Aşıq sənəti / Aşıq poeziyası / Deyişmə
Müxtəlif janrlar
Səməd Vurğun. "ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!"


Nemətsə də gözəl şer, 
Şair olan qəm də yeyir. 
Ömrü keçir bu adətlə, 
Uğurlu bir səadətlə. 
Görən məni nədir deyir: 
Saçlarına düşən bu dən? 
Şair, nə tez qocaldın sən! 

Dünən mənə öz əlində 
Gül gətirən bir gəlin də, 
Gözlərində min bir sual 
Heykəl kimi dayandı lal… 
O bəxtəvər gözəlin də 
Mən oxudum gözlərindən: 
Şair, nə tez qocaldın sən! 

Ovçuluğa meyil saldım, 
Gecə-gündüz çöldə qaldım, 
Dağ başından enib düzə 
Bir ox kimi süzə-süzə 
Neçə ceyran nişan aldım; 
Cavab gəldi güllələrdən: 
Şair, nə tez qocaldın sən? 

Bəzən uca, bəzən asta, 
Ötür sazım min sim üstə. 
Andı yalan, eşqi yalan, 
Dostluğu da rüşvət olan, 
Ürək yıxan bir iblis də 
Üzəvari deyir hərdən: 
Şair, nə tez qocaldın sən! 

Saç ağardı, ancaq ürək 
Alovludur əvvəlki tək. 
Saç ağardı, ancaq nə qəm! 
Əlimdədir hələ qələm… 
Bilirəm ki, deməyəcək 
Bir sevgilim, bir də Vətən: 
- Şair, nə tez qocaldın sən! 


İfa edir: Aşıq Əkbər
Loading the player...

 

 

 

 
 
 





Yuxarı