Muğam sənəti / Muğam simalarda / Xanəndələr

TARZƏNLƏR


  • A
  • B
  • C
  • D
  • Ə
  • H
  • Q
  • M
  • P
  • S


Abdullayev Ağasəlim Sahib oğlu. (15.10.1950,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (2007). Musiqi təhsilini tar ixtisası üzrə 1967-1970-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1971-1976 illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır.

Müəllimləri Kamil Əhmədov, Hacı Məmmədov, Səid Rüstəmov olmuşdur. 1970-ci ildən AzTV-də Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti işləmişdir. Bu orkestrin müşayiətilə Azərbaycan bəstəkarlarının tar üçün əsərlərini ifa etmişdir, həmin lent yazıları AzTV-nin Fondunda saxlanılır.

A.Abdullayev 1970-ci illərdən Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının konsertmeysteri, 1982-ci ildən hal-hazıra kimi B.Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının rəhbəridir.

Bu ansamblla bir çox görkəmli xanəndələri - xalq artistləri Hacıbaba Hüseynovu, Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Zeynəb Xanlarovanı, Sara Qədimovanı, Əbülfət Əliyevi, Yaqub Məmmədovu, Ağaxan Abdullayevi, Səkinə İsmayılovanı, Alim Qasımovu və başqalarını müşayiət etmişdir. A.Abdullayev eyni zamanda, solist tarzən kimi tanınmışdır. O, bir çox beynəlxalq müsabiqə və festivalların laureatıdır.

1987 ildə Səmərqənddə keçirilən Muğam simpoziumunun iştirakçısı olmuşdur. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində iştirak etmişdir. A.Abdullayev 40 ildən artıqdır müəllimlik fəaliyyəti ilə məşğul olur, milli musiqiçi kadrların yetişdirilməsinə böyük əmək sərf edir, AMK-nın professorudur.

Axundov Şirin Məşədi Hüseyn oğlu. (1878,Salyan - 28.10.1927,Bakı)

Tarzən. Sadıq Əsəd oğlunun tar ifaçılığı məktəbinin davamçısı olmuşdur. Xalq arasında «Səlyanlı Şirin» adlandırılmışdır. Öz dövrünün məşhur muğam ustadlarından tar ifaçılığının və muğam sənətinin sirlərinə dərindən yiyələnmişdir.

O, əsasən müşayiətçi tarzən kimi tanınmışdır. Bir çox xanəndələrlə sənət yoldaşı olmuş, Cabbar Qaryağdı oğlunu, Məşədi Məmməd Fərzəliyevi, İslam Abdullayevi, Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir.

Şirin Axundov 1903-cü ildən başlayaraq, uzun illər boyu görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışmışdır. Bu ansamblın məclislərdə və konsertlərdə çıxışları böyük rəğbətlə qarşılanmış və muğam biliciləri tərəfindən yüksək qiymətləndirilmişdir. Onların ifasından qrammofon vallarında bir neçə səsyazısı yadigar qalmışdır:

1914-cü ildə Macarıstanın «Premyer-Rekord» səsyazma şirkəti tərəfindən «Çahargah», «Mirzə Hüseyn Segahı», «Hasar», «Müxalif» muğamları vala yazılmışdır. Ömrünün son illərində Şirin Axundov müəllimliklə məşğul olmuş, musiqi məktəblərində çalışmış, fəhlə klubunda tar dərnəyinə rəhbərlik etmişdir.



Bağırov Adil Kamil oğlu. (13.05.1937, Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir.

1964-cı ildən S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir.

Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir. AzTV-nin Fondunda “Bayatı-Şiraz”, “Rast”, “Segah” muğamlarının səsyazıları saxlanılır.

Bakıxanov Әһmәd (Әһmәdxan) Mәmmәdrza oğlu. (1892-1973)

Tarzәn, pedaqoq. Azәrbərbaycanın xalq arttisti (1973), әmәkdar müәllim (1943). 1920-ci ildәn pedaqoji fәaliyyәtә başlamışdır.

20-30 illәrdә bir sıra musiqi ansamblları yaratmış, 1941-ci ildә Ü.Hacıbəylinin tәşәbbüsü ilә xalq çalğı alәtlәri ansamblını tәşkil etmiş vә ömrünün sonunadәk onun rәһbәri olmuşdur (ansambl 1973 -cü ildәn Bakıxanovun adını daşıyır). Azәrbaycan xalq musiqisinin, xüsusilә muğamların tәbliğindә Bakıxanovun böyük xidmәti var. O, Ü.Hacıbəyli ilə sıx әmәkdaşlıq etmiş, onunla ailәvi yaxın olmuşdur.

Bakıxanov Azәrbaycan muğamlarının qorunub saxlanmasında Ü.Hacıbəyli ilə һәmrәy olmuş, milli musiqiyә münasibәtdә, yeni ifaçılar nәslinin yetişdirilmәsindә onun әnәnәsini davam etdirmişdir. Bakıxanov musiqi mәktәblәri üçün muğamat proqramı tәrtib etmişdir. Onun nota saldığı «Azәrbaycan xalq rәnglәri» (1964), «Azәrbaycan ritmik muğamları» (1968), «Muğam, mahnı, rәng» (1975) mәcmuәlәri çap edilmişdir..

Bakıxanov Məmmədxan Məmmədrza oğlu. (1890,Bakı - 20.02.1957,Bakı)

Tarzən. Azərbaycanın əməkdar artisti (1943). İlk təhsilini İranda almış, 1916-cı ildən məclislərdə çıxış etməyə başlamışdır. 1920-ci ildən Bakıda fəaliyyət göstərmişdir. Şərq konservatoriyasında təhsil almış, Şirin Axundov və Məşədi Həsənin sinfində sənətini təkmilləşdirmişdir; eyni zamanda, konservatoriyanın inspektoru vəzifəsində çalışmışdır.

