Muğam sənəti / Muğam və poeziya

Muğam sənəti öz tarixi inkşafında poeziya ilə, şeir növləri və formaları ilə daim sıx əlaqədə və vəhdətdə olmuşdur. Muğamın poeziya ilə əlaqəsi vokal-instrumental dəstgahlarda özünü göstərir. Dəstgah muğamların mətni xanəndələr tərəfindən qəzəllərlə oxunur. Muğamların mətni qəzəllərdən ibarətdir.

Qəzəl Şərqdə ən geniş yayılmış poeziya janrı və şeir formasıdır. Qəzəllər əruz vəznində yazılır. Əruz vəzninin müxtəlif bəhrləri, yəni ritmik-metrik quruluşu vardır. Qəzəllər müxtəlif heca ritm quruluşuna, bəhrlərə və qafiyə quruluşuna malik olurlar. Əruz vəzninin bəhrlərinə misal olaraq rəməl bəhrini, həcəz bəhrini, müstəzad bəhrini və s. göstərmək olar. Onların hər biri müəyyən muğamların ritm quruluşuna uyğun gəlir və müvafiq olaraq oxunurlar.

Muğamların melodiya, ritm quruluşu əruzun bəhrləri ilə sıx bağlı olur. Bu, ilk növbədə qəzəl ilə muğam melodiyasının ritmik və metrik əlaqəsini təmin edir. Hər bir muğam, muğam şöbəsi özünün melodik-ritmik quruluşuna görə müəyyən əruz bəhrinə aid qəzəllə oxunmalıdır. Buna görə də, muğam ifaçılarının qəzəlin forma və quruluşunu, əruzun bəhrlərini, ritm formasını mükəmməl bilmələri, hansı muğamın, hansı muğam şöbə və guşəsinin hansı bəhrlə oxunmasını bilmələri vacibdir.  Lakin muğamla qəzəl yalnız bəhr, ritm əlaqəsində olmur. Muğamla qəzəl bir-birilə həm də bədii-estetik, lirik-emosional bağlılıqda olur. Belə ki, qəzəllərin bədii məzmunu, lirik-fəlsəfi mənası, qəzəllərin obrazlılığı muğamın musiqisinə də təsir göstərir. Muğamın bədii təsiri, emosional məzmunu ilə qəzəlin bədii obraz aləmi, qəzəlin lirik-fəlsəfi mənası bir-birini tamamlamaqla vahid bir bədii tam, bədii təsir dairəsi yaradır.

Məlum olduğu kimi, Şərqdə qəzəllərin məzmunu əsasən sevgi, ilahi eşq, ayrılıq, kədər, aşiqin öz sevgilisindən şikayəti, eşqin insan mənəviyyatını ucaltması, gözəlliyin vəsfi, varlığa və eşqə fəlsəfi münasibət, kamilliyin, yüksək mənəviyyatın və gözəlliyin tərənnümü kimi mövzularla bağlı olur. Bu mövzu və obrazlar muğamda musiqinin obraz, bədii emosional məzmununa da təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, qəzəllərin musiqi ilə, muğamla oxunması  onların lirik-fəlsəfi məzmununun bədii, əqli və emosional cəhətdən qavranılmasına, qəzəlin bədii və fəlsəfi məzmununun şərh olunmasına təsir göstərir.

Zərbi muğamlarda musiqi ilə şeirin əlaqəsinə nəzər etsək, görərik ki, bu muğamlardan Heyratı, Simayi-şəms, Mənsuriyyə, Heydəri qəzəl ilə oxunur. Mani, Heydəri, Arazbarı, Ovşarı və şikəstələr isə bayatılarla oxunur.

Təsniflərdə də musiqi ilə şeir vəhdətdə oxunur. Təsniflərin əksəriyyətinin mətni qəzəllərdən ibarətdir. Heca vəznində olan təsniflərə nadir hallarda rast gəlmək olar. Qəzəllə, poeziya nümunələri ilə oxunduqları üçün muğamlar, zərbi-muğamlar, təsniflər vokal-instrumental və musiqili-poetik janrlar hesab olunur.


 

X

Abbas Səhhət



Mehdizadə Abbas Əliabbas oğlu, (1874-Şamaxı - 1918 - Gəncə) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

 
X

Abbasqulu ağa Bakıxanov


Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi - (21 iyun 1794, Əmircan, Bakı - 1847, Məkkə) - Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.

"Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüslü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlər yazmışdır.

 
X

Bəxtiyar Vahabzadə



Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust 1925, Şəki – 13 fevral 2009, Bakı) - şair, dramaturq, ədəbiyyatşünas. 1945-ci ildən AzərbaycanYazıçılar Birliyinin üzvü olmuşdur. Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, AMEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).

 
X

Əliağa Vahid



İsgəndərov Əliağa Məmmədqulu oğlu (18 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) - Azərbaycan şairi, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (17 iyun 1943).

 
X

Fatma xanım Kəminə



Fatma xanım Kəminə (1841, Şuşa-1898, Şuşa) - Azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır.

Fatma xanım fars dilini də mükəmməl bilmiş və bu dildə də şeirlər yazmışdır. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. Fatma xanım o dövrdə Azərbaycanın ən məşhur 3-5 şairəsindən biri olmuşdur.

