Necə haqdan qorxmayıban, bu dünyada azar insan.
Nəmrud kimi öz-özünə, dərin quyu qazar insan.
Namaz, niyaz, orucunu, ziynət edib pozar insan.
Nəfslərinə olub tabe, fitnə-fəsad düzər insan.
Nahaq yerdə bir-birini, yıxıb, könlün əzər insan.
Nara daxil olmaq istər, bu canından bezar insan.
Neçə nəbi, neçə mürsəl, bu cahandan gedib üryan.
Neçə abid, neçə zahid, neçə vaiz gözü giryan,
Neçə mömin, neçə miskin, neçə məzlum sinə büryan,
Neçə müfti, neçə qazi, neçə alim, elm oxuyan.
Neçə adil, neçə gümrah, neçə padşah mənəm deyən.
Neçə adil süleymanlar, qıldı bundan güzar insan.
Neçə aqil, neçə kamil, neçə cahil, olub piran.
Neçə comərd, neçə namərd, neçə mürtəd fikri seyran.
Neçə məhbub, neçə çirkin, neçə xuban, misli-ceyran.
Neçə aşiq, neçə məşuq, neçə sevgi olub heyran.
Neçə dövlət olub bərbad, neçə zinət qalib viran.
Nədəndir bəs bu fənaya, güvənibən gəzər insan.
Nə fələklər dağilacaq, israfil sur çalasınnan.
Nə qalmaz Təbriz, Tehran, Quba, Salyan, nə Dağıstan.
Nə qalmaz Qarabağ, Şirvan. nə Şəkistan, nə Gürcüstan,
Nə istanbul, Misir qalmaz, nə İsfəhan, nə Hindistan,
Nə Məkkə, Mədinə qalmaz, nə Şam, nə də Ərəbistan,
Nil ümmanlar, hazır edib, pürabini süzər insan.
Nəbi varmi muhammədul mustafa tək məşhur olan.
Nuh nəbi tək ömür sürüb, doqquz yüz əlli ilə qalan.
Nuş etdilər əcəl camın, kimdir buna vəfa qılan.
Nüsrət verməz mələkülmövt, bilin, odur canlar alan.
Namus edin, ay qardaşlar, bu sözlərim degil yalan,
Nəsihəti-Molla Cümə, öz xovundan yazar, insan;