1923-1936-cı illərdə Ə.Bayramov adına əməkçi türk qadınlarının Mərkəzi Mədəniyyət Sarayında tar müəllimi olmuş, ilk dəfə burada qızlardan ibarət “Şərq orkestri” yaratmışdır. M.Bakıxanov gənc musiqiçi kadrların yetişdirilməsinə, milli musiqi mədəniyyətinin inkişafına böyük əmək sərf etmişdir. Onun rəhbərlik etdiyi “Şərq orkestri” respublikada və başqa şəhərlərdə geniş konsert proqramları ilə çıxış edərək çox məşhurlaşmış, 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya incəsənət olimpiadasında, 1936-cı ildə Moskvada bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsində birincilik qazanmışdır.

M.Bakıxanov 1941-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Klassik muğam ifaçılığı texnikasına dərindən bələd olan mahir tarzən həm solo ifaçı, həm də müşayiətçi kimi tanınmışdır. O, musiqi məclislərində və konsertlərdə C.Qaryağdı oğlu, S.Şuşinski, Z.Adıgözəlov kimi ustad xanəndələri müşayiət etmişdir.

Bayramov Həbib Əbdülhüseyn oğlu.(14.06.1926,Bakı- 15.08.1994,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (1983). 1941-cı ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək həmin ansamblın bədii rəhbəri olmuşdur. Ansamblda görkəmli xanəndə, müğənni və ifaçılar çalışmışlar.

Bu ansambl ilə Azər­baycanda, SSRİ-nin müxəlif respublika və şəhərlərində, Şərq ölkələrində qastrol konsertləri vermişdir. H.Bayramovun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə fərqlənmiş, repertuarında «Rast», «Şur», «Çahargah», «Humayun», «Segah» və digər muğamlar əsas yer tutmuşdur. Fərdi ifa üslubunda klassik və müasir muğam ənənələrini əlaqələndirmişdir.

2000-ci illərdə H.Əliyev Fondunun Beynəlxalq Muğam layihəsi əsasında H.Bayramovun muğam ifaları CD və DVD-lərə yazılmışdır.



Cavanşirov Allahyar Aslan oğlu.(05.02.1907,Şuşa - 17.02.1972,Bakı)

Tarzən. Xan Şuşinskinin qardaşı. Tar çalmağı və muğamları Şuşada öyrənmişdir. İslam Abdullayevi və digər ustad xanəndələri müşayiət etmişdir.

1939-cu ildən Bakıda musiqi-ifaçılıq fəaliyyətinə başlamışdır. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının ifaçı-solisti işləmişdir. Zəngin ifaçılıq, konsert, qastrol fəaliyyəti göstərmişdir.

Ömrünün qırx ilini Xan Şuşinski ilə birlikdə çıxış etmiş, onun ən yaxşı müşayiətçisi kimi tanınmışdır. A.Cavanşirov - X.Şuşinski ansamblında müxtəlif illlərdə Tələt Bakıxanov, Habil Əliyev, Elman Bədəlov kamança çalmışlar. A.Cavanşirov bu ansamblla respublikanın şəhər və rayonlarında geniş dinləyici kütləsi qarşısında, hərbi hissələrdə konsertlər vermişdir.


Dadaşov Əhsən Əliabbas oğlu. (16.08.1924,Bakı - 29.05.1976,Bakı)

Tarzən. Azərbaycanın əməkdar artisti (1953). Mansur Mansurovun muğam ənənələrinin davamçısıdır. Muğamların və bəstəkar əsərlərinin tar və ud alətlərində mahir ifaçısı idi. O, həmçinin, bir sıra rəng və təsniflərin yaradıcısıdır. Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuş, Azərbaycan musiqisini təmsil etmişdir.

1950-1960-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində tar-muğam ixtisasından dərs demişdir. 1950-1970-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun (AzTV) S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti işləmişdir.

1960-cı ildə AzTV-nin nəzdində xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. H.Xanməmmədovun tar ilə simfonik orkestr üçün 1 saylı Konsertinin ilk solist-ifaçısıdır. Bu əsər Əhsən Dadaşova həsr olunmuşdur.

2000-ci illərdə H.Əliyev Fondunun Beynəlxalq Muğam layhəsi əsasında Ə.Dadaşovun ifası CD və DVD-lərə yazılmışdır.



Əhmədov Kamil Əlisəftər oğlu. (30.04.1920,Bakı – 1996,Bakı)

Tarzən. Azərabaycanın əməkdar mədəniyyət işçisi (1978). 1936-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbinin (ADMM) tar sinfinə daxil olmuşdur. Gənc Tamaşaçılar Teatrında işləmiş, teatrın nəzdindəki Kukla Teatrının tamaşalarına musiqi tərtibatı vermişdir.

1946-cı ildən ADMM-nə muğamat və xalq mahnıları sinfinə müəllim təyin olunmuş, Seyid Şuşinski ilə çalışmışdır. Muğamın yaddan çıxmış şöbələrini aid olduğu muğamlara daxil edərək, dəstgah şəklində lentə almışdır: «Hacı Yuni», «Busəlik», «Mavərənnəhr», «Dilruba» və «Məxlut-müxalif».

1965-cı ildə tərtib etdiyi muğamların tədrisi proqramında ritmik muğamları iki hissəyə bölmüşdür. Zərbi muğamlar: «Mani», «Arazbarı», «Səmayi-Şəms», «Ovşarı», «Heyratı», «Mənsuriyyə»; şikəstələr: «Qarabağ şikəstəsi», «Kəsmə şikəstə», «Sarıtorpaq şikəstəsi». Həmçinin o, qədim sənət növü olan sədəfvurma ilə məşğul olmuşdur. Onun məşhur sədəf vurduğu tar, kamança, qaval, qoşa nağara 1977-ci ildə Moskvada açılan xalq çalğı alətləri sərgisinin eksponatları olmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində «Azərbaycan milli musiqi alətlərinin respublika sərgisi»ndə K.Əhmədovun alətləri I dərəcəli diploma layiq görülmüşdür. AzTV-nin fondunda onun ifasında səslənmiş muğam lent yazıları saxlanılır.

Ələkbərov Firudin Yusif oğlu. (1922 - 2012)

Tarzən. Əməkdar artist (1989). Gəncədə Qənbər Hüseynlidən tar çalmağı öyrənmiş, F.Əmirovla, Z.Qayıbovla birgə Gəncədə yaradılan xalq çalğı alətləri orkestrinə qəbul olunmuş, orkestrin konsertmeysteri olmuşdur. 1938-ci ildən Gəncə Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir.

