Aşıq sənəti / Dastanlar / "Mərdanoğlu İsmayıl" rəvayəti
Ailə-əxlaq dastanları


 "Mərdanoğlu İsmayıl" rəvayəti. "Ay Şərəbanı".

 

İfa edir: Məhəmməd Sadaxlı

"Çıldır müxəmməsi" havası

Loading the player...

 

Mətn >>>
Deyirlər, Borçalıda Mərdanoğlu adlı varlı bir ağa olur. Hörməti, izzəti yerində olan bu adamın tale başına olmaz oyun gətirir. Mərdan oğlu düşmənin olduğuna görə başını götürüb Türkiyəyə keçir. Onun bir oğlu, bir qızı və həyat yoldaşı yurdda qalası olur. Mərdan oğlu nə qədər çalışır, ailəsini keçirə bilmir.
Türkiyədə müflisləşmiş ağa Mərdanoğlunun oğlu İsmayıla haqdan vergi verilir. O, gözəl saz çalıb-oxuyur, həm də şeir yazır. Elə olur ki, İsmayıl atasının dostunun qızını sevir. Ağa öz qızını kasıb aşiqə vermək istəmir. Mərdanoğlunun vəfalı dostları ağanı dilə tuturlar ki, axı İsmayıl kasıb olsa da ağa oğludu, tanıdığımız Mərdanoğlunun oğludur. Nə üçün qızını vermirsən. Həm də İsmayıl haqq aşığıdır. Dostlarının sözünü kəsmək üçün ağa deyir:
- Mən bir söz demirəm. Gəlin onu sınayaq. Əgər o, sınaqdan çıxsa qızı ona verirəm, çıxmasa özündən küssün.
Mərdan oğlunun bütün dostları cəm olub hadisəni maraqla izləyirlər. Qızın atası İsmayılın bacısı Şərəbanını bəzəyib arabada oturdur, üzünü də örtürlər. Ağa İsmayıla deyir:
- Sevgilin yaylağa gedir, ona bir tərif de. İsmayıl haqq aşığı olduğuna görə o dəm bilir ki, arabadakı öz bacısı Şərəbanıdır. Görür, Şərəbanını elə bəzəyiblər, gəlgörəsən. Hələ belinə də gümüş kəmər taxıblar. İsmayılı od götürür. Sazı sinəsinə basıb görək nə deyir (Şərəbanı doğrudan da gözəl bir qız olur):

Bir üzün Günəşdi, bir üzün Aydı,
Yoxdu bərabərin, ay Şərabanı.
Bəxtəvərsən, gümüş kəmərin də var,
İncidir belini, ay Şərabanı.

Bir xana qurmuşam ağlı-qaralı,
Üstündə əyləşib dünya maralı,
Səni sevən neylər dövləti, varı,
Varmı görən sənə tay, Şərəbanı.

Atan Mərdanoğlu, qardaşın ağa,
Araban yüklənib gedir yaylağa,
Hava buludludu, qorxuram yağa,
İslana üzündə xal, Şərəbanı.

Biçarə İsmaylın bax budur sözü,
Sinəmə yar vurub atəşi, közü,
Mən Mərdan oğluyam, sən Mərdan qızı,
İncimə sözümnən, ay Şərəbanı.

Deyilənə görə, bundan sonra bütün bəylər, ağalar İsmayıla küllü miqdarda xələt verir, ağa öz qızını İsmayıla ərə verir. Mərdanoğulları Türkiyədə indi böyük bir nəsildilər.

 
 
 
 




Yuxarı