Musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Azərbaycanın xalq musiqi alətləri çox qədim və zəngin bir tarixə malikdir. Xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izini daşıyır. Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub. Qobustandakı qavaldaşı, Mingəçevirdə tapılmış balabana oxşar musiqi aləti bu fikri təsdiq edir. Azərbaycan xalqı lap qədim zamanlardan hələ zəngin musiqi mədəniyyətinə malik müxtəlif növ musiqi alətləri yaratmışdır. Azərbaycan xalq çalğı alətlərinin ən qədimi Qobustanda “qaval çalan daş” hesab olunur. Bu qayanı əl və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır.
Musiqi alətləri haqqında məlumatlar Azərbaycan klassiklərinin əsərlərində, Azərbaycan ədəbiyyatında, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşmişdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır.
Qədim alətşünaslıq mədəniyyəti haqqında məlumat orta əsr musiqi nəzəriyyəçilərinin, o cümlədən, orta əsr musiqi elminin inkişafında əsas yer tutan Səfiəddin Urməvi (XIII əsr) və Əbdülqadir Marağainin (XIV-XV əsrlər) əsərlərində verilir. Burada bu və ya digər musiqi alətlərinin quruluşu, səs düzümü, simlərinin sayı, diapazonu və sair xüsusiyyətləri haqqında ümumi təsəvvür yaradan məlumatlar toplanmışdır.
XVII, XVIII, XIX əsrlərdə Azərbaycanda mövcud olmuş musiqi alətləri barədə məlumatı Adam Olearinin, Engelbert Kempferin, Aleksandr Dümanın, Övliyə Çələbinin və başqalarının yol qeydləri və xatirələrindən əldə etmək olar. XIX əsrdə Azərbaycanda olarkən Şirvan musiqi məclislərini təsvir etmiş tanınmış rus rəssamı Q.Qaqarinin əsərləri bu sahədə parlaq təsəvvür yaradır.
Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdı. “Kitabi-Dədə-Qorqud” dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları çəkilmişdir. Orta əsrlərdən bəri Azərbaycanda kamança, qopuz, rübab, cəng, səntur, qanun, şeypur, ərcənum (nəfəsli), təbil, nağara, dəf, dümbək (zərb) kimi musiqi alətlərindən geniş istifadə edilməkdədir.
Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür:
Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s.
Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s.
Şərti olarag «çağdaş» adlandırılan alətlər: qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqar və s.
Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar. Lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır.
Çağdaşlarımız tərəfindən icad edilən alətlər sırasanda sinəud, zülfar, dilrüba, əsa nej, neyvari və s. adını çəkmək olar.
Xalq musiqi alətləri səsləndirmə və quruluşuna görə simli, nəfəsli və zərb alətlərinə bölünür:
Simlilər – tar, saz, kamança, qanun, ud, tənbur;
Nəfəslə çalınanlar – balaban, tütək, zurna, ney, tulum;
Dərililər (zərb alətləri) – nağara, qaval, qoşanağara, dümbək;
Özüsəslənənlər – şaxşax, kaman və laqqutu.
Zərb alətlər- qaval (iç səthi), qaval (bayır səthi), qoşanağara
Ulnudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, onların həm tarixi, həm ifa məziyyətləri baxımından tədqiqi tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək üçün çox vacibdir. Bakı Musiqi Akademiyasının nəzdində yaradılmış "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyası 1991-ci ildən fəaliyyət göstərir.
Burada qədim musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətləri yenidən bərpa edilərək səsləndirilir.