1943-cü ildə Filarmoniyanın xalq çalğı alətləri orkestrinə rəhbərlik etmiş, eyni zamanda, xanəndələri, o cümlədən, qastrola gələn Bülbülü müşayiət etmişdir. Ü.Hacıbəyli onun çalğısını çox dəyərləndirmişdir. 1949-cu ildən Bakıda Azərbaycan Dövlət Filarmonasiyasının solisti kimi fəaliyyət göstərməyə başlamışdır.

1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbinin təhsil almışdır. Həm solo, həm də müşayiətçi kimi geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. AzTV-nin fondunda F.Ələkbərovun ifasında bütün instrumental muğamlar saxlanılır. F.Ələkbərov eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bülbül ad.Orta İxtisas Musiqi Məktəbində dərs vermişdir.

Əliyev Firuz Əliabbas oğlu. (04.06.1950,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (2007). Musiqi təhsilini 1965-69-cu illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində (ADMM), 1970-1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır.

1983-cü ildən görkəmli xanəndə İslam Rzayevin rəhbərliyi ilə təşkil olunmuş instrumental ansamblın konsertmeysteridir. Bu ansamblla bir çox xanəndələri müşayiət etmişdir. F.Əliyev, həmçinin, solist tarzən kimi və muğam üçlüyünün tərkibində də çıxış edir. Xarici ölkələrdə – Türkiyədə, Almaniyada, Amerikada, Braziliyada, Kanadada, Yunanıstanda və s. yerlərdə qastrol səfərlərində olmuşdur. Eyni zamanda, müəllim kimi fəaliyyət göstərir.

1992-ci ildən Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasında, 2001-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında milli musiqiçi kadrlar yetişdirir.

Əliyev Zamiq Balarza oğlu. (25.05.1950,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (2007). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil almışdır. Tar müəllimi Hacı Məmmədov olmuşdur.

1974-cü ildən Azərbaycan Dövlət Filarmoniyasında «Azərbaycan təranələri» xalq çalğı alətləri ansamblının tərkibində, həmin ildən Gülarə Əliyevanın rəhbərliyi ilə «Dan ulduzu» instrumental ansamblında fəaliyyət göstərmişdir.

1979-cu ildə Zeynəb Xanlarovanın rəhbərliyi altında xalq çalğı alətləri ansamblının konsertmeysteri olmuşdur. 1992-ci ildən xanəndə Ağaxan Abdullayev, kamançaçı Ədalət Vəzirovla birgə Z.Adıgözəlov ad. muğam üçlüyü yaratmışdır. Bu trio ilə İranda, İraqda Füzulinin 500 illiyi ilə bağlı YUNESKO-nun tədbirlərində çıxış etmişlər. 1997-ci ildən bu trioya Simarə İmanova daxil olmuş, 1997-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında Qran-pri mükafatına layiq görülmüşdür.

1998-ci ildən ADMİU-da pedaqoji fəaliyyət göstərir. AzTV-nin fondunda onun ifasında «Şur», «Çahargah», «Bayatı-Şiraz», «Dilkəş», «Vilayəti» və s. muğamların lent yazıları saxlanılır. «Azərbaycan muğamları» adlı diski buraxılmışdır. O, xanəndələrin repertuarına daxil olmuş 20-dən çox mahnının müəllifidir.

Әmirov Mәşәdi Cәmil Әmiraslan oğlu (1875,Şuşa - 1928,Gəncə)

Tarzən, pedaqoq, xanəndə, bәstәkar. Dünya şöhrətli bəstəkar, SSRİ Xalq atristi, SSRİ Dövlət Mükafatı laureatı Fikrət Əmirovun atası. Zəngin ifaçılıq, konsert, pedaqoji, təbliğat fəaliyyəti göstəmiş, Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə məşhur olmuşdur. Peşəkar musiqiçi kimi yetişmәsindә Qarabağın, Gəncənin musiqi-mədəni mühitinin, ifaçılıq məktəblərinin və Mir Möhsün Nәvvabın musiqi mәclislәrinin böyük tәsiri olmuşdur.

1907-ci ildәn Gәncәdә yaşamış, mәşһur xanәndәlәri tarda müşayiәt etmişdir. Tarla yanaşı kamançada, qanunda, udda və sazda peşəkarcasına çalmışdır. Gəncə şəhərində musiqi-ədəbi məclislər təşkil etmişdir. Burada ilk musiqi məktəbinin, notlu musiqi təhsilinin, xalq çalğı alətləri orkestrinin yaradıcılarından biridir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı, Şamaxı musiqi məclislərində, Bakıda keçirilən Şərq konsertlərində və Şərq gecələrində iştirak etmişdir. Xanəndə kimi Üzeyir Hacıbəylinin Şuşa, Gәncә, Tiflis vә İrәvanda göstәrilmiş "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm" operalarında Mәcnun, Kәrәm partiyalarını oxumuşdur.

1911 - 1912-ci illәrdә İstanbulda musiqi tәһsili almış, solo konsertlər vermiş, “Şəhbal” jurnalına Azərbaycan musiqisi haqqında məqalələr yazmışdır. "Seyfәlmülk" operasının, "Namuslu qız" musiqili dramının, bir sıra instrumental melodiyaların, ansambl ilə xor üçün marşların müəllifidir. Azərbaycan tar ifaçılığının, muğam tədrisinin inkişafında özünəməxsus xidmətləri vardır.


Haşımova Ceyran Əsəd qızı. (08.03.1934,Bakı)

Tar ifaçısı. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində (1952-1956) təhsil almışdır.

1958-ci ildən ADMM-də müəllim kimi fəaliyyət göstərir. S.Rüstəmov ad. xalq çalğı alətləri orkestrinin saz qrupunun konsertmeysteri olmuşdur.

1964-cü ildə “Lalə” qızlar ansamblını yaratmışdır. Ansamblda bir çox müğənnilər – Raziyə Şirinova, Təranə Vəlizadə, Mahrux Muradova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Kəmalə Rəhimli, Firuzə İbadova və b., həmçinin, musiqi alətləri ifaçıları fəaliyyət göstərmişlər. Ansambl bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur.

