərdəbildə doğulub, on beş yaşında Borçalıya gəlib. Saza-sözə güclü marağını və qabiliyyətini görən Dollu Abuzər onu özünə şəyird götürüb.

Dollu Abuzərin yanında kamil bir aşıq kimi yetişən Məşədi Hüseynin özünün də bir neçə şəyirdi olub.

1950-ci illərdə Aşıq Məşədi Hüseyn ailəsi ilə birlikdə orta Asiyaya sürgün olunub və 1952-ci ildə sürgündə də vəfat edib.

Rüstəm Xəlilov. 1901

Rüstəm Xəlil oğlu Xəlilov 1901-ci ildə Kəlbəcərin Qamışlı kəndində anadan olub. İbtidai təhsil alıb, hələ kiçik yaşlarından şeir deməyə başlayıb, sazda çalıb-oxuyub.

Ələkbər Əsgərov. 1901 - 1992

Ələkbər Zeynalabdin oğlu Əsgərov 1901-ci ildə Tovuzun Xatınlı kəndində anadan olub.

Beş yaşında ikən çiçək xəstəliyindən hər iki gözü tutulub. Hələ uşaqlıqdan saza-sözə meyl edən Ələkbər 1920-ci ildə ustad Aşıq Hüseyn Bozalqanlı ilə tanış olub və bu böyük sənətkar onu özünə şəyird götürüb. İki il ustada şəyirdlik edən Ələkbər ondan sənətin sirlərini öyrənib.

El arasında Kor Ələkbər kimi tanınan aşıq dastanlarımızı yaxşı bilir, bədahətən şeirlər söyləyirdi.

Aşıq Ələkbər 1992-ci ildə fevralın 9-da vəfat edib.

Əli Mehdiyev. 1901 - 1992

Əli Məhərrəm oğlu Mehdiyev 1901-ci ildə Borçalının Görarxı elindəki Təzəkənd kəndində anadan olub.

Saza-sözə meyli güclü olduğundan erkən yaşlarından aşıq məclislərində iştirak edib, ustad aşıqlardan öyrənməyə çalışıb. Beş il Alı Dərəçiçəkliyə şəyirdlik edib. Uzun müddət Borçalıda məclislər keçirən Aşıq Əli şeir də yazıb.

Aşıq Əli Mehdiyev 1992-ci ildə vəfat edib.

Abbas Cəbrayılov. 1902

Abbas Cəbrayılov 1902-ci ildə İrəvan quberniyasının Həmzəli kəndində anadan olub.

1917-ci ildə erməni daşnaklarının törətdikləri qırğınlar zamanı Şəmkirə gəlib. Tezliklə Şəmkir aşıq mühiti onu da özünə çəkib və o, Aşıq Qənbərin şəyirdi olub.

1925-ci ildən Gəncədə yaşayan Aşıq Abbas 1927-ci ildən müstəqil aşıqlığa başlayıb.

Şamil Piriyev. 1902 - 1985

Şamil Piriyev 1902-ci ildə Şamaxının Tağlabiyan kəndində anadan olub.

Musiqi sənətinin ilk sirlərini dayısı Soltan Hüseynovdan öyrənib. Aşıq Bilalla dost olan xanəndə Soltan Hüseynov bacısı oğlunu Aşıq Bilalla tanış edib və Şamil Aşıq Bilala şəyirdlik edib.

Aşıq Şamil 1985-ci ildə Tağlabiyan kəndində vəfat edib.

Vəli Qaraxanlı. 1902 -1992

Vəli Qaraxanlı (Vəli Kərim oğlu Məmmədov) 1902-ci ildə Tovuzun Qaraxanlı kəndində anadan olub.

Dini təhsil aldığından ərəb və fars dillərini bilib. Əlimərdanlı aşıq Nəcəfin şəyirdi olub. Tovuz aşıqlar ansamblının üzvü kimi Bakı, Gəncə, Qazax və respublikamızın digər bölgələrində keçirilən tədbirlərdə çıxış edərək yüksək peşəkarlıq nümayiş etdirib.

Aşıq Vəli Məmmədov 1992-ci ildə vəfat edib.

Hüseyn Sarıyev. 1902 - 1987

Hüseyn Bayram oğlu Sarıyev 1902-ci ildə Qərbi Azərbaycanın Polad kəndində anadan olub. Lap uşaqlıqdan aşıqlığa meyl edən Hüseyn Bayram oğlu 8 yaşında ikən Aşıq Ələsgərə şəyirdlik edib.

Sonradan Qazax mahalına köçən Hüseyn Sarıyev aşıq poeziyasının kamil bilicilərindən olub, saz havalarını mükəmməl ifa edib. Təsadüfi deyil ki, Qazax mahalında onu "Səməd Vurğun aşığı" deyə çağırıblar.

1956-cı ildə Səməd Vurğun vəfat edəndən sonra Aşıq Hüseyn bir daha əlinə saz almayıb. Aşıq Hüseyn Sarıyev ikinci dünya müharibəsində iştirak edib.

O, 1987-ci ildə dünyasını dəyişib.

Dirili Surxay. 1902 - 1945

Aşıq Dirili Surxay (Surxay Bəyalı oğlu Fərəcov) 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində anadan olub. Əvvəlcə molla yanında təhsil alıb, sonra Təbrizdə mədrəsədə oxuyub.

Aşıq Surxayın həm də bayatıları və müxtəlif janrlarda yazdığı şeirləri var.

Dirili Surxay 1945-ci ildə vəfat edib.

Növrəs İman. 1903 - 1970

Növrəs İman 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu, Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri idi. Göyçə mahalının Hüseynquluağalı kəndində molla məktəbində oxuyub.

Aşıq şeirinin bütün formalarında yazıb-yaradıb. Bu el şairi haqqında məlumatlara XX əsrin 20-30-cu illərindəki dövri mətbuatda rast gəlmək mümkündür. Növrəs İman 1932-ci ildə itkin düşmüşdür.

Bəzi məlumatlara görə o, Cənubi Azərbaycana keçmiş və təxminən ötən əsrin 70-ci illərinin sonlarında burada vəfat etmişdir.

Abbas Söhbətov. 1903 - 1966

Abbas Ağabala oğlu Söhbətov 1903-cü ildə Şamaxının Cəyirli kəndində dünyaya gəlib.

Aşıq Mirzə Bilalın şəyirdi olub. 1927-ci ildən müstəqil aşıqlığa başlayıb. Ötən əsrin 30-cu illərində artıq Şirvanda məşhur bir aşıq kimi tanınırdı. Aşıq Məmmədağa, Aşıq Şərbət, Aşıq Əlisa, Aşıq Söhrab və başqalarının yetişməsində böyük zəhməti olub.

Abbas Söhbətov 1966-cı ildə vəfat edib.

Pirməmməd Söhbətov. 1903 -1997

Pirməmməd Yusif oğlu Söhbətov 1903-cü ildə Kürdəmirin Ağarzabəyli kəndində anadan olub.

Göyçayın Bəydövül kəndindən olan aşıq Xasməmmədin şəyirdi olub. Sonralar isə Aşıq Bilal və Aşıq Zəkəriyyə ilə yaxınlığı onun sənətdə daha da püxtələşməsinə kömək edib.

Aşıq Pirməmməd 1997-ci ildə vəfat edib.

Muğum Məmmədov. 1903

Muğum Məmmədov 1903-cü ildə Göyçə mahalının Zoğalı kəndində anadan olub.

1917-ci ildə ailəsi ilə Gəncəyə köçüb və o, burada aşıqlıq edib. M.Məmmədov 1928-ci ildə savadsızlığın ləğvi kursunda oxuyub.

Aşıq kimi böyük hörmət və nüfuz sahibi olub.

Vəli Bayramov. 1903

Vəli Alı oğlu Bayramov 1903-cü ildə Gədəbəyin Miskinli (Böyük Qarabulaq) kəndində anadan olub.

1929-cu ildən aşıqlığa başlayıb. Dövlət arxivində saxlanılan tərcümeyi-halını yazdığı dövrdə - 1938-ci ildə Gədəbəyin Rüstəm Əliyev kəndində yaşadığı göstərilir.

Qədir İsmayılov.1903

Qədir Abbas oğlu İsmayılov 1903-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub.

1920-ci ildən dayısı Hüseyn Bozalqanlının şəyirdi olub.

1926-cı ildən isə iki il Mirzə Bayramova şəyirdlik edib.

1928-ci ildən müstəqil olaraq aşıqlıq fəaliyyətinə başlayıb. Aşıq Mirzə Bayramovla bərabər müxtəlif tədbirlərdəki çıxışlarına görə dəfələrlə mükafatlar alıb.

Məhərrəm Ələkbərov. 1903

Məhərrəm İsmayıl oğlu Ələkbərov 1903-cü ildə Gədəbəyin İnəkboğan kəndində anadan olub.

1929-cu ildən balabançılıq etməyə başlayıb, Gədəbəyin Leşkər kəndindən olan aşıq Məmməd Mustafayevlə bərabər el şənliklərində çıxış edib.

İbrahim İsgəndərov. 1903

İbrahim İsgəndərov 1903-cü ildə Göyçə mahalının Çaxırlı kəndində aşıq Əlişanın ailəsində anadan olub.

1938-ci ildə özünün yazdığı və hazırda arxivdə saxlanılan tərcümeyi-halda qeyd olunur ki, 1919-1927-ci illərdə atasının şəyirdi olaraq ondan sənətin sirlərini öyrənib.

1927-ci ildə atası vəfat etdikdən sonra müstəqil fəaliyyət göstərib və üç nəfər gəncə də öz sənətini öyrədib.

Nağı Rzayev. 1903

14 dekabr 1958-ci ildə özünün yazdığı tərcümeyi-halda qeyd olunur ki, Nağı İmamverdi oğlu Rzayev 1903-ci ildə Tovuzun Düzqırıxlı kəndində anadan olub (bəzi mənbələrdə 1907-ci il göstərilir).

1927-ci ildə kəndlərinə toy məclisinə gələn aşıq Mirzə Bayramov onun istedadını görüb ilk dəfə məclisdə oxutdurub. Elə o, vaxtdan 1935-ci ilə kimi aşıq Mirzəyə şəyirdlik edib.

1942-1945-ci illərdə II Dünya müharibəsində iştirak edib, hətta cəbhə bölgəsində də konsert verib. Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən II qurultayında iştirak edib.

1936-cı ildən aşıqlar dərnəyinin üzvü olan Nağı Rzayev 1953-cü ildən Tovuz rayon aşıqlarının bədii rəhbəri olub.

