KAMANÇA İFAÇILARI
Abasəliyev Ağacəbrayıl Ağa Saleh oğlu. (1955)
Kamança ifaçısı. Azərbaycanın əməkdar artisti.
İlk musiqi təhsilini 6 nömrəli musiqi məktəbində, Əməkdar artist Elman Bədəlovun sinfində almışdır. Daha sonra Azərbaycan Dövlət Musiqi məktəbini və Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasının iki fakültəsini - Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist ixtisasları üzrə bitirmişdir.
1965-ci ildə məktəblilər arasında Respublika Festivalının, 1972-ci ildə Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclər festivalının laureatı olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. Uzun illər Muğam teatrında ansamblın bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
A.Abasəliyev eyni zamanda pedaqoji fəaliyyət göstərir, Azərbaycan Milli Konservatoriyasında dərs deyir.
Bakıxanov Tələt Soltan oğlu. (13.06.1927, Bakı – 2000, Bakı)
Kamança ifaçısı. Azərbaycanın əməkdar artisti (1975). Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində (1947-1949) kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır.
1947-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə “Segah” instrumental muğamının ən gözəl ifaçılarından biri kimi tanınmışdır. T.Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur.
1978-ci və illərdə Səmərqənddə keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarının iştirakçısı olmuş, B.Mansurov, C.Əkbərov, A.Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
T.Bakıxanov 1988-ci ildən Bülbül ad. Orta İxtisas Musiqi Məktəbində çalışmışdır.
Bədəlov Elman Kərim oğlu. (04.06.1929, Ağdam r-nu - 25.06.1991, Bakı)
Kamança ifaçısı. Azərbaycanın əməkdar artisti (1982). Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamança alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında, konsertlərdə çıxış etmiş, Azərbaycan gənclərinin II festivalının laureatı olmuşdur (1957).
Bununla yanaşı, Ağdam Pedaqoji Məktəbində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951). Professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.
1958-ci ildən ömrünün sonuna kimi AzTV-nin S.Rüstəmov ad. xalq çalğı alətləri orkestrinin solisti və kamança qrupunun konsertmeysteri olmuşdur. E.Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox xarici ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında olmuşdur.
E.Bədəlovun ifasında “Şur”, “Segah”, “Şüştər”, “Rəhab”, “Humayun”, “Bayatı-Şiraz”, “Rast” və b. instrumental muğamlar AzTV-nin fondunda saxlanılır. E.Bədəlov pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bülbül ad. Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.
Dadaşov Fəxrəddin. (26.09.1950, Bakı)
Kamança ifaçısı. Azərbaycanın xalq artisti (2005). 1972-1977-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində Tələt Bakıxanovun sinfində təhsil almış, Azərbaycan Dövlət Konservatoriyasında Ramiz Mirişlinin sinfini bitirmişdir.
1966-ci ildən bu günə kimi Ə. Bakıxanov adına xalq çalğı alətləri ansamblının konsertmeysteridir.
1989-cu ildən C.Qaryağdı oğlu adına muğam üçlüyünün üzvüdür. Dünyanın 50-ə yaxın xarici ölkəsində qastrol səfərində olub. 1970-ci ildən bugünədək Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
1988,1998-ci illərdə Beynəlxalq folklor festivalının laureatı adının qazanmış, gümüş medalla təltif olunmuşdur (Fransada). Xarici ölkələrdə diskləri çıxıb. AzTV-nin fondunda onun ifasında “Mahur Hindi”, "Şüştər", "Çahargah", "Bayatı-Şiraz", "Rahab", "Vilayəti-Dilkəş", "Şur" muğamlarının lent yazıları saxlanılır.
Eyvazova Şəfiqə Alxas qızı. (09.03.1947, Bakı)
Kamança ifaçısı. Azərbaycan xalq artisti (2000). 1962-1966-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində (ADMM), 1966–1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (ADK) təhsil alıb.
Azərbaycan Respublikasında ilk qadın solist kamança ifaçısıdır. 1970-ci ildə Voronej şəhərində, 1973-cü ildə Berlində keçirilən festivalların qalibi olmuşdur. Ş.Eyvazova 2003-cü ildə Türkiyənin «Tekfen-Kara Dəniz» simfonik orkestrinin solisti olmuşdur. Ş.Eyvazovanın ifasında «Şur», «Şüştər», «Rahab» və bir çox muğamların lent yazıları AzTV-nin fondunda saxlanılır.
1967-ci ildən ADMM-də, ADK-da müəllim kimi çalışmışdır, hazırda Azərbaycan Milli Konservatoriyasının professorudur.
Əhmədov Elnur Oruc oğlu. (1977)
Kamança ifaçısı. Azərbaycanın əməkdar artisti (2007) 1994-cü ildə Azərbaycan Dövlət Musiqi Məktəbini, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasını bakalavr və magistr dərəcəsi üzrə bitirmişdir.
2001-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində çalışır. Hazırda yüksək dərəcəli orkestr artistidir. "Leyli və Məcnun" və "Aşıq Qərib" operalarında solistləri yüksək professionallıqla müşaiət edir.
E.Əhmədov kaman ustası kimi həm də bir çox görkəmli sənətçilərlə birgə muğam üçlüyünün tərkibində çıxış edir. Milli musiqi və muğam sənətimizi dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etmişdir.