Həşimov Elçin Ləzgi oğlu. (1973)

Tarzən. Azərbaycanın əməkdar artisti (2007). 1992-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini, 1997-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir.

1999-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində çalışır. Tar qrupunun yüksək dərəcəli artistidir. Bir çox muğam tamaşaları "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl" operaları və Niyazinin "Rast" baletində solo partiyaları yüksək professionallıqla ifa edir.

E.Həşimov bir çox populyar muğam ifaçıları ilə birgə muğam üçlüklərinin tərkibində geniş konsert fəaliyyəti ilə məşğul olur. Mahir bir tarzən kimi milli musiqi sənətimizi dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etmişdir. E.Həşimov eyni zamanda pedaqoji fəaliyyətlə məşğuldur. 1997-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlayan tarzən, hazırda həm də Azərbaycan Milli Konservatoriyasında çalışır.

Hüseynov Əlikram Həsən oğlu.(20.04.1926,Bakı – 2006,Bakı)

Tarzən. Azərbaycanın əməkdar artisti (2001). Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Müəllimləri Adil Gəray, Əhməd Bakıxanov olmuşlar. 1947-ci ildə Praqada keçirilən I Ümumdünya gənclər festivalında «Laureat diplomu» ilə mükafatlandırılmışdır.

1947-1964-cı illərdə Azərbaycan Dövlət Filarmıniyasına dəvət almış, orada Bülbül, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Əbülfət Əliyev, Zeynəb Xanlarova kimi məşhur sənətkarları tarda müşayiət etmişdir.

1951-1953-cü illərdə Şuşada musiqi məktəbinin direktoru və tar üzrə müəllim işləmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşdur.

1957-2000-ci illər ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışmış, bir çox operalarımızda solo partiyaları ifa etmişdir: Ü.Hacıbəyli - «Leyli və Məcnun», «Əsli və Kərəm», «Koroğlu», Z.Hacıbəyov - «Aşıq Qərib», M.Maqomayev - «Şah İsmayıl» və s.


Qayıbov Zərif İsmayıl oğlu. (1920,Gəncə - 1943,Gəncə)

Tarzən. Musiqi sənətinə Üzeyir Hacıbəylinin tövsiyəsi ilə gəlmişdir. Yeniyetmə yaşlarında Gəncə musiqi məktəbində məşhur tar müəllmi Həmzə Əliyevin tar sinfində oxumuşdur. Musiqi təhsilini A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda davam etdirmişdir. Səid Rüstəmovdan not dərsləri almış, Əhmədxan Bakıxanovdan muğamın sirlərini öyrənmişdir.

1930-cu illərdə Azərbaycan Dövlər Opera və Balet Teartında ifaçı kimi işləmişdir. Azərbaycan Dövlət Filarmoniyasında, radioda solo konsertlər vermişdir. 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyündə, 1939-cu ildə Moskvada xalq çalğı alətləri ifaçılarının Birinci Ümumittifaq müsabiqəsində iştirak etmiş, yüksək mükafatlar almışdır.

Gəncə şəhərində xalq çalğı alətləri ansamblı yaratmış, konsertlər vermişdir. Onun ifa etdiyi “Şur” muğamı özünəməxsus təfsiri ilə yadda qalmışdır. Görkəmli tar ifaçısı, Əməkdar artist Əhsən Dadaşov Z.Qayıbovun yetirmələrindəndir. Hazırda Gəncə şəhər 5 saylı musiqi məktəbi Z.Qayıbovun adını daşıyır.

Quliyev Әliağa Eyvaz oğlu. (1917,Bakı - 1998,Bakı)

Tarzən. Azәrbaycanın xalq artisti (1989). Zəngin ifaçılıq, müəllimlik, konsert fəaliyyəti göstərmişdir. 1930-cu illərin əvvəllərində Azərbaycan Dövlət Musiqi Məktəbində Ü.Hacıbəylinin tar-ixtisas sinfini bitirmişdir. Ü.Hacıbəylinin rәһbәrlik etdiyi birinci notlu Azәrbaycan xalq çalğı alәtlәri orkestrində işləmişdir. 1936-cı ildәn Azərbaycan Dövlət Opera və Balet Teatrında «Koroğlu» operasının tamaşalarında tarzәnlәr qrupunun konsertmeysteri olmuşdur.

1930-cu illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fәaliyyәtә başlamış, tar ixtisası müəllimi işləmidir. Azərbaycan Dövlər Televiziyası və Radiosunun (AzTV), Dövlət Filarmoniyasının nəzdində xalq çalğı alətləri ansamblı yaratmışdir.

1940-cı illərdən Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Konsert-Qastrol Birliyinin ifaçı-solisti kimi faəliyyət göstəmiş, silsilə konsertlər vermişdir. Filarmoniyada, qastrol konsertlərində görkəmli xanəndələri və müğənniləri müşayiət etmişdir. Şərq ölkələrində qastrol konsertləri vermişdir.

2000-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq Muğam layihəsi əsasında Ə.Quliyevin muğam ifaları CD və DVD-lərə yazılmışdır.

Quliyev Oqtay Süleyman oğlu. (22.09.1938, Şuşa ş., Malıbəyli k.)

Tarzən. Azərbaycanın əməkdar incəsənət xadimi (2008), sənətşünaslıq namizədi, professor. Azərbaycan Dövlət Musiqi Məktəbini 1957-ci ildə bitirmiş, 1958-1963-cı illərdə Azərbaycan Dövlət Konservatoruyasında (ADK) təhsil almışdır.

1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq və VI Ümumdünya Gənclər və tələbələr festivallarının qızıl medalına və laureat adına layiq görülmüşdür.

1955-1963-cü illərdə AzTR xalq çalğı alətləri orkestrində tarzən kimi çalışmışdır. 1970-ci ildən ADK-da dərs demiş, tar ixtisası üzrə böyük bir musiqiçilər nəsli yetişdirmişdir. «Xalq çalğı alətləri» kafedrasının müdiri vəzifəsində çalışmışdır.