Oruc Məhəmməd oğlu. 1904 - 1964

Aşıq Oruc Məhəmməd oğlu 1904-cü ildə Dağ Borçalının Qarakilsə qəsəbəsində (hazırda Ermənistan ərazisindədir) sənətkar ailəsində anadan olub. Körpə yaşlarından saza-sözə güclü marağı olan Aşıq Oruc bir müddət Aşıq Alı Dərəçiçəkliyə şəyirdlik edib.

Aşıq Oruc 1964-cü ildə noyabrın 12-də vəfat edib.

Şahbaz Məmmədov. 1904

1904-cü ildə anadan olub. Barəsində əlavə məlumat yoxdur.

 

Salman Tağıyev. 1905

Salman Kazım oğlu Tağıyev 1905-ci ildə Gəncənin Ağabəyli kəndində anadan olub. Məlahətli səsini və iti hafizəsini görən məşhur Aşıq İbrahim Əliyev (Qaraçıoğlu) onu öz yanına şəyird götürüb.

O, uzun illər Aşıq İbrahimlə birlikdə Gəncəbasar bölgəsində el şənliklərində çıxış edib.

Salman Tağıyev eyni zamanda İbrahim Əliyevin yanında uzun müddət həm də balabançılıq etmişdir.

Nəcəf Hüseynov.1905 - 1946

Nəcəf Alı oğlu Hüseynov 1905-ci ildə Tovuzun Əlimərdanlı kəndində anadan olub (Məhərrəm Hüseynlinin "Tovuz aşıqları" kitabında isə 1900-cu ildə anadan olduğu göstərilir).

1928-1929-cu illərdə Aşıq Hüseyn Bozalqanlının şəyirdi olub. 1930-cu ildən kolxozda çalışmaqla yanaşı həm də aşıqlıq edib. İkinci Dünya Müharibəsinin iştirakçısı olub.

Aşıq Nəcəf 1946-cı ildə dünyasını dəyişib.

Mürsəl Atabala oğlu. 1905 -1947

Aşıq Mürsəl Atabala oğlu 1905-ci ildə Göyçayın Bəydövül kəndində anadan olub.

İlk dəfə aşıq sənətinin sirlərini Aşıq Xasməmməddən öyrənib, sonralar isə Aşıq Bilalla yaxınlığı onun kamil sənətkar kimi yetişməsində böyük rol oynayıb.

Aşıq Mürsəl Atabala oğlu 1947-ci ildə vəfat edib.

Soltan Xudaverdiyev. 1905

Soltan İsmayıl oğlu Xudaverdiyev 1905-ci ildə İrəvanın Vedi Səhb kəndində anadan olub.

Naxçıvanda məşhur aşıq kimi tanınıb.

Əhməd İbrahimov. 1905

Əhməd Məmməd oğlu İbrahimov 1905-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

12-13 yaşlarından saz sənəti ilə məşğul olmağa başlayıb. El məclislərində iştirak edib. 1942-ci ildə böyük vətən müharibəsinə gedib və müharibədən qayıtmayıb.

Qurban Sadıqov. 1905 - 1977

Qurban Sadıqov 1905-ci ildə (bəzi mənbələrdə 1912-ci ildə anadan olduğu göstərilir) Salyanın Noxudlu kəndində anadan olub. Ustadı Aşıq Mirzə Bilal olub.

1936-cı ildən həm də şeir yazmağa başlayıb. Aşıqların I Qurultayında iştirak edib.

Aşıq Qurban Sadıqov 1977-ci ildə vəfat edib.

Teymur Qurbanov. 1906 - 1978

Teymur Əli oğlu Qurbanov 1906-cı ildə Gürcüstanda – Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. Tiflisdə pedaqoji texnikumunu bitirərək müəllim kimi fəaliyyət göstərib.

Uşaqlıqdan saza-sözə bağlanıb, aşıq kimi Qaraçöpdə el şənliklərində çıxış edib. Borçalıda və Azərbaycanda məşhur el şairləri ilə deyişib.

Aşıq Teymur 1978-ci ildə vəfat edib.

Əli Rəsulov. 1906 - 1988

Əli Həsən oğlu Rəsulov 1906-cı ildə anadan olub. Onun böyük qardaşı Şişqayalı Rəhim Qərbi Azərbaycanda dövrünün tanınmış aşıqlarından olub.

Aşıq Əli aşıqlığı Qızılvəngli Aşıq Quludan (Aşıq Alının yetirməsi) öyrənib. Zaqatala, Şəki, Qax və Balakən rayonlarında bir çox aşıqların yetişməsində böyük zəhməti olub.

Yuxarı Layiskidən Aşıq Sirac və Aşıq Əhmədiyyə, Göynüklü Aşıq İsmayıl, Aşıq Ziyəddin, Camal Əhmədov, şair Cahangir Dalğın (hər üçü Zaqatala rayonundan) və başqaları onun sənətindən bəhrələnib.

Aşıq Əli 1988-ci ildə vəfat edib.

Cəmil Mehdiyev. 1907

Cəmil İsgəndər oğlu Mehdiyev 1907-ci ildə Gəncənin Bağmanlar kəndində anadan olub.

1915-1923-cü illərdə Bağmanlar məktəbində oxuyub. 1923-cü ildən aşıqlığa başlayıb, 1928-ci ilə kimi öz atasının yanında şəyirdlik edib.

Onun atası da Azərbaycanda tanınan aşıqlardan olub.

Əhməd Qafarov. 1907

Əhməd Qafarov 1907-ci ildə Şəkinin Baş Layiski kəndində anadan olub.

Ötən əsrin 30-cu illərində savadsızlığın ləğvi kursunda oxuyub. Saz çalmağı öyrəndikdən sonra aşıqlıq etməyə başlayıb.

Usrat Əhmədov. 1907

Usrat İsgəndər oğlu Əhmədov 1907-ci ildə Goranboy rayonunda anadan olub.

1932-ci ildən aşıqlıq sənətini öyrənməyə başlayıb, beş il Aşıq Süleymanın şəyirdi olub.

Dəliməmmədli qəsəbəsində yaşayıb, rayonda keçirilən müxtəlif tədbirlərdə aşıq kimi yaxından iştirak edib.

Əli Həsənov. 1907

Əli Əmiraslan oğlu Həsənov 1907-ci ildə Goranboyda anadan olub.

1925-ci ildə aşıqlığa başlayan Əli Həsənov Aşıq Mehralının şəyirdi olub. Qədim aşıq havalarını və xalq dastanlarını mükəmməl bilib.

Rza Qəniyev. 1907 - 1964

Rza Hüseyn oğlu Qəniyev 1907-ci ildə Borçalının Böyük Muğanlı (Qaş Muğanlı da deyirlər) kəndində anadan olub. Uşaqlıqdan saza-sözə bağlanıb, əmisi oğlu Xındı Məmməddən çalıb-oxumağı öyrənib.

1944-1946-cı illərdə şair Ağacana şəyirdlik edib.

Aşıq Rza Qəniyev 1964-cü ildə vəfat edib.

Gülbala Tapdıqov. 1908

Gülbala Laçın oğlu Tapdıqov 1908-ci ildə Qubanın Tüləkəran kəndində anadan olub. Dərbənd aşığı Tahir bəyin şəyirdi olub.

1933-cü ildən başlayaraq müstəqil olaraq aşıqlıq edib.

Əmrah Gülməmmədov. 1908 - 1987

Əmrah Paşa oğlu Gülməmmədov 1908-ci ildə Borçalının Kürüstü Kəpənəkçi kəndində anadan olub. İki il mollaxanada, sonra isə Qarayazıda yeni açılmış yeddiillik məktəbdə təhsil alıb.

Aşıq Əmrah sənətin sirlərini dövrünün tanınmış sənətkarı olan Məsim Bəyazitlidən öyrənib. Professor Qara Namazovun qeyd etdiyi kimi, "saza olan vurğunluq ilk növbədə onu mahir ifaçı edib. Hətta pərdələrə əlavələr edib, bəzi havaları daha da cilalayıb".

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyünün ən fəal iştirakçılarından biri də məhz Aşıq Əmrah olub. O, Azərbaycan Aşıqlarının III (1961) və IV (1984) Qurultaylarında iştirak edib. Ozan–aşıq sənətində Əmrah Gülməmmədovun ən böyük xidmətlərindən biri də sazı təkmilləşdirərək 11 simli etməsidir.

Təkrarsız ifası ilə yaddaşlara hopan Aşıq Əmrah 1987-ci il martın 11-də vəfat edib.

Mikayıl Mansırov. 1908

Mikayıl Alməmməd oğlu Mansırov 1908-ci ildə Goranboylunun Cinli-Boluslu kəndində anadan olub.

1924-cü ildə kəndlərində açılan mətkəbdə dördillik təhsil alıb. 1928-ci ildən aşıqlığa başlayıb, Goranboyda və Gəncəbasar bölgəsində tanınmış aşıqlardan olub.

Həmzə Mehdiyev.1908

Həmzə Qələndər oğlu Mehdiyev 1908-ci ildə Tovuzun Bozalqanlı kəndində anadan olub.

Bir neçə il Bozalqanlı Aşıq Qədirin şəyirdi olduqdan sonra müstəqil aşıqlığa başlayıb.

Qədir Vəliyev. 1908 - 1982

Qədir Zal oğlu Vəliyev 1908-ci ildə Goyçə mahalının Babacan kəndində anadan olub. Atası Zal kişi dövrünün məşhur din xadimlərindən olduğundan Qədir də ərəb-fars dillərini, Quranı mükəmməl öyrənməklə yanaşı, saza-sözə də güclü marağı olub, aşıq sənətini öyrənib. Qısa zaman ərzində bir aşıq kimi onun sorağı Göyçə ilə yanaşı, Qazax, Tovuz, Gəncə, Qarabağ və Borçalı ellərinə də yayılıb.

Aşıq Qədir 1982-ci ildə doğma kəndində vəfat edib.

Şıxlı Məhəmməd. 1908 - 1989

Məhəmməd Rəhim oğlu Qocayev 1908-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olub.

1928-ci ildən aşıqlıq sənətinə başlayan gənc Məhəmmədin ilk ustadı Aşıq Səməd olub. Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub.

1929-cu ildən etibarən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib.

Ötən əsrin 30-cu illərinin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.

Aşıq Məhəmməd 1989-cu ildə vəfat edib.