 
X

Hacıbaba Hüseynov



Hüseynov Hacıbaba Hüseynəli oğlu (1919, Bakı -1993, Bakı) - Azərbaycan xanəndəsi, qəzəlxan şair, pedaqoq. Azərbaycanın xalq artisti.
Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir. Onun əruz vəznində yazdığı şeirlər və yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

 
X

Həbibi



Həbibi – (1470 və ya 1475-ci il, Ucar, Bərgüşad - 1520, İstanbul, Türkiyə) - Məşhur Azərbaycan şairi.
Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir.

 
X

Xurşidbanu Natəvan



Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa -2 oktyabr 1897, Şuşa) - XIX əsr Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Xeyriyyəçi, messenant və fəal ictimai xadim, Şuşada "Məclisi üns" ədəbi məclisinin yaradıcısı. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur.
Xurşidbanu Natəvan yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.
Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.
Xurşidbanu Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

 
X

İmadəddin Nəsimi



Seyid Əli Seyid Məhəmməd oğlu (1369-cu il, Şamaxı - 1417-ci il, Hələb, Suriya) - Azərbaycan şairi, mütəfəkkir. "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Əsərlərini Azərbaycan, fars və ərəb dillərində yazmışdır.

 
X

Məhəmməd Füzuli



Məhəmməd Süleyman oğlu Füzuli (1494, Kərbala, İraq-1556, Kərbala, İraq) - görkəmli Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır.
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs,tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir.
Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

 
X

Məhəmməd Hadi



Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) - (1879, Şamaxı- 1920, Gəncə) - şair, publisisit. Azərbaycan romantizminin banilərindən biri.

 
X

Mikayıl Müşfiq



İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (5 iyun 1908 — 6 yanvar 1938). Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri.

Müasir Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynamış nadir istedadlı şairlərdəndir. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlamışdır.

İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunmuşdur. M.Müşfiq bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. 1938-ci il 6 yanvarda repressiyaya məruz qalaraq güllələnmişdir.

M.Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və s. şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

 

X

Mirzə Ələkbər Sabir



Ələkbər Zeynalabdin oğlu Tahirzadə (30 may1862, Şamaxı - 12 iyul 1911, Şamaxı). Görkəmli Azərbaycan şairi, satirik, maarifçi. Yardıcılığa qəzəllə başlayan M.Ə.Sabir daha sonra Hop-hop imzası ilə "Molla Nəsrəddin" jurnalında satirik şeirlərini çap etdirmişdir. Onun maarifçilik fəaliyyəti bu gün də dövründə olduğu qədər aktualdır.

 
X

Mirzə Əli Möcüz



Mirzə Əli Hacı Ağa oğlu Möcüz (1873-1934) -Azərbaycan şairi.
M.Ə.Möcüz Cənubi Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik ruhlu, sadə, ana dilində yazan qüvvətli bir xalq şairi olmuşdur. Onun bir sıra şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza yayılmış, şöhrət tapmışdır.

 
X

Molla Pənah Vaqif



Molla Pənah Vaqif (1717-1797) – XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri.
Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şerlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

 
X

Nizami Gəncəvi



Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi (1141, Gəncə-12 mart 1209, Gəncə) - Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir.
Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

 
X

Seyid Əbülqasim Nəbati



Seyid Əbülqasim Nəbati (1812-1873) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi.

Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır.

Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. Şeirlərini həm Azərbaycan türkcəsində, həm də farsca yazmışdır. Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir.

 
X

Seyid Əzim Şirvani



Seyid Əzim Şirvani (9 iyul 1835-1 iyun 1888) - XIX əsr Azərbaycan şairi və maarifpərvəri.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Onun Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi maarifçi və tənqidi-satirik şeirlərə həsr olunub. Şairin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Seyid Əzim Şirvani öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə etmişdir.

 
X

Səməd Vurğun



Səməd Yusif oğlu Vəkilov (21 mart 1906 - 27 may 1956) -görkəmli Azərbaycan şairi, dramaturq, tərçüməçi. Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941,1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956) olmuşdur. Şeir, poema və pyesləri ilə Azərbaycan ədəbiyyatının və teatrının inkişafına böyük təsir göstərmişdir.

 
X

Süleyman Rüstəm



Rüstəmzadə Süleyman Əliabbas oğlu (12 mart 1906-10 iyun 1989)- şair, dramaturq, ictimai xadim, 1934-cü ildən AYİ-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), Stalin mükafatı (1950 Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976).
S.Rüstəm yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. O, heca və əruz vəznlərində yazmış,qəzəl janrına xüsusi meyl göstərmişdir. Onun Cənubi Azərbaycana həsr olunmuş şeirləri milli poeziyamızın ən gözəl nümunələrindəndir.

 
X

Şah İsmayıl Xətai



Şah İsmayıl, I İsmayıl və ya I Şah İsmayıl - Şah İsmayıl Şeyx Heydər oğlu Səfəvi (17 iyul 1487, Ərdəbil - 23 may 1524, Sərab) – Səfəvi təriqətinin rəhbəri (şeyxi) (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı (1501—1524), Klassik Azərbaycan şairi.

Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq Şah İsmayıl Xətai olaraq da tanınır. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl zamanı istifadə olunmuşdur.

İsmayıl özünü 1501-ci ildə şah elan etmişdir. Hakimiyyəti zamanı Azərbaycan, İran, Şərqi Anadolu, İraqi-Əcəmi vahid dövlətdə birləşdirmişdir.

İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, əsərləri iləAzərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun "Nəsihətnamə" məsnəvisi və "Dəhnamə" poeması epik şerin qiymətli nümunələridir.

 





Yuxarı