Muğam sənətinin mənimsənilməsində və gələcək nəslə ötürülməsində səsyazıları böyük rol oynayır. Müxtəlif illərə aid və müxtəlif ifaçılıq təfsirini əks etdirən səsyazıları muğam sənətinin inkişaf tarixini izləməyə imkan verir.
Bu ənənə bu gün də davam etdirilir. Belə ki, muğam ifaçılarının çıxışları müasir texniki vasitələrlə audio, video kassetlərə yazılır, İnternet səhifələrinə daxil edilir. Bütün bunlar muğam ifaçılarının auditoriyasını genişləndirir, dünya xalqları arasında Azərbaycan muğam sənətinin pərəstişkarlarının sayını artırır.
1971-ci ildə “Şərqin Musiqi Antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkası YUNESKO tərəfindən 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin kolleksiyası”na daxil edilmişdir. Bununla yanaşı, Bəhram Mansurovun ifasından yazılmış səkkiz muğamdan ibarət vallar “Şərq musiqisi” və “Musiqi atlası” seriyasından buraxılan iki albomun əsasını təşkil etmişdir.
Bütün bunlardan əlavə, Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin Qızıl Fondunda illər boyu muğam ifaçılarının lent yazıları və səs yazıları toplanılmışdır ki, onlar mütəmadi olaraq ekranda və efirdə səsləndirilir. Bu fond bu gün də yeni çəkilişlərlə zənginləşir ki, bu da həm muğam irsinin qorunmasına xidmət edir, həm də gənc musiqiçilər nəslinə sənətkarlıq ənənələrinin aşılanması üçün bir mənbə rolunu oynayır.
Əlamətdardır ki, XX əsrdə meydana gəlmiş səsyazılarının əksəriyyəti Heydər Əliyev Fondu tərəfindən yaradılmış “Muğam ensiklopediyası”nda öz əksini tapmışdır, bu da muğamın inkişafı və dünyada təbliği baxımından böyük əhəmiyyətə malikdir.
“Muğam ensiklopediyası”na daxil edilmiş beş CD albom - I.Qarabağ xanəndələri; II.Muğam dəstgahları; III.Gənc xanəndələr; IV.Ustad xanəndələr-I (kişi xanəndələr); V.Ustad xanəndələr-II (qadın xanəndələr) muğam sənətinin XX əsr boyu tarixi inkişaf yolunu izləməyə imkan verir.
Heydər Əliyev Fondunun hazırladığı sonuncu nəşrlərdən biri “Azərbaycan muğamı” adlı interaktiv audiovizual sistemlərdən ibarət nəşrdir (2009) ki, bu da səkkiz diski özündə cəmləşdirir. Muğam ifaçılarının səsyazılarının qorunması baxımından bütün bunlar çox əhəmiyyətlidir.