Müseyib Nəsibov. 1909 - 1995

Müseyib Qasım oğlu Nəsibov 1909-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub. Atası Qasım kişi Göyçənin tanınmış aşıqlarından idi və Müseyib də aşıqlığı ondan öyrənmişdi. Ailə Tovuza köçüb və uzun illər Qovlar kəndində yaşayıblar.

1948-ci ildə Müseyib Nəsibov Gədəbəyə köçərək on il orada yaşayıb, 1958-ci ildə yenidən doğulduğu Cil kəndinə qayıdıb. Müseyib Nəsibov bir aşıq kimi Göyçə ilə yanaşı Azərbaycanda, Borçalıda da tanınıb və sevilib. Klassik aşıq yaradıcılığını mükəmməl bilən Müseyib Nəsibov qardaşı aşıq Əlinin, aşıq Qəhrəman Rüstəmovun, aşıq Şükürün (Göyçə), aşıq Seyid Rzanın (Bala Məzrə), aşıq Əşrəfin ustadı olub.

1988-ci ildə yenidən köçkünlük həyatı yaşamağa məcbur olan aşıq Müseyib Bakıda məskunlaşıb.

O, 1995-ci ildə Bakıda vəfat edib.

Avdı Qaymaqlı. 1909 - 1988

Aşıq Avdı 1909-cu ildə Qazax mahalının İncə dərəsində - Qaymaqlı kəndində anadan olub. Atası İsa kişi və anası Yetər xanım Avdının istedadını görərək onu gənc yaşlarından Borçalı mahalında yaşayıb-yaradan ustad aşıq Sadıq Sultanovun yanına şəyird qoyublar.

Aşıq Avdı öz dövrünün böyük ustadları tərəfindən yüksək qiymətləndirilən "İncəgülü" saz havasını yaradıb. O, Azərbaycan aşıqlarının III Qurultayında iştirak edib. İncə dərəsində saz məktəbi Aşıq Avdının adı ilə bağlıdır.

O, dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.

Avdı Qaymaqlı 1988-ci ildə vəfat edib.

Əlixan Qarayazılı. 1909 - 1998

Əlixan Qurban oğlu Ömərov 1909-cu ildə Gürcüstanda - Qarayazının Kosalı kəndində anadan olub.

Sənətdə ilk müəllimi onun həmyaşıdı, böyük sənətkar Əmrah Gülməmmədovun atası Paşa Gülməmməd oğlu olmuşdur. Sonradan başqa ustad yanında olmasa da, öz üzərində daim çalışdığından kamil bir aşıq kimi yetişmiş, Qarayazı ilə yanaşı Qaraçöpdə, Borçalıda, Qazaxda və digər bölgələrdə də ağır toy məclisləri keçirmiş, bir neçə şəyird yetişdirmişdir.

Aşıq Əlixan Qarayazılı 1998-ci ildə vəfat edib.

Sarı Məmmədov. 1909

Sarı Namaz oğlu Məmmədov 1909-cu ildə Gədəbəyin R.Əliyev kəndində anadan olub.

1931-ci ildən aşıqlığa meyl göstərən Sarı Məmmədov 1934-cü ildə Dəstəfur (Daşkəsən) rayonuna köçüb..

1938-ci ildə keçirilən Aşıqların II Qurultayında iştirak edib.

Bəhlul Niftullayev. 1909

Bəhlul Əmirxan oğlu Niftullayev 1909-cu ildə Naxçıvanın Külüs kəndində anadan olub. Naxçıvanda tanınmış aşıq Əzimin şəyirdi olub.

1938-ci ildə özünün yazdığı tərcümeyi-halda isə göstərir ki, kolxoz tarlalarında, Şahbuz rayonundakı teatrda çıxışları olub.

Musa Məşədi Saleh oğlu. 1909 - 1948

Musa Məşədi Saleh oğlu 1909-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub.

Aşıq Ələsgərin qardaşı oğludur. Qardaşı Növrəs İman kimi erkən yaşlarından saza-sözə bağlanıb, el arasında tanınıb. Hüseyn Cavan bir neçə il onun şəyirdi olub.

Aşıq Musa 1948-ci ildə avtomobil qəzasında həlak olub.

Yusif Yusifov. 1909

Yusif Həsən oğlu Yusifov 1909-cu ildə Tovuzun Azaflı kəndində anadan olub.

1925-ci ildən Qaraçıoğlu İbrahimin (İbrahim Əliyev) şəyirdi olub.

1930-cu ildən müstəqil şəkildə aşıqlığa başlayıb. 1937-ci ildən Gəncədə yaşayıb.

Azərbaycan Aşıqlarının II Qurultayında iştirak edib.

Hümbət Əliyev.1909

Hümbət Aslan oğlu Əliyev 1909-cu ildə Gədəbəyin Rüstəm Əliyev kəndində anadan olub.

1930-cu ildən həmin rayonun Zəhmət kəndində məskunlaşıb.

1932-ci ildən aşıqlıqla məşğul olub.

İslam Fəziyev.1909

İslam Hüseyn oğlu Fəziyev 1909-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub.

1934-cü ildən aşıqlığa başlayıb. Azərbaycan Aşıqlarının II və III Qurultaylarının iştirakçısı olub.

Nəsib Həsənov. 1909 - 1973

Nəsib Həsən oğlu Həsənov 1909-cu ildə Borçalının Faxralı kəndində anadan olub. Borçalıda tanınmış aşıq Həsənin oğludur. Aşıqlığı atasından öyrənib, saz havalarını və dastanları yaxşı bilib.

Məşhur aşıqlar Əmrah Gülməmmədov və Hüseyn Saraclı ilə birlikdə Gürcüstanda keçirilən musiqi olimpiadasında iştirak edib və qalib adını qazanıb. Borçalının bir çox kəndlərində məclislərdə, el şənliklərində iştirak edib. Aşıq Nəsib eyni zamanda şeir də yazıb. Bəzi müxəmməs və təcnislərini Faxralıda aşıqlar bu gün də oxumaqdadırlar.

Nəsib Həsənov 1973-cü ildə vəfat edib.

İbrahim Məmmədov. 1909

İbrahim Əsgər oğlu Məmmədov 1909-cu ildə Gəncədə anadan olub.

1930-cu ildən aşıqlığa başlayıb, Aşıq İslamın şəyirdi olub.

Məhəmməd Mustafayev.1910

Məhəmməd Mustafa oğlu Mustafayev 1910-cu ildə Gədəbəyin Leşkər kəndində anadan olub. İbtidai təhsil alıb. Aşıqlığa meyl göstərib, Gədəbəy və Göyçə aşıq mühitində yetişib.

Məhəmməd Mustafayev Gədəbəyin tanınmış aşıqlarından biri olub.

Şəmil Əliyev.1910

Şəmil İbrahim oğlu Əliyev 1910-cu ildə Şəmkirin Yuxarı Ayıblı kəndində anadan olub.

Dövrünün məşhur aşığı olan İbrahim Əliyevin (Qaraçıoğlu İbrahimin) oğludur. 15 yaşından aşıqlığa həvəsi olub və atasından 6 il bu sənətin sirlərini öyrənib.

İbrahim Tağıyev.1910

İbrahim Həsən oğlu Tağıyev 1910-cu ildə Daşkəsənin Qabaqtəpə kəndində anadan olub.

1933-cü ildən aşıqlığa başlayıb. Göyçə mahalının Bala Mərzə kəndindən aşıq Hüseynin şəyirdi olub. Bir çox dastanları mükəmməl bilib.

 

Niftalı Süleymanov. 1911 - 1976

Niftalı Kərbəlayi İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub.

Beş il Qızılvəngli Aşıq Quluya şəyirdlik edib. Sənətin sirlərini mükəmməl öyrənib, dastanları yaxşı mənimsəyib. Olimpiada və digər tədbirlərdəki çıxışlarına görə dəfələrlə fəxri fərman və başqa mükafatlara layiq görülüb. Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

Aşıq Niftalı 1976-cı ildə dünyasını dəyişib.

Qara Məmmədov. 1911

Qara Qoca oğlu Məmmədov 1911-ci ildə Basarkeçərdə anadan olub. Sonradan Gəncədə yaşayıb.

1932-ci ildən aşıqlığa başlayıb.

Aşıq Əsəd və Aşıq Rəhimə şəyirdlik edib.

Ədhəm Ərəbov. 1912

Ədhəm Aslan oğlu Ərəbov 1912-ci ildə Qazax rayonunun Dağkəsəmən kəndində yoxsul kəndli ailəsində anadan olub.

1927-ci ildə həmin kənddə ibtidai təhsilini başa vurub.

1933-cü ilin dekabr ayından 1940-cı ilin oktyabr ayınadək Aşıq Əsəd Rzayevin yanında şəyird olub.

Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

Həsən Bayramov. 1912

Həsən Cəfər oğlu Bayramov 1912-ci ildə Gəncədə anadan olub.

Aşıq Qara Mövlayev onu öz yanına şəyird götürüb. Həsən Bayramov 10 il onun şəyirdi olub. Aşıq Həsən Azərbaycan Aşıqlarının II Qurultayında iştirak edib, 1933-cü ildə İncəsənət İttifaqının Gəncə şöbəsinə üzv seçilib.

Ağalar Mikayılov. 1913

Aşıq Ağalar Mirzə Bilal oğlu Mikayılov 1913-cü ildə Şamaxının Qəşəd kəndində anadan olub. Uşaqlıqdan atası Aşıq Mirzə Bilaldan aşıql sənətinin sirlərini öyrənməyə başlayıb.

1937-ci ildə atası Sibirə sürgün edildikdən sonra onun sənətini davam etdirib.

Nəcəf Baxşəliyev. 1913 - 1977

Nəcəf Baxşəliyev 1913-cü ildə Dərələyəz mahalının Terp kəndində anadan olub.

1977-ci ildə Şuşa şəhərində vəfat edib.

Məhərrəm Hacıyev. 1913 - 2002

Məhərrəm Məhəmməd oğlu Hacıyev 1913-cü ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub.

1926-1930-cu illərdə həmin kənddə ibtidai təhsil alıb.

1928-ci ildən Göyçəli Aşıq Kazımın və digər aşıqların yanında şəyirdlik edib, saza-sözə sonsuz həvəsini görən əmisi onu Ələsgər ocağına aparıb və o, 7 il Aşıq Talıbdan sənətin sirlərini öyrənib, Növrəs İmanla dostluq edib.

1947-ci ildən Xanlar (indiki Göygöl) rayonunda məskunlaşan Məhərrəm Hacıyev bir aşıq kimi özünəməxsus ifa tərzi və peşəkarlığı ilə seçilib, müxtəlif tədbirlərdə fəal iştirak edərək mükafatlara layiq görülüb. Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

Aşıq İmranın ustadı olub.

