Muğam sənəti / Muğam və poeziya / Seyid Əbülqasim Nəbati. "Nədən ol büti-pərivəş"

Seyid Əbülqasim Nəbati. "Nədən ol büti-pərivəş"
Nədən ol büti-pərivəş bir bu yanə gəlməz,
Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?

Nə qılım, edim nə çarə o nigari-nazəninə,
Boyanıb cahan sözündən, özü bir əyanə gəlməz.

Başına dönüm, dolanım, o boyun bəlasın alım,
Niyə türki-çeşmi-məstin oxu bu nişanə gəlməz?

Döşənib əbir zülfün nə xub al yanağın üzrə,
Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz?

Ləbi-ləli-ruhbəxşin gələ gər tərəhhüm üstə,
Dirilir bu xəstə, billah, demə kim, bu canə gəlməz.

Demə çox gözəldi Leyla, nəçidir uzun Züleyxa,
Belə dilbəri füsunkar dəxi bu cahanə gəlməz.

Mən onun qadasın allam, mən onun fədası ollam,
O nədir ki, yoxdu sanı, o bu sözdü, sanə gəlməz.

Desə gündə əlli min yol bu sözü əgər zəbanım,
Genə der ki, bir də söylə, yorulub əmanə gəlməz.

Məni çox da mən qılma bu fəğanü hay-hudən,
Od içində bəs üzərlik nə qılar, fəğanə gəlməz?

Çağırın Hüseyn Balanı, oxusun bir xoş kəlamı,
Ələ bir də dəxi, billah, belə xoş zəmanə gəlməz.

Sənə dərdi-hicri yeksər edərəm hekayət, amma,
Qələm əldə sız-sızıldar ki, bu söz bəyanə gəlməz.

Hanı bəs, görən nə oldu, məni dərdü qəm tükətdi,
Niyə gəlmədi, yubandı, nə edib bəhanə, gəlməz?

Basar it hayana getdi, hanı fışqırıq sədası,
Nə gəlibdi Xançobanə ki, bu qış Muğanə gəlməz?

Bu sözü bəyənməsin qoy o rəqibi-nəhsü məşum,
Belə ləlü dürri-məknun, elə çal qabanə gəlməz.

Gücinən deyil, əzizim, bu şəhabi-eşqdir, eşq
Ki, o bərqi-nəxli-iymən hər odun yığanə gəlməz.

Qələmi-şikəstə qədlə sözü rəşki-dürri-nab etmə,
Ələ dəxi bir də, billah, belə xoş fəsanə gəlməz.

Keçər ərşi-kibriyadən təfi-bərqi-ahi-aşiq,
Alışar, yanar və lakin gözə bir zəbanə gəlməz.

Səri-kuyi-yarə getmiş genə qan üçün Nəbati,
O bəlalı aşiq indi batıb al qanə, gəlməz.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 

(VIDEO)
Loading the player...

 

İfa edir: Alim Qasımov
Loading the player...

 





Yuxarı