Aşıq sənəti
Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlətinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy – düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.
Aşıq sənəti sinkretik xarakter daşıyır. Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirir. Bu cəhətləri özündə cəmləşdirən və şagirdlər tərbiyə edən sənətkarlara “ustad aşıqlar” deyilir.
Sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar üç yerə bölünür:
1.Ustad aşıqlar – sinkretik aşıq saz-söz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirir;
2.İfaçı aşıqlar – qədim saz-söz ənənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan xalqının folklorunun qorunması və inkişafında onların böyük xidmətləri var;
3.Şair aşıqlar – el şairləri, aşıq sənətinin şeir nümunələrini yaradan, xalq şeirinin inkişafında xidməti olan söz ustadlarıdırlar.
Şair aşıqlar şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Bu da həmin şeirlərin ifaçı-aşıqlar tərəfindən çalıb və oxuma yolu ilə yayılmasına imkan yaradır. Aşıq sənətində şifahi şəkildə ənənələrin ötürülməsi əsas cəhətlərdəndir. Aşıqlar məlum əsərləri ifa etməklə kifayətlənməyərək, eyni zamanda, ona yeni cəhətlər gətirir, onu təkmilləşdirir, beləliklə də onun yaradıcılarından birinə çevrilir. Aşıq yaradıcılığının əsas janrları – dastanlar və aşıq havalarıdır.
Aşıq sənəti peşəkar sənət növü olub, ustad aşıqlardan şagirdlərinə şifahi mənimsəmə yolu ilə nəsildən-nəslə ötürülür. Bu yolla müxtəlif ərazilərdə aşıq məktəbləri formalaşmış, aşıq mühitləri yaranmışdır. Göyçə, Borçalı, Təbriz, Urmiya, Tovuz-Qazax, Gədəbəy, Şirvan aşıq məktəbləri öz qədim ənənələrini nəsildən-nəslə ötürərək, bu günümüzə çatdırmışlar. Aşıq və muğam sənətləri arasında üzvi bağlılıq özünü büruzə verir. Tarixi inkişaf prosesində bu iki sənət qarşılıqlı əlaqədə olmuş, biri-digərinə təsir göstərmişdir. Aşıqların oxuduqları havalarda muğamlardan istifadə olunması, eyni zamanda, xanəndələrin repertuarına aşıq havalarının daxil edilməsi, aşıq havaları əsasında zərbi-muğam janrının meydana gəlməsi bu iki sənət arasındakı qarşılıqlı əlaqələrin dərinliyini sübut edir.
Çox vaxt aşıqlar deyişmə yarışı qurur. Onlar bir – birinə tapmaca deyir. Cavabın mütləq eyni şeir formasında və eyni hava üstündə oxunması vacib şərtdir. Aşıqlardan biri bu qaydaya riayət edə bilmədikdə məğlub olunmuş hesab olunur və sazını qalib gəlmiş aşığa verir.
Hazırda aşıqlar tərəfindən yaradılmış 70-dən artıq ənənəvi saz havaları var. Məsələn, “Qəhrəmani”, “Gəraylı”, “Gözəlləmə”, “Misri”, Koroğlu”, “Müxəmməs”, “Urfani”, “Ovşarı”, “Dilqəmi”, “Cəlili” və s.
Aşıq sənətinin böyük yaradıcılıq kamilliyini göstərən güclü tərəflərindən biri də dastan yaradıcılığıdır. Dastan çoxhissəli ədəbi – musiqi əsəridir. Dastanın məzmunu nağıl şəklində ifadə olunur, qəhrəmanların monoloqları mahnı epizodları ilə verilir. Bunlardan qəhrəmani xarakter daşıyan “Dədə Qorqud”, “Qara Məlik”, “Koroğlu”, “Səttərxan”, “Qaçaq Nəbi”, lirik – romantik xarkter daşıyan “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm” dastanlarını misal göstərmək olar.