E.Əhmədov eyni zamanda Azərbaycan Milli konservatoriyası və Milli Konservatoriyanın tərkibindəki Musiqi kollecində müəllim kimi çalışır.
Əliyev Habil Mustafa oğlu. (28.05.1927, Ağdaş - 08.09.2015, Bakı)
Kamança ifaçısı. Xalq artisti (1978). 1997-ci ildə “Şöhrət” 2007-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Ağdaş rayonu pedaqoji məktəbində oxumuş və eyni zamanda Ağdaş dram teatrında işləmişdir.
1952-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almış, təhsil müddətində Azərbaycan Dövlət Filarmoniyasına qəbul edilmiş, bir çox görkəmli xanəndələri - S.Şuşinski, X.Şuşinski, F.Mehrəliyeva, Ş.Ələkbərova və b. müşayiət etmişdir.
Eyni zamanda, solist kimi fəaliyyət göstərərək, instrumental muğam ifaçılığını zənginləşdirmişdir. Onun ifasında bir sıra muğamların səsyazısı AzTV-nin fondunda saxlanılır. H.Əliyevin xüsusi bir şövqlə ifa edərək yaratdığı “Segah” muğamını çox zaman “Habil Segah” adlandırırlar. Muğam ustadının ifasından ilhamlanan bəstəkar F.Əlizadənin yazdığı “Habilsayağı” əsərində H.Əliyevin muğam ifaçılığı üslubu canlandırılır. H.Əliyev 15-dən artıq mahnının müəllifidir.
O, 1958-ci ildən solist və müşayətçi kimi xarici ölkələrə səfər etmişdir: H.Əliyevin Fransada, İtaliyada, ABŞ-da, Yaponiyada Azərbaycan xalq mahnılarından və muğamlarından ibarət diskləri çıxmışdır.
Əlizadə Firuz Məmməd oğlu. (09.01.1923,Bakı - 05.11.1987,Bakı)
Kamança ifaçısı. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almış, Ə.Bakıxanovun tələbəsi olmuşdur.
1940-cı illərdə Ə.Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında fəaliyyət göstərmiş, eyni zamanda, Azərbaycan Dövlət Musiqi Məktəbində müəllim kimi çalışaraq, istedadlı musiqiçilər yetişdirmişdir.
F.Əlizadə həm də Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş və tanınmış həkim olmuşdur.
Mansurov Elşən Məmməd oğlu. (1962)
Kamança ifaçısı. Azərbaycan Əməkdar Artisti (2007). Musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında A.Abasəliyevin kamança sinfində təhsil almışdır (1985-1990).
1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1989-1997-ci illərdə xanəndə Alim Qasımovla birlikdə çalışmışdır.
2000-ci ildə uşaqlardan ibarət "Azəri" muğam qrupunu yaratmışdır. 2002-ci ildən Hollandiyada fəaliyyət göstərən Ümumdünya "Atlas" ansamblının üzvüdür. 2004-2006-cı illərdə "Azəri" muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə N.Teymurovanın "Xarı Bülbül" muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində "Expo-2005"-də iştirak etmişdir.
2000-ci ildən Azərbaycan Milli Konservatoriyasında kamança sənətinin sirlərini öyrədir.
Mirzə Səttar. (1844, Ərdəbil - ..., Bakı)
Kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində gözəl çalmış, muğamları pəstdən məlahətli səslə oxumuş, muğam bilicisi olmuşdur.
1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir. Bakıda bir çox sənət adamları Mirzə Səttardan bəhrələnmişlər.
Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc ondan muğamların sirlərini öyrənərək püxtələşmişlər.
Salahov Qılman Balaməmməd oğlu. (1906,Bakı - 1974,Bakı)
Kamança ifaçısı, dirijor. Azərbaycanın əməkdar incəsənət xadimi (1940). Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində kamança sinfində oxumuşdur (1922-1926).
1939-cu ildə Moskvada xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1931-ci ildə Ü.Hacıbəylinin dəvəti ilə Azərbaycan xalq çalğı alətləri orkestrində işləmişdir.
1938-1964-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Bir sıra mahnı və rəqslərinin müəllifidir.
Şərifov Munis Məhəmməd İsmayıl oğlu. (1962)
Kamança ifaçısı. Azərbaycanın əməkdar artisti. Musiqi təhsilini 1977-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında almışdır.
M.Şərifov 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Eyni zamanda Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisi, Qədim Musiqi Alətləri Ansamblının konsertmeystridir. 1985-ci ildə Ümumdünya Festivalının qalibi olmuşdur.
2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində YUNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini təmsil etmişdir. Çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.
2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır.
Vəzirov Ədalət Səfərəli oğlu. (27.04.1951, Bakı – 05.10.2002, Bakı)
Kamança ifaçısı. Azərbaycanın əməkdar artisti. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində (1968) və Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır (1974).
1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olmuşdur.
1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000-2002 illərdə direktor) müəllim işləmişdir. Ə.Vəzirov uzun müddət Baba Salahovun (1923-1982) rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirmişdir. Ə.Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.
O, xalq mahnı, rəqs, rəng və təsnifləri, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.