2001-ci ildən AMK-nın tədris işləri üzrə prorektorudur. O.Quliyevin əsas elmi tədqiqat sahəsi alətşünaslıqla bağlıdır. “Azərbaycan xalq çalğı alətləri orkestri” monoqrafiyasının, çoxsaylı elmi məqalələrin müəllifidir.

Quliyev Ramiz Əyyub oğlu. (30.04.1947, Ağdam)

Tarzən, pedaqoq. Azәrbaycanın xalq artisti (1989), professor (1990). 1960-64-cü illərdə Ağdam orta ixtisas musiqi məktəbində, 1964-69-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1974-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub.

1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Bir sıra xarici öikələrdə qastrollarda olub.

1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib.


Mansurov Bәһram Süleyman oğlu. (1911,Bakı – 1985,Bakı)

Tarzən, pedaqoq. Azәrbaycanın xalq artisti (1978). Bakı muğam məktəbinin görkəmli təmsilçilərindən biri. Fərdi sənətkarlıq üslubunda Məşədi Məlik Mansurovun, Mirzə Mansurun və Mirzə Fərəc Rzayevin tar-ifaçılıq üslubunu davam etdirmişdir.

1932-1985-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş. 1938-ci ildә Moskvada Azәrbaycan incәsәnәti ongünlüyündә Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının tamaşasında çalmışdır.

1960-1985-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində müəllim işləmişdir. B.Mansurovun tar məktəbinin yetirmələri hazırda Azərbaycanın fəxri adlarını daşıyan görkəmli muğam ifaçıları və müəllimləridir. 1960-1970-ci illərdə UNESCO tərəfindən Azərbaycan muğamları ilk dəfə B.Mansurovun ifasında bir neçə dəfə vallara yazılmış və xüsusi audio-albomlar şəklində dünyaya yaılmışdır.

1980-cı illərdə UNESCO B.Mansurov və görkəmli xanəndə A.Qasımovun birgə ifasında bütün muğam-dəstgahların, zərbi-muğamların və şikəstələrin ilk val yazılarını istehsal etmişdir. SSRİ Xalq artisti, bəstəkar F.Əmirov B.Mansurovun ifası əsasında “Gülüstan Bayatı-Şiraz” simfonik muğamını yazmışdır. Bəstəkar N.Məmmədov “Rast” və “Çahargah” dəstgahlarını B.Mansurovun müşayiəti ilə H.Hüseynovun və Y.Məmmədovun ifasında nota yazmış, Moskvada nəşr etdirmişdir.

2000-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq Muğam layihəsi əsasında B.Mansurovun ifa etdiyi muğamlar CD və DVD-lərə yazılmışdır.

Mansurov Elxan Bəhram oğlu. (1955)

Tarzən. Azərbaycanın əməkdar artisti (2005). Bakıda, görkəmli tarzən Bəhram Mansurovun ailəsində doğulmuşdur. Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir.

1975-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirmişdir. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır.

E.Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısı kimi uzun illərdir ki, muğamlarımızın təbliği ilə məşğul olur, atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayır.

2005-ci ildə qardaşı, bəstəkar Eldar Mansurovun məşhur "Bəhramnamə" layihəsində solo tar partiyalarını ifa etmişdir. Dəfələrlə xarici ölkələrdə Azərbaycan musiqisini təmsil etmişdir. Onun ifasında yazılmış CD və DVD disklər Fransa, İran, Kanada, Almaniya, Türkiyədə istehsal olunub yayılmışdır.

Mansurov Malik Məmməd oğlu. (1961)

Tarzən. Azərbaycanın Əməkdar Artisti (2007). Musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında almışdır (1981-1986). 1989-1997-ci illərdə xanəndə Alim Qasımovla birlikdə çalışmışdır.

Virtuoz ifaçılığı ilə seçilən M.Mansurov dünyanın bir çox ölkələrində çıxış etmiş, Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur. M.Mansurov eyni zamanda pedaqoji fəaliyyətlə məşğuldur.

1986-cı ildən Sumqayıt Şəhər Orta İxtisas Musiqi Məktəbində, 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında tar sənətinin sirlərini öyrədir.

Mansurov Mansur Məşədi Məlik oğlu. (1887,Bakı - 1967,Bakı)

Tarzən, pedaqoq. Azərbaycanın əməkdar incəsənət xadimi (1940). “Mirzə Mansur” təxəllüsü ilə tanınmışdır. Tarzən Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən bəhrələnmişdir. Bakı muğam üslubunun professional təfsirçisidir. “Rast”, “Şur”, “Segah”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Çahargah” və b. muğamları ustalıqla çalmış, muğam bilicisi və pedaqoqu kimi şöhrət qazanmışdır.

1922-ci ildən Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, 1926-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar-muğam dərsləri vermişdir. 1925-ci ildə Ü.Hacıbəylinin ilk “Muğamat proqramı”nın məsləhətçisi olmuşdur. Yeni quruluşda hazırladığı tar aləti Paris və İstanbul incəsənət sərgilərində nümayiş etdirilmişdir (1934).

Mirzə Mansurun ifasından “Rast”, “Zabul” muğamları T.Quliyev tərəfindən, “Dügah” muğamı Z.Bağırov tərəfindən nota yazılmış və nəşr olunmuşdur. (Bakı, Azərnəşr, 1936.) Azərbaycan Dövlət Filarmoniyasında, televiziya və radioda solo konsertlər vermişdir.

2000-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq Muğam layihəsi əsasında M.Mansurovun muğam ifaları CD və DVD-lərə yazılmışdır.

Mansurov Süleyman Məşədi Məlik oğlu. (1872,Bakı – 1955,Bakı)

Tarzən. Zəngin ifaçılıq, konsert fəaliyyəti göstərmişdir. Azərbaycanda, Yaxın və Orta Şərqdə, Avropada, bütün Qafqazda məşhur musiqiçilər nəsli kimi tanınan Mansurovların nümayəndəsidir.

