Canımı qurban elərəm, bir belə tərlan gözələ;
Hal bilən, şirin gülən, dosta mehriban gözələ;
Boy uca, gərdən mina, zülfü pərişan gözələ;
Dolanır mürği-ruhum, olubdu mehman gözələ;
Xəstəyəm, yalvarıram həkimi-Loğman gözələ.
Gözəl xanım cilvələnib gözəllərin xası kimi;
Silkinir, gərdən çəkir, göllərin sonası kimi,
Görəni Məcnun eylər Leylinin sevdası kimi;
Ala göz şölə verir göylər sürəyyası kimi;
Çəpkəni hər rəng çalır tovuzun çığası kimi,
Behiştdən barat gəlib, geydirib qılman gözələ.
Gözəl kəhlik al bəzənib, gözəllər xasından gözəl;
Silkinib gərdən çəkir göylər sonasından gözəl;
Qabliyyət, mərifət tapıb, ata, anasından gözəl;
Libası əndamından, əndam libasından gözəl;
Gözəlliyi cəm veribdi xaliqi-sübhan gözələ.
Gör necə xələt verib, məlul könlüm açdı gözəl:
Arifsən, əhli-ruhsan, can sana peşkəşdi, gözəl!
Gözündə yoxdu eyib, qaşın göyçək qaşdı, gözəl!
Nəki gözəl görmüşəm mən, hamısından başdı gözəl.
Cavanşir gözəllərinin hamısı qurban gözələ!
Fələkdən gileyliyəm, mana günü qara verib;
Mömünü zəlil edib, suri günahkara verib,
Tərlanı sara yazıb, tər qönçəni xara verib,
Ələsgəri Məcnun edib, meylini dağlara verib;
Tərk edib ibadəti, bağlayır dastan gözələ.