Aşıq sənəti / Dastanlar / "Şah İsmayıl" dastanı
Məhəbbət dastanları


 "Şah İsmayıl" dastanı

 

Qiraətçi: İntiqam Soltan

Loading the player...

 

 

 

 

"Şah İsmayılla Ərəbzənginin deyişməsi.

"Şah İsmayıl dastanı"ndan parça.

Aldı Ərəb Zəngi:
Yenə qafil bir ov çıxdı qarşıma,
Hürküb ovçusundan, baş verib gedər!
Qorxusundan dodaqları çatlayar,
Ağlayıb, gözündən yaş verib gedər!

Aldı Şah İsmayıl:
Qəndəhardan gəldim murad almağa,
Yol ver, ərəb, yol ver, incitmə məni!
Mən gəlmədim bu diyarda qalmağa,
Yol ver, ərəb, yol ver, incitmə məni!

Aldı Ərəb Zəngi:
Çoxları adlayıb o yandan bəri,
İyidlər əlimdən çəkiblər zarı.
Kəllədən minara, leşdən hasarı,
Buraya gələnlər baş verib gedər!

Aldı Şah İsmayıl:
Qaradır qaşların, Kəbə meracı,
Çəkərəm, yıxaram hasarı, bürcü.
Kəsərəm başını, yoxdu əlacı,
Yol ver, ərəb, yol ver, incitmə məni!

Aldı Ərəb Zəngi:
Oğlan, mey içmisən, yoxsa da bəngi?
Qorxudan saralıb üzünün rəngi.
Hələ eşitmədin Ərəb Zəngi?
Çox sənin kimilər baş verib gedər!

Aldı Şah İsmayıl:
Bir sən bax qaynağıma, coşuma,
Əl vura bilməzsən tərlan quşuma.
Bax Şah İsmayılın tər savaşına,
Yol ver, ərəb, yol ver, incitmə məni!

İfa edir: Aşıq Murad Niyazlı və Aşıq Ulduz Quliyeva, Balaban: Əli Rzayev

Loading the player...

 

 

 

"Ovşarı" havası. "Şah İsmayıl dastanı"ndan parça.

İfa edir: Aşıq Əlixan Niftəliyev

Loading the player...

 

 

"Şah İsmayıl" dastanı. Mətn >>>
Üç yaşından beş yaşına varanda,
Yenicə açılan gülə bənzərsən.
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.

On dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz bulanıq axan selə bənzərsən.

Otuzunda kəhlik kimi səkərsən,
İyidlik eyləyib qanlar tökərsən,
Qırxında sən əl haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən,

Əllisində əlif qəddin çəkilir,
Altmışında ön dişlərin tökülür.
Yetmişində qəddin, belin bükülür,
Karvanı kəsilmiş yola bənzərsən.

Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der: çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.

Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər, biz də deyək iki olsun, dostların könlü tox olsun.

Hökuməti-Zöhhak, ol Rüstəmi-Zal,
Oxun qara daşa çaldı da getdi.
Üzü qara iblis xəyal eylədi.
Tanrı qəzəbini aldı da getdi.

Yetmiş iki dildən eylədi əzbər,
Quşlar dili ilə apardı xəbər,
Söylə, hanı o Süleyman peyğəmbər?
Əlindən qamçını saldı da getdi.

Yunis çəkdi o tanrının cəbrini,
Gəmiyə qoydular Nuhi-nəbini,
Endi, gəşt eylədi dərya dibini,
Bir müddət balıqda qaldı da getdi.

Ay ilə gün bir-birilə ötüşüb,
Müşkül işi dua ilə bitişib,
Ərizün indi növbət sənə yetişib,
Çoxlar bu dünyaya gəldi də getdi.

Ustadlar ustadnaməni iki deməyib, üç deyərlər, biz də deyək üç olsun.

Dinləyin, ağalar, tərif eləyim,
Heç yaza çıxmasın qışı namərdin.
Kor olsun gözləri, batsın oylağı,
Alaqarğa olsun quşu namərdin.