O, 1863-cü ildə Bakı musiqi poeziya məclisini yaradan məşhur musiqiçi və ziyalı Məşədi Məlik Mansurovun (1845-1909) oğludur. Bakıda, İçəri Şəhərdə 1863-cü ildə yaranan bu məclis musiqi tarixində “Bakı muğam məclisi” adı ilə də tanınır. Məşədi Məlik Mansurovun vəfatından sonra Bakı muğam məclisinə 1935-ci ilə qədər S.Mansurov rəhbərlik etmişdir.

O, Bakı ifaçılıq ənənələrini, Bakı muğam üslubunu yaşadaraq, yeni nəsillərə ötürmüşdür. Görkəmli tar ifaçıları Mirzə Sadıq Əsəd oğlu, Şirin Axundov, Mirzə Fərəc Rzayev, Qurban Primov bu məclisin daimi iştirakçıları olmuşlar. S.Mansurov ifaçı kimi Bakı musiqi məclisində, “Şərq konserləri”ndə, xeyriyyə müsamirələrində çalmışdır.

Tar və muğam ifaçılıq sənətinin klassik ənənələrini öz peşəkar ifası ilə yaşatmışdır. Bir ziyalı kimi Qərb, Şərq klassik ədəbiyyatını və incəsənətini yaxşı bilmiş, türk, ərəb, fars, rus, alman, ingilis dillərində danışmışdır. İş adamı və xeyriyyəçi kimi Azərbaycanda musiqi sənətinin inkişafı üçün böyük işlər görmüşdür.

Malibəyli Həmid.(Qurbanov Həmid İmamqulu oğlu)

(1869,Şuşa,Malıbəyli - 22.03.1922,Ağdam)

Xanəndə, tarzən. Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı. Xanəndəlik sənətini Hacı Hüsüdən öyrənmişdir. Zil və məlahətli səsi olmuş, “Rast” və “Segah” muğamlarını böyük ustalıqla oxumuşdur.

1910-cu ildə Malıbəyli Həmidin ifasında “Şur”, “Rast”, “Yetim Segah”, “Humayun” muğamları, bir çox təsnif və xalq mahnıları Riqada “Qrammofon” şirkəti tərəfindən qrammofon valına yazılmışdır.

Səsi batdıqdan sonra tarzənliklə məşğul olmuşdur, Keçəçioğlu Məhəmməd, Məcid Behbudov, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Bülbül və b. xanəndələri tarda müşayiət etmişdir.

Mehralıyev Nəriman Bahadur oğlu. (05.06.1916,Şuşa - 05.08.1983,Ağdam)

Tarzən. Tarzən. Muğam sənətini atası Bahadur Mehralıoğlundan öyrənmiş, eyni zamanda qaval, tütək, saz alətlərində gözəl çalmışdır.

1930-cu ildən Ağdamda pedaqoji və ifaçılıq fəaliyyəti ilə məşğul olmuşdur. Bir çox görkəmli muğam ifaçılarını yetişdirmişdir. H.Məmmədov, Ə.Dadaşov, Ə.Əliyev, X.Fərəcov, Q.Rüstəmov, O.Quliyev və b. ifaçılar onun yetirmələridirlər.

1958-ci ildən Ağdam musiqi texnikumunda dərs demiş, muğam proqramlarını tərtib etmişdir. Uzun müddət atasını muğam üçlüyündə müşayiət etmiş, eyni zamanda onun sinfində konsertmeyster olmuşdur. Bir sıra mahnı və rənglərin yaradıcısıdır. Musiqişünaslar Ə.İsazadə, B.Hüseynli onun ifasından yaratdığı melodiyaları nota köçürmüşlər. Oğlu Aydın Mehralıyev də (03.10.1947) ailə ənənəsini davam etdirir, mahir tarzəndir.

Məmmədəliyеv Vamiq Məmmədəli oğlu. (09.06.1946 Bakı)

Tarzən, pedaqoq. Azərbaycanın əməkdar artisti (2006). 1972-76-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində oxumuş, 1980-85-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konsеrvatoriyasında təhsil almış, B.Mansurov, Ə.Bakıxanov, H.Məmmədov, A.Gəray, O.Quliyеv, S.İbrahimov kimi ustadlardan muğamın sirlərini öyrənmişdir.

V.Məmmədəliyev 1988-2001-ci illərdə Bakı Musiqi Akadеmiyasında, 2001-ci ildən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Univеrsitеtində pedaqoji fəaliyyət göstərir. V.Məmmədəliyev dеmək olar ki, Azərbaycanın bütün görkəmli xanəndələrini müşayiət еtmişdir. Onun ifasında lеntə alınan "Bayatı Şiraz", "Humayun", "Rahab", "Xaric Sеgah", "Bayatı Qacar", "Nəva" muğamları Azərbaycan radiosunun qızıl fonduna daxil еdilmişdir.

1985-ci ildə «Mеlodiya» firması V.Məmmədəliyеvin ifasında "Xaric Sеgah" və "Rahab" muğamlarını lеntə almışdır. O, 1989-cu ildə İsvеçdə kеçirilən «Falun Folkmusic Festival» folklor fеstivalında 1-ci yеrə layiq görülmüşdür.

1994-cü ildə Fransanın «Maison Dе’s Cultures Du Monde» şirkəti Vamiq Məmmədiyеvin ifasında "Nəva" və "Rahab" muğamlarını və onun müşayiətilə Qəndab Quliyеva və Canəli Əkbərovun ifalarını lеntə almışdır.

Məmmədov Hacı Məmməd oğlu. (1920,Şamaxı - 1981,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (1963). XX əsrin 1940-1950-ci illərində müasir virtuoz tar ifaçılığının əsasını qoymuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1949-1970 illərdə həkim-cərrah işləmişdir. Tarda çalmağı uşaq yaşlarında atasından öyrənmişdir.

1931-1948-ci illərdə ilk notlu xalq çalğı alətləri orkestrində çalışmışdır. Q.Primov, M.Mansurov, Ə.Bakıxanov və Ə.Quliyev kimi professionallardan ənənəvi muğam ifaçılığını mükəmməl öyrənmişdir. Muğamlarla, zərbi-muğamlarla, xalq mahnı və rəqsləri ilə yanaşı, Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini də yüksək professionallıqla ifa etmişdir.

Onun ifasında “Orta Mahur”, “Segah”, “Çahargah”, “Zabul”, “Şur” muğamları, xalq musiqisi və bəstəkar əsərləri AzTR-nin Fondunda qorunub saxlanılır. Azərbaycanın Xalq artisti, bəstəkar H.Xanməmmədov tar ilə simfonik orkestr üçün 2 saylı Konserti (1960; premyera - 1967) H.Məmmədova həsr etmişdir. Əsərin ilk solist-ifaçısı H.Məmmədov olmuşdur.

2000-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq Muğam layihəsi əsasında H.Məmmədovun muğam ifaları CD və DVD-lərə yazılmışdır.

Məmmədbəyov Adil Gәray Heybətqulu oğlu. (1919,Bakı -1973,Bakı)

Tarzən, pedaqoq, metodist. bəstəkar. Azәrbaycanın əmәkdar artisti (1959). 1940-cı illərdə Azәrbaycan Dövlәt Musiqi Məktəbini bitirmiş, Azərbaycan Dövlət Konservatoriyasının “xalq musiqisi” şöbәsindә Ü.Hacıbəylinin sinfindә təhsil almışdır. Ü.Hacıbəylinin yaratdığı ilk notlu Azәrbaycan xalq çalğı alәtlәri orkestrində konsertmeyster işlәmişdir.

1940-cı illərdən ömrünün sonuna kimi Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası müəllimi işləmiş, uzun illər “xalq çalğı alətləri” şöbəsinin müdiri olmuşdur.

1950-1970-ci illərdə Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Konservatoriyasında (hazırda Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs demişdir. Tar üçün bəstələdiyi “Muğam etüdlər” Ü.Hacıbəylinin redaktorluğu ilə nəşr olunmuşdur (1943). Metodist müəllim kimi “Tar ixtisası proqramı”nı tərtib etmişdir.

1950-1960-cı illərdə Azərbaycan xalq çalğı alətləri orkestri üçün suita, “Tarantella”, “Bağçakürd”, “Şahnaz sayağı”, “Səfikürd” pyeslərini bəstələmişdir. Bir sıra mahnıların müəllifidir. Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini tar ilə fortepiano üçün işləmişdir. Tarın tədrisi üçün onlarla not transkripsiyaları tərtib etmişdir. Azərbaycan bəstəkarlarının tar üçün əsərlərinin tar partiyasının redaktoru olmuşdur.

Məşədibəyov Ağası Abutalıb oğlu. (1912,Bakı - 1984,Bakı)

Tarzən, bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1963). Ü. Hacıbəylinin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinin (1931) ilk solistlərindən biri.

Azərbaycan Dövlət Filarmoniyası nəzdində xalq çalğı alətləri ansamblı təşkil etmiş, uzun illər həmin ansamblın solisti və rəhbəri olmuşdur. Azərbaycan mahnı və rəqs ansamblına rəhbərlik etmişdir.

1946-cı ildə Gəncə Dövlət Filarmoniyasının təşkilində iştirak etmişdir. “Toy kimindir” musiqili komediyasının, bir çox mahnıların, xalq mahnı və rəqs işləmələrinin, musiqi-bədii kompozisiyaların müəllifidir.

Məşədi Zeynal Haqverdiyev. (1861,Şuşa – 1918,Bakı)

Tarzən. Mirzə Sadıq Əsəd oğlunun tar məktəbinin məşhur davamçılarından olmuşdur. Uzun müddət İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski kimi xanəndələri tarda müşayiət etmiş, XX əsrin əvvəllərində Şuşa və Bakıda verilən Şərq konsertlərində şöhrət qazanmışdır.

Məşədi Zaynal muğamların, xüsusilə “Zabul” muğamının solo ifaçısı kimi də tanınmış, Ü.Hacıbəyovlinin Bakı, Şuşa və Tiflisdə göstərilmiş opera və operetta tamaşalarında çalmışdır.

Mirzə Fərəc Rza oğlu Rzayev. (15.03.1847,Bakı – 27.03.1927,Bakı)

Tarzən. Tarzən. İfaçılıq sənəti Bakı (Abşeron) muğam ifaçılığı məktəbi ilə bağlıdır. Tar ifaçılığını tarzən Şirazlı Əlidən öyrənmiş, sənətini təkmilləşdirmək məqsədilə bir müddət İranda yaşamış və muğam sənətinin sirlərinə yiyələnmiş, qədim musiqi traktatları ilə tanış olmuşdur.

Mirzə Fərəc Bakıda Məşədi Məlik Mansurovun musiqi məclislərinin fəal üzvü olmuşdur. Bir çox məşhur xanəndələrlə birgə çalışmışdır. Musiqi tarixi ilə yaxından maraqlanmış, muğamların dərin bilicisi kimi tanınmışdır.

Ü.Hacıbəyovlinin rəhbərliyi ilə 1925-ci ildə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak etmiş, “Muğam komisyonu”nun üzvü olmuşdur. Onun tərtib etdiyi muğam cədvəlləri o dövrün muğam ifaçılığı təcrübəsində mövcud olan muğamlar, onların tərkibindəki şöbə və guşələr barədə dolğun məlumat verir və müasir musiqi elmi üçün mühüm əhəmiyyət kəsb edir.

Mirzə Sadıq Əsəd oğlu. (1846,Şuşa - 1902,Şuşa)

Tarzən.Müasir Azərbaycan tarının islahatçısı, xalq bəstəkarı. Sənət aləmində “Mirzə Sadıq”, “Sadıqcan” təxəllüsləri ilə tanınmışdır. 17-18 yaşlarından məşhur musiqiçi Mirzə Ələsgər Qarabağidən tar dərsi almışdır. Kamançada, neydə, tütəkdə də məharətlə çalmışdır.

Peşəkar və virtuoz tarzən kimi Azərbaycanda, Qafqazda, Yaxın və Orta Şərqdə şöhrət qazanmışdır. Hacı Hüsü, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu kimi görkəmli Qarabağ xanəndələrini tarda müşayiət etmişdir. Şuşada, Bakıda “Şərq konsertləri”ndə çıxış etmiş, 1890-cı illərdə yaratdığı ansamblla Azərbaycanda, Aşqabadda, Tehranda və İstanbulda konsertlər vermişdir. 1897-ci ildə Şuşada göstərilən birpərdəli “Məcnun Leylinin məzarı üstündə” tamaşasının musiqi hissəsinin tərtibatçısı olmuşdur.

Sadıqcan 1875-78-ci illərdə tar alətinin quruluşunu dəyişmiş, tarın səs düzümünü yeni qaydada tənzimləmiş, onları xromatik qaydada düzmüşdür. O, tara cingənə və kök simlər əlavə etmiş, onların sayını 5-dən 11-ə çatdırmış, tarın gərilməsinin qarşısını almaq üçün onun çanağının içərisinə ağac dayaq artırmışdır. Əvvəllər diz üstündə tutulan tarı Mirzə Sadıq ilk dəfə sinədə çalmışdır.

Sadıqcan tarda ifaçılıq üslubunu təkmilləşdirmiş, onu mükəmməl solo aləti səviyyəsinə qaldırmışdır. Onun tar modeli üzrə düzəldilən tarlar Zaqafqaziya, Dağıstan, Orta Asiya və İranda geniş yayılmışdır. O, tarda “zabul” pərdəsini müəyyənləşdirmiş, “Mahur”, “Segah” muğamlarına yeni şöbələr əlavə etmiş, bir sıra təsnif, rəng və mahnıların müəllifi kimi tanınmışdır. Azərbaycan tarzənlərindən Qurban Primov, Məşədi Zeynal, Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov Mirzə Sadıq məktəbinin yetirmələri və davamçıları olmuşlar.

Muradov Məmmədağa Məmmədhəsən oğlu. (1921,Bakı - 1969,Bakı)

Tarzən. Qurban Primovun yetirməsi. Klassik və müasir ifaçılıq ənənələrinin professional ifaçısı. Zəngin ifaçılıq, konsert, qastrol fəaliyyəti göstərmişdir. Misir, Tunis, Almaniya, Bolqarıstan, İran, Çin, Mərakeş və Sudanda qasrol konsertləri vermişdir.

Azərbaycan Dövlət Musiqi Məktəbində muğam ixtisasından dərs demişdir. Azərbaycan Dövlət Filamoniyasının, Azərbaycan Dövlət Konsert-Qastrol Birliyinin solisti işləmişdir. Solo ifasında muğamlar vallara, CD-lərə, Azərbaycan Dövlət Radiosunun fonduna yazılmışdır. Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Miradova kimi görkəmli xanənədləri müşayiət etmişdir.

2000-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq Muğam layihəsi əsasında M.Muradovun muğam ifaları CD və DVD-lərə yazılmışdır.

Müslümov Möhlət Xanəli oğlu. (09.08.1954,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (2006). 1969-1973-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində oxumuş, 1976-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası üzrə təhsil almışdır.

Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.

1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaratdığı C.Qaryağdıoğlu adına muğam üçlüyünün rəhbəridir. Pedaqoji fəaliyyətlə məşğul olur. 1990-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında çalışmışdır, 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının professorudur.

Tələbələrindən Elçin Həşimovun, Əliağa Sədiyevin adlarını çəkmək olar. Xarici ölkələrdə bütün müğamlar üzrə kompakt diskləri çıxmışdır.


Primov Qurban Baxşəli oğlu. (1880,Şuşa - 1965,Bakı)

Tarzən. Azərbaycanın xalq artisti (1931). Qarabağ muğam ənənələrinin davamçısı və təbliğçisi. Mirzə Sadıq Əsəd oğlunun tar-ifaçılıq məktəbinin yetirməsi. “Şərq musiqisinin peyğəmbəri” Cabbar Qaryağdı oğlu ilə birlikdə XX əsrdə ilk peşəkar muğam ansamblının yaradıcısı.

Azərbaycanda, Qafqazda, Yaxın və Orta Şərqdə görkəmli muğam ifaçısı və bilicisi kimi şöhrət qazanmışdır. 1908-ci ildə Ü.Hacıbəylinin Şərqdə ilk professional bəstəkar əsəri olan “Leyli və Məcnun” muğam operasının ilk tamaşasında muğamları tarda müşayiət etmişdir.

1920-1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında ifaçı-tarzən işləmiş və muğam operalarında, “Koroğlu” operasında, “Qız qalası” baletində tar çalmışdır.

1910-cu və 1912-ci illərdə “Sport-rekord” kompaniyası tərəfindən Varşava, Moskva və Riqa şəhərlərinə dəvət olunmuş, xanəndələr C.Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, M.M.Fərzəliyev, Şəkili Ələskərlə birlikdə muğamları, zərbi-muğamları, təsnifləri və xalq mahnılarını qrammafon valına yazdırmışdır.

1930-cu illərdə Q.Primovun ifasından “Rast” muğamı Niyazi, “Şur” muğamı F.Əmirov tərəfindən nota köçürülmüşdür.

2000-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq Muğam və Qarabağ musiqiçiləri layihələri əsasında Q.Primovun muğam ifaları CD və DVD-lərə yazılmışdır.


Salahov Baba Əliheydər oğlu. (1923,Bakı - 1981,Bakı)

Tarzən. Azərbaycanın əməkdar artisti (1964). Əhməd Bakıxanovun ifaçılıq məktəbinin yetirməsidir. Klassik və müasir ifaçılıq ənənələrini davam etdirmişdir.

Solo muğam ifaçısı olmaqla yanaşı, xanəndə və müğənniləri də müşayiət etmişdir. Zəngin qastrol və konsert fəaliyyəti göstərmişdir.

1940-cı ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun (AzTV) Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin konsertmeysteri işləmişdir.

1965-ci ildə AzTV-nin nəzdində xalq çalğı alətləri ansamblı yaratmış, onun bədii rəhbəri olmuşdur. Bu ansambl ilə bir çox görkəmli xanəndə və müğənnilər, instrumental ifaçılar əməkdaşlıq etmişlər. Hazırda «Araz» adlanan bu ansambla xalq artisti, tarzən Ağasəlim Abdullayev rəhbərlik edir.

AzTV-nin fondunda B.Salahovun ifa etdiyi bir sıra muğam, təsnif və mahnıların səsyazıları saxlanılır.

 





Yuxarı