Muğam sənəti / Diskoqrafiya

XX əsrin əvvəllərində yaranmış xanəndələrin qrammofon valları onların repertuarları haqqında daha dəqiq məlumatları cəmləşdirən qiymətli mənbədir. Həmin vallar hal-hazırda arxivlərdə qorunub saxlanılır. Azərbaycan Dövlət Səs Yazıları arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qrammofon vallarının böyük bir kataloqu vardır. Həmin arxiv fondlarında saxlanılan qədim qrammofon vallarının bir hissəsi “Musiqi Dünyası” jurnalının əməkdaşları tərəfindən bərpa olunmuş və “Azərbaycan diskoqrafiyası” veb-saytında yerləşdirilmişdir ki, bu da dünyanın istənilən yerində internet istifadəçilərinə Azərbaycan muğam sənətini tanıdaraq, milli musiqi mədəniyyətimizin təbliğində böyük rol oynayır. “Azərbaycan diskoqrafiyası (1900-1940)” internet saytında qrammofon vallarının çox böyük həcmdə informasiyanı əhatə edən kataloqu da verilmişdir.

Azərbaycan xanəndələrinin qrammofon vallarında səsyazılarının ilk nümunələri 1906-cı ilə aiddir. Xüsusilə 1906-1916-cı illər ərzində “Qrammofon”, “Pate”, “Sport- Rekord”, “Ekstrafon”, “Nogin zavodu” və başqa səsyazma firmaları məşhur Azərbaycan xanəndələrinin səslərini vala köçürmüşlər.

Şərq musiqisi tarixində ilk dəfə səsi qrammofon valına yazılmış xanəndə Cabbar Qaryağdıoğlu olmuşdur. Cabbar Qaryağdıoğlunun oxuduğu muğamlar - “Rast”, “Segah Zabul”, “Mirzə Hüseyn  Segahı”, “Yetim Segah”, “Mahur”, “Bayatı-Şiraz”, “Şüştər”, “Qatar”, “Dügah”, “Bayatı-Qacar”, “Bayatı-Kürd”, “Kürdü Şahnaz”, “Sarənc”, “Manəndi-müxalif”, “Çoban Bayatı”, “Əraq”; zərbi-muğamlar: “Heyratı”, “Osmani”, “Ovşarı”, “Arazbarı”, “Səmayi-Şəms”, “Şikəstə”, “Mənsuriyyə”, “Qarabağ Şikəstəsi” qrammofon vallarında öz əksini tapmışdır.

Ondan sonra Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Məcid Behbudov, Qasım Abdullayev, Seyid Şuşinski və bir çox başqa xanəndələrin səsi qrammofon vallarına yazılmışdır. Bütün xanəndələri tarzən və kamançaçıdan ibarət sazəndə dəstəsi müşayiət etmişdir.

İlk qrammofon vallarının xronometrajı çox kiçik, yəni cəmi 2- 3 dəqiqəlik idi. Buna görə də bu vaxt ərzində xanəndə ya bir muğam şöbəsi, ya da bir təsnif ifa edə bilirdi. Bu səbəbdən xanəndələr təsnif və xalq mahnılarının ifasına üstünlük verirdilər, çünki bu zaman təsnifin əvvəlində və ya axırında kiçik bir muğam parçasını oxumaq mümkün olurdu.

Qrammofon vallarının kütləvi tirajla buraxılışı XX əsrin II yarısından daha geniş vüsət almışdır. Bu iş bu gün də davam etdirilir. Belə ki, muğam ifaçılarının çıxışları müasir texniki vasitələrlə CD, audio-video kassetlərə yazılır, internet səhifələrinə daxil edilir.

Bu baxımdan Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası” - “Azərbaycan xanəndələri”, “Azərbaycan muğamı” kimi CD və DVD disklərdən ibarət albomlar əlamətdardır. Həmçinin, “Azərbaycan diskoqrafiyası” (1900-1940-cı illər), “Muğam ensiklopediyası” kimi internet saytları diqqətəlayiqdir.

Bütun bunlar, şübhəsiz ki, Azərbaycan muğamının dünyada tanınmasında mühüm rol oynayır. Əlbəttə ki, Azərbaycan xanəndələrinin yaradıcılığının səsyazıları vasitəsilə öyrənilməsi musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir.

Şifahi ənənəli xalq və professional musiqinin araşdırılmasında səsyazılarının və not yazılarının böyük əhəmiyyəti vardır.

 

 

EXTRAPHONE

MUZTREST

PATE

PREMIER RECORD

GRAMPLASTTREST

GRAMOPHONE

SPORT-RECORD

 





Yuxarı