Məhərrəm Hacıyev 2002-ci ildə Xanlar (Göygöl) şəhərində vəfat edib.

Məhəmməd Hüseynov. 1913 - 1988

Məhəmməd Hüseynov 1913-cü ildə Tovuzun Əlimərdanlı kəndində anadan olub. Aşıq Nəcəfin kiçik qardaşıdır və onun şəyirdi olub.

Uzun müddət Tovuzun aşıqlar ansamblının üzvü olan Aşıq Məhəmməd Azərbaycan Aşıqlarının IV Qurultayında iştirak edib.

Aşıq Məhəmməd 1988-ci ildə vəfat edib.

Abbasəli Xəlilov. 1913 - 2007

Abbasəli Süleyman oğlu Xəlilov 1913-cü il dekabrın 31-də Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. Ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olub.

1965-ci ildə Aşıq Abbasəli Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçüb.

Aşıq Abbasəli 2007-ci il sentyabrın 30-da Bərdədə vəfat edib.

Bəylər Qədirov. 1914 - 1991

Bəylər Qədirov 1914-cü ildə Salyanın Çuxanlı kəndində anadan olub. Aşıq sənətinin sirlərini əvvəlcə Aşıq Abbasdan, sonra isə Aşıq Şakir və Aşıq Maqsuddan öyrənib.

1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.

Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olan Aşıq Bəylər 1991-ci ildə vəfat edib.

Qurban Fərzəliyev. 1914

Qurban Əli oğlu Fərzəliyev 1914-cü ildə Gəncədə anadan olub.

1930-cu ildən aşıqlıq etməyə başlayıb.

Məhəmmədəli Pünhan. 1914 - 1985

Məhəmmədəli (Pünhan) Sadıq oğlu 1914-cü ildə Göyçə mahalının Babacan kəndində saza-sözə bağlı bir ailədə anadan olub.

Zəmanəsinin böyük ustadı Növrəs İmandan dərs alıb, eyni zamanda Aşıq Kərəm və Aşıq Vəlidən də sazın sirlərini öyrənib.

Pünhan ləqəbi ilə şeirlər yazan Məhəmmədəli Sadıq oğlu 1985-ci ildə Qarayazıda dünyasını dəyişib.

Nabat Cavadova. 1914

Nabat Paşa qızı Cavadova 1914-cü ildə Şərurun Parçı kəndində anadan olub.

1932-ci ildə Aşıq Nabat dayıları ilə birlikdə Bərdə rayonunun Piyadalar kəndinə köçüb. O zamanlar Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu Aşıq Musa da həmin kənddə yaşayırdı. Dayıları onu Aşıq Musaya şəyird verib.

1947-ci ildə Aşıq Nabat Piyadalar kəndində ailə qurub. Elə həmin il Yevlax şəhərinə köçüb və orada yaşayıb.

O, 1973-cü ildə xəstələnib və bacıları onu Şərurun Parçı kəndinə aparıblar. Öz vəsiyyətinə görə Siyaqut kəndində anasının yanında dəfn olunub.

1939-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Dekadasında Səməd Vurğun, Üzeyir Hacıbəyli, Bülbül, Əsəd Rzayev, Mirzə Bayramov, İslam Yusifovla birlikdə Aşıq Nabat da iştirak edib.

Barat Məmişov. 1915 - 1997

Barat Əhməd oğlu Məmişov (Şirvanlı) 1915-ci ildə Şamaxının Cəyirli kəndində anadan olub.

Şirvanlı Aşıq Soltanmurada şəyirdlik edib. Ondan ustad xeyir-duası aldıqdan sonra 1953-cü ildən etibarən müstəqil fəaliyyətə başlayıb.

Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının nümayəndəsi olub. Onun şeirləri dövri mətbuatda dərc olunub. Keçmiş ittifaqın müxtəlif bölgələrində Şirvan aşıqları ilə birlikdə konsertlər verib, müxtəlif mükafatlara layiq görülüb.

Aşıq Barat Məmişov 1997-ci ildə vəfat edib.

Həsən Pərvanə. 1915

Həsən Pərvanə (Həsən Zeynalov) 1915-ci ildə Şəmkirin Otaqçı Təhnəli kəndində anadan olub.

1932-1938-ci illərdə orta məktəbdə oxuyub. 1939-cu ildə Şəmkirin Seyfəli kəndində Aşıq Hüseynin yanında şəyirdliyə başlayıb.

Üç il Şəmkir və Gədəbəy rayonlarında aşıqların bədii rəhbəri olub. Aşıq Həsən Pərvanə aşıqlıqla yanaşı poeziya ilə də məşğul olub, şeir yazıb.

Hüseyn Saraclı. 1916 - 1987

Hüseyn Saraclı (Hüseyn Qurban oğlu Həsənov) 1916-cı ildə Borçalıda – indiki Bolnisi rayonunun Saraclı kəndində anadan olub. İlk dəfə öz kəndlisi Aşıq İsmayılın şagirdi olub, dövrünün azman aşığı Quşçu İbrahimdən bu sənətin sirlərini öyrənib, şair Nəbi və Sarvan Bayram kimi (hər ikisi Borçalının Faxralı kəndindəndir) güclü saz-söz xiridarlarının yanında tam püxtələşərək, kamil el sənətkarına çevrilib.

Aşıq Hüseyn gözəl saz çalıb oxuması və şeir yazması ilə yanaşı, dastan danışmaqda da Azərbaycan aşıq sənətində əvəzsiz bir ustad olub. Aşıq Hüseyn Saraclının ilk kitabı 1993-cü ildə Bakıda "Şeirlər, söyləmələr" adı altında çap olunub.

Aşıq Hüseyn Saraclının sənətdə öz dəsti-xətti ilə seçilən 14 şəyirdi olub. Sonuncu şəyirdi Aşıq-sazbənd Kövrək Muraddır.

Aşıq Hüseyn Saraclı 1987-ci ildə 71 yaşında dünyasını dəyişib. Saraclı orta məktəbinin qarşısında böyük sənətkara abidə qoyulub.

Hüseyn Cavan. 1916 - 1985

Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev) 1916-cı ildə Güney Azərbaycanın Kərmədüz mahalının Ut kəndində anadan olub. Kiçik yaşlarından atasını itirib və anası 1 yaşlı oğlunu da götürüb Quzey Azərbaycana gəlib.

Bir müddət Ağdamın Şərəfxanlı kəndində yaşadıqdan sonra Dəliməmmədliyə köçüblər. Hüseyn nəhayət Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın yanına gəlib və 1937-ci ilədək onun şəyirdi olub.

1946-cı ildən Bakıya qayıdan Hüseyn Cavan bir neçə il M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.

1948-ci ildə Goranboy rayonuna köçüb. Aşıqla yanaşı həm də şair kimi tanınan Hüseyn Cavanın ötən əsrin 60-80-ci illərində bir neçə kitabı nəşr olunub.

Hüseyn Cavan 1985-ci ildə vəfat edib.

Tahir Musayev. 1916

Tahir Musayev 1916-cı ildə Qazaxın Bağanis Ayrım kəndində anadan olub. Aşıq kimi el arasında böyük nüfuz sahibi olub. .

Məsim Səfərov.1917

Məsim İsa oğlu Səfərov 1917-ci ildə Şəmkirin Keçili kəndində anadan olub.

7 illik təhsil alsa da, uşaqlıqdan arzusu olduğu aşıqlıq sənətinin ardınca gedib. Dörd il Məşhur Aşıq İslam Yusifovun şəyirdi olub.

O, Respublika səviyyəli xalq yaradıcılığı festivallarında və müxtəlif incəsənət tədbirlərində iştirak edib. İstedadı layiqincə qiymətrləndirilib.

Aşıq Məsim Səfərov eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Qulammirzə Əfqani. 1917

Qulammirzə Hüseyn oğlu Əfqani 1917-ci ildə Gəncədə anadan olub.

1938-ci ildən aşıqlığa başlayıb. Aşıq Hüseyn Cavanın şəyirdi olub.

Bəhram Alı oğlu. 1918-1991

Aşıq Bəhram Alı oğlu 1918-ci ilin oktyabr ayında Qazax mahalının Daş Salahlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasına daxil olub, Aşıq Bəhramın ilk ustadı Qərbi Azərbaycanın Basarkeçər rayonundan Aşıq Hümbət olub.

Üç il Aşıq Hümbətə şəyirdlik edən Aşıq Bəhram sənətin sirlərinə tam yiyələndikdən sonra aşıqlığa başlayıb.

O, üç il də Aşıq Sadığa qulluq edib. Aşıq Bəhram həm də yaradıcı aşıq olub. Onun çoxlu sayda qoşmaları, divaniləri, təcnisləri var.

Aşıq Bəhram 1991-ci il aprelin 11-də vəfat edib.

Nurəddin Quliyev. 1918

Nurəddin Mebalı oğlu Quliyev 1918-ci ildə Basarkeçərin İnəkdağı kəndində anadan olub.

1934-cü ildən aşıqlığa başlayıb. İsrafil İsmayılov və İslam Yusifovun şəyirdi olub.

Aşıq Sona. 1918 - 1988

Sona Qara qızı Əliyeva 1918-ci ildə Borçalıda-Başkeçidin Hamamlı kəndində anadan olub. Borçalıda adıbəlli zurnaçı Alı Qaranın sayəsində saza-sözə meyli daha da güclənib.

Bu gün çox böyük şöhrət qazanmış "Aşıq Pəri" Məclisinin yaranmasında Narınc Xatunla yanaşı, Aşıq Sonanın da xidmətləri danınmazdır.

Aşıq Sona 1988-ci ildə dünyasını dəyişib.

Oruc Əhmədov. 1920 - 1976

Oruc Vəli oğlu Əhmədov 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində dünyaya gəlib. Atası Vəli kişi də Göyçədə tanınmış aşıqlardan olub. İbtidai məktəb bitirib. Uşaqlıqdan saza-sözə meyl edib, 1929-cu ildə atası vəfat etdikdən sonra onun yolunu davam etdirib. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.

1939-cu ildə müstəqil aşıqlığa başlayıb. Oruc Vəli oğlu Respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib, Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

60-dan çox saz havasını çalmağı bacarıb, bir çox dastanlarımızı mükəmməl bilib.