Ovcunun içində yeyər çörəyi,
Qapıdan çağırsan titrər ürəyi,
Qurusun meyvəsi, bağı tənəyi,
Heç aşa dəyməsin dişi namərdin.

İstəməz yanında yarı, yoldaşı,
Heç gəlməz evinə qohum-qardaşı,
Nagah gəlsə salar talaşı,
Açılmaz qabağı, qaşı namərdin.

canım qurban olsun mərd oğlu mərdə,
Mərifət dilində, kamalı sərdə.
Nagah bir qulluğun düşsə namərdə
Çal qabana dönər başı namərdin.

Axşam olur, molla verir azanı,
Heç qaynamaz ocağında qazanı,
Qınamırsız bu sözləri yazanı?
Bundan beş-betərdi işi namərdin.

Mən adımı bildirmərəm ellərə,
Namərd düşsün cəlay-vətən çöllərə.
Qazandığı nemət getsin yellərə
Qalmasın daş üstə daşı namərdin.

Ustadlar nağıl eyləyirlər ki, Qəndəhar şəhərində Ədil adlı bir padşah var idi. Ədil padşah o qədər varlı, dövlətli idi ki, dəryalar mürəkkəb olsa idi meşələr qələm, onun dövlətini hesablamaq olmazdı. Ədil padşah bir gün başını qırxdırmaq üçün bir dəllək çağırtdı. Dəllək, naşı idi, padşahın başını qırxıb, tükünü qabaq tərəfdən döşünə tökdü. Padşah başının tükünü ağarmış görəndə bir yanıqlı ah çəkdi. Bildi ki, ömrünün, gününün keçmiş vaxtıdı. O saat vəziri çağırtdırdı. Elə ki vəzir gəldi, padşah üzünü ona tutub dedi:
– Ay vəzir, özün mənim dövlətimin, malımın həddən aşdığını yaxşı bilirsən. Günün keçib, başım gora titrəyir. Mən öləndən sonra bu mal-dövlətə sahib olub çırağımı yandıran bir evladım yoxdu. De görüm, bu barədə tədbirin nədi?
Vəzir dedi:
– Təsəddüqün olum, sən mal-dövlətini üç qısım elə. İki qısmını fağır-füğaraya payla, bəlkə evladın ola. Ədil padşah dövlətini üç qısım elədi. İki qısmını fağır-füğaraya payladı.

Bundan xeyli keçdi. Bir gün padşahın qapısına bir dərviş gəldi. Padşah ona pay verdi. Dərviş payı almayıb dedi:
– Biz pay alan dərvişlərdən deyilik, pay verən dərvişlərdənik.
Dərviş bu sözdən sonra cibindən bir alma çıxardıb, padşaha verib dedi:
– Bu almanı soy, qabığını qulunluğundan doğmayan Qəmərnişan madyana ver; özünü də iki qisım elə, bir qisminı sən ye, bir qismini da arvadın yesin. Çox keçməz ki, bir oğlun olar. Oğlunun adını Şah İsmayıl qoy. Qəmərnişan madyanın da bir qulunu olar, onun da adını Qəmərday qoy. Şah İsmayıl o Qəmərdaydan savayı heç bir at gəzdirə bilməz. Şah İsmayılın başına çox qəza-qədər gələr, axırda mətləbinə çatar, tacıtaxtına sahib olar.
Ədil padşah dərvişdən almanı aldı, arvadının yanına gəldi. Almanı soydu, qabığını Qəmərnişan madyana verdi, özünü də iki qısım elədi, birini arvadı, birini də özü yedi. Aylar keçdi, Ədil padşahın bir oğlu oldu. Oğlanın adını Şah İsmayıl qoydular. Şah İsmayıl anadan olan günü Qəmərnişan madyanın da bir yaxşı qulunu oldu. Qulunu Qəmərday adlandırdılar. Qəmərdayı tövləyə bağlayıb, muğayat olmağa başladılar.
Ədil padşah oğlunu dayaya verdi. