Elektron kitabxana / İzahlı muğam lüğəti

İzahlı muğam lüğəti

A B C Ç D Ə F G H X İ K Q
L M N O P R S Ş T Ü Y Z  

 

Elə maddi və mənəvi sərvətlər var ki, onlar əsrlərdən bəri cilalanaraq, nəsildən-nəslə keçərək müasir dövrün tükənməz mədəni xəzinəsinə çevrilmişdir. Şərq musiqi professionallığına və şifahi ənənələrə əsaslanan muğam məhz belə bir sənət abidəsidir.

Ənənəvi klassik musiqi mədəniyyətimizin əsas irsini təşkil edən muğam sənəti hər zaman özünəməxsus xüsusiyyətləri, musiqisinin professionallığı, estetik baxımdan mükəmməlliyi, həyatiliyi və dünyəviliyi ilə seçilmişdir. Azərbaycan muğam ifaçılığının əsrlərlə cilalanmış vokal və instrumental ifa texnikası, musiqi təfsirinin səciyyəvi üslub xüsusiyyətləri, milli alətlərimiz tar, kamança, qavalın qovuşuğundan yaranan xüsusi rəng çaları bu sənəti zirvələrə qaldırmışdır. Qədim dövrlərdən muğama xas olan improvizə xüsusiyyəti Şərq mədəniyyətinin bu təkrarolunmaz sərvətini fərqləndirən cəhətlərdən biri olmuşdur.

Hər bir xalqın mədəniyyətinin inkişafı bu mədəniyyətin qayğıkeşliklə qorunmasından çox asılıdır. Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, elmimizin və təhsilimizin inkişafı sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini və qorunub saxlanmasını həmişə mühüm bir vəzifə kimi irəli sürmüş və bu vəzifəyə uyğun olaraq muğam sənətinin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir.

Heydər Əliyev ənənələrini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da muğam sənətinə böyük diqqət və qayğı ilə yanaşaraq bu sənətin dünya səviyyəsində təbliğinə geniş imkan və şərait yaradırlar. Respublikamızda təşkil edilən beynəlxalq musiqi festivalları, vaxtaşırı həyata keçirilən muğam layihələri, o cümlədən “Muğam ensiklopediyası” layihəsi və muğam simpoziumlarının təşkili yaradılan imkan və şəraitin mühüm göstəriciləridir.

İnanırıq ki, «İzahlı muğam lüğəti»ndə muğama aid terminlərin şərhi, XIX-XX əsrlərdə yaşayıb-yaratmış muğam ifaçılarının fotoları və onların səs kolleksiyası muğamsevərlərin böyük marağına səbəb olacaqdır. Qeyd etmək lazımdır ki, son dövrlərdə milli musiqi kulturologiyası sahəsində bizim təqdim etdiyimiz səpkidə, yəni ayrıca çap olunmuş şəkildə muğam lüğəti mövcud deyil. Təqdim olunan layihədə muğam mədəniyyətinin əsas meyarları nəzərə alınmışdır. Layihədə əhəmiyyətli mənbələrdən, o cümlədən dahi bəstəkarımız Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları”, Ə.Bədəlbəylinin “İzahlı monoqrafik lüğət”, A.Əliverdibəyovun “Rəsmli musiqi tarixi” və H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Muğam ensiklopediyası” kimi qiymətli mənbələrdən istifadə olunmuşdur. Layihənin ideyasının əsasını muğamın həm terminoloji izahı, həm də muğamların musiqi təcəssümü təşkil edir. “İzahlı muğam lüğəti”nin hazırlanması Azərbaycan musiqisində terminşünaslıq sahəsində mövcud olan böyük bir boşluğun doldurulmasına doğru yönələn əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilə bilər.

“İzahlı muğam lüğəti”nin əsas məziyyətlərindən biri də burada muğam dünyası haqqında dolğun təsəvvür yaradan mətbu məqalələrin yer alması, muğam terminlərinin Azərbaycan dili ilə yanaşı, ilk dəfə olaraq ingilis dilində izahlarının verilməsidir. Layihənin Azərbaycan və ingilis dillərində həyata keçirilməsi bu lüğətin dünya səviyyəsinə çıxa bilməsinə əlverişli zəmin yaradır.





Yuxarı