1953-1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edən aşıq Oruc Vəli oğlu Miskin Vəli və Aşıq Məmmədəli ilə bərabər neçə-neçə məclislər, el şənlikləri keçirib. O, eyni zamanda aşıq şeirinin bir çox şəkillərində şeirlər də qoşub. Aşıq Orucun Şahsuvar və Nurəddin adında iki şəyirdi olub.

1976-cı ildə Gədəbəyin Zəhmət kəndində vəfat edib.

Əbil İsmayılov. 1920 -1994

Əbil Vəliməmməd oğlu İsmayılov 1920-ci ildə Şamaxının Ləngəbiz kəndində anadan olub. Yeddiillik məktəbi bitirdikdən sonra Şamaxı pedaqoji məktəbində oxuyub.

Ötən əsrin 60-cı illərində aşıqlığa meyl edib, aşıq Abbasdan bu sənətin sirlərini öyrənib. Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

Aşıq Əbil 1994-cü ildə vəfat edib.

Əhməd Qəribli. 1921 - 1997

Əhməd Musa oğlu Qəribli 1921-ci ildə Borçalıda – o zamankı Lüksemburq (indiki Bolnisi) rayonunun Saraclı kəndində anadan olub. Sazın sirlərini həmyerlisi Aşıq İsmayıldan öyrənib.

İkinci dünya müharibəsi zamanı cəbhəyə yola düşən Əhməd döyüşlərdə yaralandıqdan sonra vətənə qayıdıb və sənətini davam etdirib.

Aşıq Əhməd 1997-ci ildə vəfat edib.

Əhməd Rüstəmov. 1921 - 2008

Əhməd Ədil oğlu Rüstəmov 1921-ci ildə Kürdəmirin Carlı kəndində dünyaya gəlib.

1930-cu ildə orta məktəbin birinci sinfinə daxil olub və 1940-cı ildə 10-cu sinfi bitirib.

Erkən yaşlarından saza meyl salıb və bu sənətin sirlərini ilk olaraq öz kəndlərindən olan Əli adlı balabançıdan öyrənib.

Əhməd Ədil oğlu Rüstəmov 2008-ci ildə vəfat edib.

İslam Ərdənər. 1921 - 2000

İslam İsə oğlu Ərdənər 1921-ci ildə Türkiyənin Qars vilayətindəki Kümbətli kəndində anadan olub. Onun atası əslən Dağ Borçalının Soyuqbulaq kəndindən olub.

Uşaqlıqdan aşıqlığa böyük həvəsi olan İslam Aşıq Şenniyin oğlu Qasımın yanına gələrək uzun müddət ona şəyirdlik edib.

Tezliklə Qarsda məşhur aşıqlardan biri kimi tanınıb. 1972-ci ildə Borçalının Keşəli kəndində yaşayan bacısı oğlu Qıllözdü Qəmbər Omar oğlunun dəvəti ilə Keşəliyə gələn Aşıq İslam Ərdənər burada Borçalının məşhur aşıqları Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev və digərləri ilə görüşüb.

Aşıq İslam Ərdənər 2000-ci ildə vəfat edib.

Soltanmurad Qubatov. 1922 - 1961

Aşıq Soltanmurad Qubadov 1922-ci ildə Şamaxının Sündi kəndində anadan olub. Aşıqlıq sənətini ilk dəfə Aşıq Nizamdan və balabançı Xanışdan öyrənib. Bir neçə il də Abbas Söhbətovun yanında şəyird olub.

1939-1961-ci illərdə aşıqlıq edən Soltanmurad Şirvan aşıq məktəbinin inkişafında böyük əmək sərf edib.

Aşıq Soltanmurad 1961-ci ildə vəfat edib.

Şakir Hacıyev. 1922 - 1979

Şakir Şahverdi oğlu Hacıyev 1922-ci ildə Şamaxının Xəlilli kəndində anadan olub.

1939-cu ildə orta məktəbi bitirib. Oğlunun məlahətli səsini və aşıq sənətinə böyük həvəsini görən Şahverdi kişi yeddinci sinfi bitirəndən sonra onu Göyçaylı Aşıq Mürsəlin yanına aparıb.

1955-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

1967-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Aşıq Şakir Hacıyev 1979-cu il aprelin 10-da vəfat edib.

 

Mehdi Mehdiyev. 1923

Mehdi Atəş oğlu Mehdiyev 1923-cü ildə Zəngibasar mahalında anadan olub. Burada orta təhsil aldıqdan sonra Naxçıvanda iki illik Müəllimlər İnstitutunu bitirib.

Mehdi Mehdiyev müəllimliklə yanaşı aşıq sənətini də davam etdirib.

Əmir Həsənov. 1923- 1992

Aşıq Əmir (Əmir Muxtar oğlu Həsənov) 1923-cü ildə Borçalıda – o zamankı Lüksemburq (indiki Bolnisi) rayonunun Sarallar kəndində anadan olub.

Üç il öz dövrünün ustad aşıqlarından sayılan Məşədi Söyünə şəyirdlik edib. Sənətdə kamilləşdikdən sonra özünün də bir neçə şəyirdi olub.

Aşıq Əmir 1992-ci ildə dünyasını dəyişib.

Şirsoltan Məhəmməd oğlu. 1924 - 1988

Şirsoltan Məhəmməd oğlu 1924-cü ildə Şamaxının Nabur kəndində anadan olub.

Otuz ilə yaxın Şirvan bölgəsində aşıqlıq edib.

Aşıq Şirsoltan 1988-ci ildə vəfat edib.

Mikayıl Azaflı. 1924 - 1990

Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub.

O, böyük çoşğunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıqlardan idi. O, "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı gəraylısı", "Azaflı himni", "Mikayılı", "Azaflı dağları", "Azaflı bəhri", "Məzahiri", "Azaflı müxəmməsi", "Şah sarayı" kimi saz havaları yaradıb. Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi də təsadüfi deyildi.

İlk dəfə 1954-cü ildə Moskvada festivalda iştirak edib, medallarla təltif olunub. "Qoca Qartal" adlı kitabı 1987-ci ildə çap olunub.

1984-cü ilin mart ayında aşıqların IV qurultayında çıxış edən MşAzaflı Aşıqlar Birliyinin ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Mikayıl Azaflı 1990-cı ildə vəfat edib. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verilib, Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyulub.

Əhmədəli Dostəliyev. 1924 - 1988

Aşıq Əhmədəli Ağalı oğlu Dostəliyev 1924-cü ildə Şamaxının Ərəbşahverdi kəndində anadan olub.

Dörd il aşıq Abbas Söhbətova şəyirdlik etdikdən sonra özü sərbəst olaraq aşıqlıq edib. Əhmədəli Ağalı oğlu çalıb-oxumaqla yanaşı şeir də yazırdı. Şeirlərindən bir neçəsi professor Seyfəddin Qəniyevin "Şirvan aşıqları" kitabında nəşr olunub.

Aşıq Əhmədəli Dostəliyev 1988-ci ildə vəfat edib.

Zeynal Məmmədov. 1924

Zeynal Muxtar oğlu Məmmədov 1924-cü ildə Gəncədə anadan olub.

Gəncə şəhərindəki M.F.Axundov adına 7 saylı orta məktəbə daxil olub, 5-ci sinifdən təhsilini yarımçıq qoyub.

Aşıqlıq sənətində ustadı Qaraçıoğlu İbrahim olub.

İsgəndər Ağbabalı. 1925-1988

İsgəndər Ağbabalı 1925-ci ildə anadan olub. Aşıq Nəsibin şəyirdi olub.

O, təkcə Ağbabada yox, aranlı-dağlı Borçalıda, Azərbaycanda, Dağıstanda və hətta Orta Asiyada da ustad sənətkar kimi tanınırdı. Dastan, qoşma və gəraylılar müəllifidir.

İsgəndər Ağbabalı 1988-ci ildə vəfat edib.

Qəhrəman Süleymanov.1925 - 2004

Qəhrəman Ömər oğlu Süleymanov 1925-ci ildə Dağ Borçalının Qaraqala kəndində anadan olub.

İbtidai təhsilini həmin kənddə alıb, ailəsi ilə birlikdə dədə-baba yurdu Qarayazıya döndükdən sonra isə burada yeddi illik məktəbi bitirib. Sarvan Bayram və Hüseyn Saraclı ilə dostluq edib, onlardan sənətin sirlərini öyrənib.

Aşıq Qəhrəman 2004-cü ildə vəfat edib.

Həsən Dəryahquluyev. 1926 - 1991

Həsən Şəmistan oğlu Dəryahquluyev 1926-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub.

Ustad aşıq Kor Əhmədin şəyirdi olub. Aşıq Həsən Şəmistan oğlu ifaçı və yaradıcı aşıq kimi tanınıb, şeir yazıb. Öz sənətini övladları Həsən, Hüseyn və Kifayətə də öyrədib.

Aşıq Həsən Şəmistan oğlu 1991-ci ildə dünyasını dəyişib.

Mürsəl Məmmədov. 1925 - 2001

Mürsəl Əhməd oğlu Məmmədov 1925-ci il fevralın 20-də Borçalının Faxralı kəndində anadan olub.

Məşhur ustad aşıq Hüseyn Saraclının şəyirdi olub.

Mürsəl Məmmədov 2001-ci il martın 24-də vəfat edib.

Pənah Pənahov. 1926 -1978

Aşıq Pənah Pənahov 1926-cı ildə Salyan şəhərində anadan olub, burada orta məktəbi bitirib. Hələ uşaqlıq illərindən saza mehrini salıb, böyüyəndə isə həyatını bütövlüklə bu sənətə bağlayıb.

O, 1941-ci ildən aşıqlığa başlayıb, 1944-1947-ci illərdə Salyanda fəaliyyət göstərən Dövlət Dram Teatrında çalışıb. Özünün yaratdığı "Kür" aşıqlar ansamblı ilə Azərbaycanı qarış-qarış dolaşıb.

Şirvan aşıq məktəbinin korifey sənətkarlarından olan Aşıq Pənah Pənahov 1978-ci ildə 52 yaşında dünyasını dəyişib. İndiyədək onun "Saz və söz", "Məhəbbətdən danışaq", "Təzə söz", "Təzə mahnı" və "Mənim sazım" adlı kitabları işıq üzü görüb, ona həsr olunmuş "Aşıq Pənah dastanı" kitabı oxucuların ixtiyarına verilib.

Nuru Məmmədov. 1926 - 1995

Nuru Zaman oğlu Məmmədov 1926-cı ildə Gədəbəyin Arıqıran kəndində anadan olub.

1995-ci ildə dünyasını dəyişib.

Süleyman Abdullayev. 1926

Süleyman Mütəllim oğlu Abdullayev 1926-cı ildə Qazıməmməd (Hacıqabul) rayonunun Şamlı kəndində anadan olub. Qazıməmməddə orta məktəbi bitirib. Aşıq Xanmusanın yanında iki il şəyird olub.

 

Binnət Məmmədov.1926

Binnət Hümbət oğlu Məmmədov 1926-cı ildə Goranboyun Balakürd kəndində anadan olub. 1945-ci ildən balabançılığa başlayıb. Balabançı Qulunun şəyirdi olub.

Mirzə Cəfər oğlu. 1926 - 1994

Mirzə Cəfər oğlu 1926-cı ildə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olub.

Aşıq sənətini şirvanlı Aşıq Abbasdan öyrənib. Sonradan Aşıq Barat, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq Ağalar və Aşıq Şərbətlə tanışlığı, yoldaşlığı onun bir sənətkar kimi kamilləşməsində böyük rol oynayıb.

Aşıq Mirzə 1994-cü ildə vəfat edib.

Mustafa Təkəli. 1927 - 2002

Aşıq Mustafa Təkəli 1927-ci ildə Qazaxın Şıxlı kəndində anadan olub. Gənc yaşlarından Borçalının Təkəli kəndinə köçüb. Elə gənc yaşlarından da aşıqlığa başlayıb.

Aşıq Mustafa 2002-ci ildə vəfat edib.

Cəfər Eyvazov. 1927 - 1999

Cəfər Namazəli oğlu Eyvazov 1927-ci ildə Qazax mahalının Maylı kəndində anadan olub.

O, ustad aşıq Əsədin bacısı oğludur. Aşıq sənətinin sirlərini də dayısından öyrənib. 1977-ci ildən Çaylı kənd mədəniyyət evinin bədii rəhbəri olan Aşıq Cəfər Camoy Qurbanovun, Məmmədəli Məşədiyevin və Zülfiyyə Musayevanın müəllimi olub.

Aşıq Cəfər Eyvazov 1999-cu il iyulun 12-də vəfat edib.

Səməd Mehdiyev. 1927 - 1998

Səməd İsgəndər oğlu Mehdiyev 1927-ci ildə Tovuzun Köhnəqala kəndində anadan olub.

Nağı Rzayevə şəyirdlik edib, dastanlarımızın da mahir ifaçısı kimi tanınıb.

Səməd Mehdiyev 1998-ci ildə vəfat edib.

Firuddin Əliyev. 1927 - 1987

Firuddin Qasım oğlu Əliyev 1927-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub, burada kənd orta məktəbini bitirib.

Aşıq Teymur, Aşıq Məsim kimi ustadlardan dərs alan Aşıq Firuddin sazı solaxay çaldığına görə el arasında "Solaxay Firuddin" adıyla geniş şöhrət qazanıb.

Aşıq Firuddin 1987-ci ildə Şəmkir rayonunun Keçili kəndində vəfat edib.

Murad Novruzov. 1928 - 2008

Murad Məcid oğlu Novruzov 1928-ci ildə Qazax mahalının Çaylı kəndində kasıb bir ailədə anadan olub. Uşaq yaşlarından saza-sözə çox meyl göstərib, ustad aşıqların məclislərində iştirak edib, onlardan aşıq yaradıcılığının bütün sirlərini öyrənib.

Təxminən 1939-1940-cı illərdə yerlisi Nəzifə xanımla Bakıda festivalda iştirak edərək birinci yerə layiq görülüblər. M.Novruzov 2008-ci il dekabrın 8-də dünyasını dəyişib.

İmran Həsənov. 1928 - 2000

İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Aşıqlığı əvvəlcə əmisi Aşıq Dünyamalıdan, sonra isə Məhərrəm Hacıyevdən öyrənib.

Zil səsi ilə seçilən İ.Həsənov qısa müddət ərzində istedadlı bir aşıq kimi bütün Azərbaycanda tanınıb. 1856-cı ildə Bakı, 1957-ci ildə Moskva festivallarının laureatı olub. 1967-ci ildə respublikanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının fəal iştirakçılarından olub. Ustad aşıq İmran Həsənov 2000-ci ildə dünyasını dəyişib.

Cəlal Qəhrəmanov. 1928 - 1978

Qazax mahalının ustad aşıqlarından olan Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Kəmərli kəndində ziyalı ailəsində anadan olub, orta təhsilini qonşu Qaymaqlı kəndində alıb. Qaymaqlı ustad Aşıq Avdının məclislərində müntəzəm iştirak edib.

Onun yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi, deyişməsi var. Cəlal Qəhrəmanov 1961-ci ildə Bakıda keçirilmiş Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

O, 1978-ci il avqust ayının 17-də dünyasını dəyişib.

Aslan Aslanov. 1928

Aslan Məmmədhəsən oğlu Aslanov 1928-ci ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub.

1936-cı ildə Köhnəqışlaq ibtidai məktəbinə daxil olub, 1940-cı ildən təhsilini Tatlı orta məktəbində davam etdirib, 1943-cü ildə həmin məktəbdə 7-ci sinfi bitirib. 1946-cı ildə ustad Aşıq Qəhrəmanın yanında şəyirdliyə başlayıb və 1949-cu ilə kimi onun şəyirdi olub, 1956-cı ilədək Aşıq Məmmədyarın şəyirdi olub.

1957-ci ildə Ağstafa rayon Mədəniyyət evində aşıqların bədii rəhbəri olub.

Özünün şəyirdləri də olub. Aslan Aslanov Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı olub.

Əlyar Həsənov. 1929 - 1996

Əlyar Abbas oğlu Həsənov 1929-cu ildə Gürcüstanda – Marneuli rayonunun Mollaoğlu kəndində anadan olub. Uşaqlıqdan saza-sözə böyük həvəsi olub, saz çalmağı öyrənib.

Sonradan Qərbi Azərbaycandakı Allahverdi rayonunun Böyük Ayrım kəndində yaşayan Aşıq Əhmədə şəyirdlik edib.

Aşıq Əlyar 1996-cı ildə dünyasını dəyişib.

Məzahir İsrafilov. 1929 - 1998

Məzahir Zabit oğlu İsrafilov 1929-cu ildə Şamaxıda anadan olub. Onun babası Qulu kişi Şirvan aşıq sənətinin və dastanlarımızın kamil bilicisi olub. Məzahir Zabit oğlu Abbas Söhbətov, Şamil Piriyev və balabançı Əli Kərimovun şəyirdi olub.

1955-ci ildən aşıqlıq edib. Dastanlarımızı bilib. Aşıqların III Qurultayının iştirakçısı olub.

Aşıq Məzahir 1998-ci ildə vəfat edib.

Novruz Şairov. 1929 - 2000

Novruz Süleyman oğlu Şairov 1929-cu il aprelin 24-də Gəncə mahalının Daşkənd kəndində anadan olub, şair Məmmədhüseynin nəticəsidir. Ustadı böyük qardaşı Aşıq Abbasəli olub.

1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda "Mədəniyyət Evi"nin üzvü olub, dəfələrlə radio və televiziyada çıxış edib, 1986-cı ildən 1992-ci ilə qədər Bərdə şəhər 1 saylı Musiqi məktəbində dərs deyib.

O, 2000-ci il noyabrın 3-də Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.

Şahpələng Abdulrəhimov. 1930 - 1990

Şahpələng Şakir oğlu Abdulrəhimov 1930-cu ildə Şamaxının Məlhəm kəndində anadan olub. Atası Aşıq Şakirin sayəsində Şirvanın klassik aşıqlarının repertuarını tam mənimsəyib, bir müddət atasının ansamblında çıxış edib.

Ustad Aşıq Abbasın xeyir-duasından sonra isə müstəqil olaraq aşıqlıq edib. O, eyni zamanda Quba və Dağıstanda da məşhur olub.

Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib.

Aşıq Şahpələng Abdulrəhimov 1990-cı ildə vəfat edib.

Göycə Məmmədov. 1930 - 1996

Göycə Məhəmməd oğlu Məmmədov 1930-cu il aprelin 14-də Borçalının Qaçağan kəndində anadan olub. Sadıq Sultanova şəyirdlik edib. Azərbaycan Aşıqlarının IV Qurultayının iştirakçısı olub.

Aşıq Göycə Qaçağan kəndindəki mədəniyyət evində saz dərnəyi təşkil edib, həmin dərnəkdə 40-a yaxın üzvü ətrafına toplayıb.

Aşıq Göycə 1996-cı il martın 1-də vəfat edib.

Əzizxan Bəndəliyev. 1930 - 1990

Əzizxan Alıxan oğlu Bəndəliyev 1930-cu ildə Ağsu rayonunun Birinci Aratkənd kəndində anadan olub. Hələ orta məktəbdə oxuduğu vaxtlardan aşıq sənətinə meyl edib, 1956-cı ildən sonra müstəqil olaraq el məclislərində çıxış edib, 1963-cü ildə Bakıda keçirilən gənc Aşıqların Respublika Müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb.

1967-ci ildə ailə özfəaliyyət ansamblları respublika festivalının laureatı olub. Bir müddət Ağsu rayonunda mədəniyyət şöbəsində çalışıb.

Aşıq Əzizxan 1990-cu ildə vəfat edib.

Musa Süleymanov. 1931 - 1991

Musa Ağayar oğlu Süleymanov 1931-ci ildə Basarkeçərin Sarıyaqub kəndində anadan olub. Aşıqlıqla yanaşı zurnaçılığı və şairliyi də vardı.

Musa Süleymanov 1991-ci ildə vəfat edib.

Məmmədağa Babayev. 1931 - 1977

Məmmədağa Ağaxan oğlu Babayev 1931-ci ildə Şirvan aşıq mühitinə böyük sənətkarlar bəxş etmiş Şamaxının Cəyirli kəndində anadan olub.

Şirvan aşıq mühitinin görkəmli nümayəndələrindən olan Aşıq Məmmədağa Azərbaycan Aşıqlarının III Qurultayının nümayəndəsi olub, 1974-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib.

Aşıq Məmmədağa Babayev 1977-ci ildə vəfat edib.

Ayaz Zülfüqarov. 1931 - 1982

Ayaz Zülfüqarov 1931-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.

Orta məktəbin 4-cü sinfinə qədər oxuyub, sonra isə peşə məktəbində təhsil alıb və Neft Daşlarında neftçi Qurbanın briqadasında çalışıb.

Aşıq Ayazın ustadı Aşıq Bəhram olub. Aşıq Ayaz saz çalmaqla bərabər saz düzəltməklə də məşğul olub. O, saz düzəltməyi Qazax mahalında kamil sazbənd Məhəmmədəlidən öyrənib.

O, 1982-ci il oktyabrın 21-də dünyasını dəyişib.

Fərhad Soltanov. 1931 - 2007

Fərhad Soltan oğlu Soltanov 1931-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olub.

Hələ 9-10 yaşlarından atası Aşıq Soltanla bərabər məclislərdə çıxış edib. Sonradan Kürdəmirli Aşıq Pirməmməddən bu sənətin sirlərini öyrənib.

Aşıq Fərhad Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı olub. Yaradıcı aşıq olan Fərhad Soltan oğlunun şeirləri rayon və respublika qəzetlərində dərc olunub.

Aşıq Fərhad 2007-ci ildə vəfat edib.

Yəhya Məmmədov. 1931 - 1994

Məmmədov Yəhya 1931-ci ildə Qazax mahalının Qaymaqlı kəndində anadan olub.

O, aşıqlıq sənətinə 1947-ci ildən başlayıb, ustadı Aşıq Avdıdır. Aşıq Yəhya çox məlahətli səsə, yüksək avaza malik olub. Dastan və rəvayətlər danışmaqla məclisi ələ alar, Borçalıda, Gəncədə, Qazaxda el şənliklərini yüksək səviyyədə idarə edərdi.

Aşıq Yəhya 1994-cü ildə vəfat edib.

Mahmud Hacıyev. 1931 - 1996

Mahmud Mustafa oğlu Hacıyev 1931-ci ildə Borçalıda – Başkeçidin Yırğançay kəndində anadan olub.

Orta təhsilini İrəvanda alıb. Gənclik illərindən saza-sözə bağlanıb, "Söngün" təxəllüsü ilə şeirlər yazıb.

Aşıq Mahmud Mustafa oğlu 1996-cı ildə dünyasını dəyişib.

 

Kamandar Əfəndiyev. 1932 - 2000

Kamandar Həmid oğlu Əfəndiyev 1932-ci ildə Borçalıda – Marneuli rayonunun Kürsütü Kəpənəkçi kəndində anadan olub. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad Aşıq Sadıq Sultanovun yanına gətirib.

Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olub, 1961 və 1984-cü illərdə keçirilən Aşıqların III və IV Qurultaylarında iştirak edib. Əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülüb.

O, 1987-ci ildə Tiflisdə keçirilən Beynəlxalq Xalq yaradıcığı festivalında ən mahir musiqiçi kimi laureat olub. Ustadın anadan olmasının 60 və 65 illik yubileyləri Gürcüstanda və Azərbaycanda hökümət səviyyəsində qeyd olunub. Gürcüstan prezidentinin fərmanı ilə anadan olmasının 65 illiyində "Şərəf" ordeninə layiq görülüb.

Anadan olmasının 75 illiyi də Gürcüstanda və Bakıda yüksək səviyyədə qeyd olunub, doğma ocağında ev-muzeyi yaradılıb.

Aşıq Kamandar Əfəndiyev 2000-ci il oktyabrın 26-da vəfat edib.

Qəmkeş Allahverdi. 1932 - 2002

Qəmkeş Allahverdi (Allahverdi Əli oğlu Allahverdiyev) 1932-ci ildə Kəlbəcərin Sapılar kəndində anadan olub. El içində böyük nüfuzu olan atası Əli kişi də saz-söz adamı olub.

Allahverdi 1955-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. Atası onu əvvəlcə Aşıq Şəmşirin, sonra isə Aşıq Ələsgərin yetirməsi olan Ağayarın yanına şəyirdliyə qoyub.

Qəmkeş Allahverdi 2002-ci ildə vəfat edib.

Xanış Zaidov. 1932 - 2010

Xanış Xeyrulla oğlu Zaidov 1932-ci ildə Mərəzə (indiki Qobustan) rayonunun Nabur kəndində anadan olub. Əvvəlcə əmisi Şirsoltandan aşıq sənətinin sirlərini öyrənib, sonra bir neçə il Abbas Söhbətovun şəyirdi olub.

Ötən əsrin 60-cı illərindən artıq Şirvanda bir aşıq kimi ad qazanan Xanış Xeyrulla oğlu həm də şeir yazırdı. Dastan, qoşma və gəraylılar müəllifidir.

Şirvan aşıq məktəbinin layiqli nümayəndələrindən olan Aşıq Xanış 2010-cu ilin avqustunda vəfat edib.

Mikayıl Quliyev. 1932 - 1990

Mikayıl Quliyev 1932-ci ildə Tovuzda anadan olub. Sənətdə ilk dərsini Yusif Yusifovdan alıb.

Klassik xalq dastanlarımızı mükəmməl bilirdi. Peşəkar aşıq kimi neçə-neçə məclislər keçirib.

Aşıq Mikayıl Quliyev 1990-cı ildə vəfat edib.

Yunis Həsənov. 1932 - 1986

Yunis Hüseyn oğlu Həsənov 1932-ci ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub.

Əvvəlcə Yusif Yusifovun şəyirdi olub, sonradan məşhur aşıqlar Əsəd Rzayev və Mirzə Bayramovdan da sənətin sirlərini öyrənib. Tovuz Aşıqlar ansamblının fəal üzvlərindən olan Aşıq Yunis Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı olub.

O, 1986-cı ildə vəfat edib.

Səhrab Feyzi oğlu. 1932 - 1981

Səhrab Feyzi oğlu 1932-ci ildə Şamaxı rayonunun II Çağan kəndində anadan olub.

Aşıqlığı atası Aşıq Feyzidən öyrənib və 1955-ci ildən sərbəst olaraq el şənliklərində çıxış edib.

Aşıq Səhrab 1981-ci ildə vəfat edib.

Əkbər Cəfərov. 1933 - 1990

Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunu Bozalqanlı kəndində anadan olub.

Hələ kiçik yaşlarından məşhur zurnaçı Lələnin, balabançı İbrahimin və digər qüdrətli sənətkarların məclislərində iştirak edib. Mirzə Bayramov, Məhəmməd, Yunis Həsənov və Vəli Qaraxanlı kmi məşhur sənətkarlardan öyrənə-öyrənə ustadlıq mərtəbəsinə yüksələn Aşıq Əkbər Cəfərovun bu sənətdə əsas müəllimi Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.

Bakıda və Moskvada keçirilən festivallarda qızıl medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü. Aşıqlıqla yanaşı, Əkbər Cəfərov həm də gözəl şeirləri ilə sevilirdi. Aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olan Əkbər Cəfərov həm də bir neçə aşıq yetişdirmişdir. Ələsgər Tağıyev, Alxan Niftalıyev, Xalıqverdi Namazov onun şəyirdi olublar.

Aşıq Əkbər Cəfərov 1990-cı ildə vəfat etmişdir.

Murad Niyazlı. 1933

Murad Niyazlı (Murad Babaxan oğlu Həsənov) 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub.

Əvvəlcə bir müddət Aşıq Əsədin, 1954- 1959-cu illərdə onun qardaşı Aşıq Məhəmməd Rzayevin şəyirdi olub. Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də "Muxtar bəy" və digər dastanların yaradıcısı kimi tanınıb.

Uzun müddət Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib. İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub.

Əskinaz Abbasova. 1933 - 1979

Əskinaz Vəli qızı Abbasova Tovuzdandır, 1933-cü ildə anadan olub.

Aşıq Mirzə Bayramova şəyirdlik edib, zil və zənguləli səsi ilə seçilən qadın aşıqlarımızdan olub. Deyilənlərə görə hətta kişi aşıqların belə oxumağa çətinlik çəkdiyi havaları da özünəməxsus məharətlə ifa edərmiş.

Aşıq Əskinaz 1979-cu ildə vəfat edib.

Əlixan Əsgərov. 1933 - 1989

Əlixan Qüdrət oğlu Əsgərov 1933-cü ildə Puşkin (Biləsuvar) rayonunun Ağabalıkənd kəndində anadan olub. 1955-ci ildən müstəqil aşıq kimi fəaliyyətə başlayıb.

Ustad aşıq kimi yetişməsində Aşıq Qurbanxanın və Bəylər Qədirovun böyük əməyi olub.

Aşıq Əlixan Əsgərov 1989-cu ildə vəfat edib.

Əli Adıgözəlov. 1934 - 1985

Əli Aslan oğlu Adıgözəlov 1934-cü ildə Borçalıda – o zamankı Lüksemburq (indiki Bolnisi) rayonunun Dəllər kəndində anadan olub.

Sənətdə ilk müəllimi Aşıq Novruz olub.

Aşıq Əli 1985-ci ildə dünyasını dəyişib.

Əhməd Sadaxlı. 1935 - 2006

Əhməd Sadaxlı (Əhməd Mustafa oğlu Nəbiyev) 1935-ci il martın 2-də Borçalının Sadaxlı kəndində anadan olub.

1959-1960-cı illərdə Seyidqocalı Aşıq Orucun, Aşıq Mehdi Göyçəlinin, bir il isə Sadıq Sultanov və onun qardaşı Məmmədin şəyirdi olub. 1962-ci ildən isə Hüseyn Saraclının şəyirdi olub.

Aşıq Əhməd Sadaxlı 20-dək dastan bilirdi. 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub.1999-cu ildə müstəqil Gürcüstan dövlətinin "Şərəf" medalı ilə təltif olunub.

Əhməd Sadaxlı 2006-cı ildə vəfat edib.

Hacalı Hacıyev. 1935 - 1983

Hacalı Sahibcan oğlu Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub.

Öz kəndlərində 7-illik məktəbi bitirib. Bir neçə il Aşıq Abbas Söhbətovun şəyirdi olub.

O, 1983-cü ildə vəfat edib.

Əlyar Abdullayev. 1935 -1990

Əlyar Abdullayev 1935-ci ildə Tovuz rayonunun Dönükqırıqlı kəndində anadan olub.

Nağı Rzayevə şəyirdlik edib. Tovuz rayon aşıqlar ansamblının üzvü olub, Azərbaycan aşıqlarının IV qurultayında iştirak edib.

Aşıq Əlyar Abdullayev 1990-cı ildə vəfat edib.

Abbas Həsənov. 1935 - 2008

Abbas Qara oğlu Həsənov 1935-ci ildə Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub.

Qaraxanlı Aşıq Vəlinin yanında şəyird olub. 1958-ci ildən Tovuz rayon mədəniyyət evinin üzvü kimi bir sıra tədbirlərdə iştirak edib.

Aşıq Abbas Həsənov 2008-ci ildə vəfat edib.

Sayat. 1936- 1961

Tovuzun ilk qadın aşıqlarından olan Sayat 1936-cı ildə anadan olub. Həyat yoldaşı İbrahim zurna-balabançı idi və onunla birlikdə el şənliklərində çıxış edirdi.

Aşıq Sayat 1961-ci ildə vəfat edib.

Yolçu Məhərrəmov. 1936 -2001

Yolçu Qasım oğlu Məhərrəmov 1936-cı ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Mikayıl Azaflıya şəyirdlik edib. Aşıq Əkbər Cəfərovdan da bəhrələnib.

O, Azərbaycan aşıqlarının III və IV Qurultaylarında iştirak edib.

Aşıq Yolçu Məhərrəmov 2001-ci ildə vəfat edib.

Xalıqverdi Bozalqanlı. 1936

Xalıqverdi Məmmədəli oğlu Namazov 1936-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Aşıqlığı Bozalqanlı Aşıq Hüseyn Dəmirçidən öyrənib.

1967-ci ildə Bakıda və Moskvada keçirilən xalq yaradıcılığı festivallarında iştirak edib.

Rüstəm Mikayılov. 1936 - 2007

Rüstəm Ağacan oğlu Mikayılov 1936-cı ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Aşıq Şərbətə şəyirdlik edib.

1965-1982-ci ildə Ağsu rayon mədəniyyət şöbəsində çalışıb.

Aşıq Rüstəm 2007-ci ildə vəfat edib.

Musa Musayev. 1937 - 1964

Musa İsmayıl oğlu Musayev 1937-ci ildə Borçalının Kürüstü Kəpənəkçi kəndində anadan olub.

Ustad Aşıq Kamandar Əfəndiyevə şəyirdlik edib.

Aşıq Musa Musayev 1964-cü ildə vəfat edib.

Allahyar Nəsibov. 1938 - 2000

Allahyar Mustafa oğlu Nəsibov 1938-ci ildə Borçalıdakı Hacıisəkənddə (Görarxı eli) anadan olub.

1954-1959-cu illərdə ustad Aşıq Xındı Məmmədin şəyirdi olub.

Aşıq Allahyar 2000-ci ildə vəfat edib.

Zəkəriyyə Mehman. 1938 - 1999

Zəkəriyyə Mehman (Zəkəriyyə Mehman oğlu Məmmədov) 1938-ci il martın 27-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.

O, 1968-ci ildə Aşıq Göycənin şəyirdi olub, ondan saz sənətinin sirlərini öyrənib. Yaradıcı aşıq olan Zəkəriyyənin mindən artıq qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs və divaniləri var. Onun həmçinin beş dastanı da var.

Aşıq Zəkəriyyə Mehman 1999-cu ildə vəfat edib.

Nurəddin Qurbanov. 1939 - 2010

Nurəddin Yusif oğlu Qurbanov 1939-cu il yanvarın 5-də Borçalının Qasımlı kəndində anadan olub. Aşıqlığın ilk sirlərini atası Yusif kişidən (o, Dollu Abuzərin şəyirdi olmuşdu) öyrənən Nurəddin Qurbanov 1961-1963-cü illərdə Hüseyn Saraclının şəyirdi olub.

Sonra sərbəst olaraq aşıqlığa başlayıb. Borçalıda ustad aşıq kimi tanınan Nurəddin Qurbanov 1999-cu ildə Gürcüstan prezidentinin fərmanı ilə "Şərəf" medalına layiq görülüb.

Nurəddin Qurbanov 2010-cu ildə vəfat edib.

Hüseyn Piriyev. 1939 - 1996

Hüseyn Talıb oğlu Piriyev 1939-cu ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub.

Ağbulaqlı Aşıq Sarı Abbasəlinin yanında balaban çalan Hüseyn Aşıq İmrandan sazın sirlərini öyrənib, sonradan isə Aşıq Bəhramın şəyirdi olub. Azərbaycan Aşıqlarının IV Qurultayında iştirak edib.

Aşıq Hüseyn Piriyev 1996-cı il dekabrın 29-da vəfat edib.

Nəbi Bayraməliyev. 1939 - 1969

Nəbi Qərib oğlu Bayraməliyev 1939-cu ildə anadan olub. Aşıqlıq sənətinin sirlərini Əhməd Sadaxlıdan öyrənib. Ara-sıra şeir də yazıb.

Aşıq Nəbi Bayraməliyev 1969-cu ildə elektrik cərəyanı vurulması səbəbindən dünyasını dəyişib.

Sədi Ulaşlı. 1940 - 1987

Sədi Ulaşlı (Sədi Oruc oğlu Abdıyev) 1940-cı ildə Borçalının Ulaşlı kəndində anadan olub. Atası Oruc kişi onu aşıq Hüseyn Saraclının yanına şəyird qoyub.

Sonralar Rustavi şəhərində yaşayan Sədi Ulaşlı uzun müddət Hüseyn Saraclı ilə bərabər el məclislərində, müxtəlif tədbirlərdə çıxış edib. Dəfələrlə radio və televiziyada çıxışları olub.

Sədi Ulaşlı 1987-ci ildə vəfat edib.

Bəkir Musayev. 1940 - 2009

Bəkir Oruc oğlu Musayev 1940-cı ildə Borçalının Qasımlı kəndində anadan olub. Sazda çalıb-oxumağı qohumu Sədi Qurbanovdan öyrənib.

1964-1969-cu illərdə Gəncədə pedaqoji institutda oxuduğu vaxtlar da sazdan ayrılmayıb. Pedaqoji fəaliyyətlə yanaşı Borçalının ustad sənətkarlarından bəhrələnməklə bir aşıq kimi də gündən-günə püxtələşib.

Bəkir Musayev 2009-cu ildə vəfat edib.

Qiyas Süleymanov. 1941 - 1998

Qiyas Niftalı oğlu Süleymanov 1941-ci ildə Göyçənin Ardanış kəndində anadan olub. Aşıqlığı atası Aşıq Niftalıdan öyrənib.

1998-ci ildə Sumqayıtda vəfat edib.

Rza Məmmədov. 1944 - 1993

Rza Əlisa oğlu Məmmədov 1944-cü ildə Şamaxı rayonunun Təhlə kəndində anadan olub. Aşıq Şakir, Bəylər Qədirov, Məmmədağa və Abbasdan aşıqlığın sirlərini öyrənib. Azərbaycan Aşıqlarının III və IV Qurultaylarında iştirak edib.

Ötən əsrin 70-ci illərində keçmiş ittifaq miqyasında keçirilən festivallarda laureat olub, Mədəniyyət Nazirliyinin diplom və Fəxri fərmanları ilə təltif olunub. Uzun illər mədəniyyət evində bədii rəhbər kimi fəaliyyət göstərib.

Aşıq Rza 1993-cü ildə vəfat edib.

Dilarə Azaflı. 1947 - 2005

Dilarə Azaflı (Dilarə Mikayıl qızı Zeynalova) 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində məşhur ustad aşıq Mikayıl Azaflının ailəsində dünyaya gəlib.

Saz sənətinin sirlərini atasından öyrənən Dilarə Azaflı həm də şeir yazırdı.

"Aşıq Pəri" məclisinin fəal üzvlərindən idi. Dilarə Azaflı 2005-ci ildə dünyasını dəyişib.

Kərəm İncəli (Nəsibov). 1945

Kərəm İncəli (Kərəm Süleyman oğlu Nəsibov) 1945-ci ildə Qazax diyarının Əlibayramlı kəndində anadan olub. Ustad Kamandar Əfəndiyevin yanında 4 il şəyird olan Kərəm Süleyman oğlu ondan aşıq sənətini mükəmməl öyrənib.

1960-cı illərdən başlayaraq müstəqil aşıqlıq etməyə başlayan Kərəm İncəli məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb, aşıqların IV qurultayının iştirakçısı olub.

O, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, İlham Hacıyev və Akif Manafovun ustadı olub.

Mahmud Niftəliyev. 1947 - 2002

Mahmud Ələsgər oğlu Niftəliyev 1947-ci ildə keçmiş Mərəzə (indiki Qobustan) rayonunun Şıxzərli kəndində anadan olub. Bir müddət Aşıq Şərbətin ansamblında çıxış edib.

1969-cu ildən müstəqil olaraq el məclislərində iştirak edib.

1976-cı ildə gənc aşıqların müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Azərbaycan Aşıqlarının IV Qurultayının nümayəndəsi olub.

Mahmud Niftəliyev 2002-ci ildə doğma kəndində vəfat edib.

Xanlar Məhərrəmov. 1950 - 1998

Xanlar Əhməd oğlu Məhərrəmov 1950-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub.

Hələ uşaqlıqdan saza meyl salan Xanlar Əhməd oğlu sonralar ustad sənətkarlar Mikayıl Azaflı, Əmrah Gülməmmədov və Ədalət Nəsibovdan bu sənətin sirlərini öyrənib və qısa zamanda məşhur ifaçı kimi tanınıb.

Xanlar Məhərrəmov 1998-ci ildə vəfat edib.

Aydın Çobanoğlu. 1951 - 1993

Aşıq Aydın Çobanoğlu (Musayev) 1951-ci il yanvarın 18-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub.

1977-1979-cu illərdə Gənc Aşıqların Respublika müsabiqələrinin qalibi, 1984-cü ildə Polşa Respublikasında keçirilən 11-ci Beynəlxalq Folklor festivalının və 1987-ci ildə 2-ci Ümumittifaq Xalq Yaradıcılığı festivalının laureatı, 1988-ci ildə Leninqradda keçirilən 16-cı "Folklor və gənclik" Ümumittifaq elmi-təcrübi konfransında məruzə ilə çıxış edib. Almaniya, Hindistan, İsvec, Türkiyə, İsvecrə, Orta Asiya və Zaqafqaziya respublikalarında keçirilən festivallarda və qastrol səfərlərində uğurlu konsert proqramları ilə çıxış edib.

1991-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən Aşıqlar festivalından 4 qızıl medalın sahibi kimi vətənə dönüb. "Abşeron" və "Günay" ailə ansambllarını, Respublika Aşıqlar Birliyinin nəznindəki qızlardan ibarət "İncəgülü" aşıqlar ansamblını yaradıb. Aydın Çobanoğlu Hüseyn Arifin vaxtında Aşıqlar Birliyi sədrinin müavini olub.

1993-cü il martın 23-də vəfat edib.





Yuxarı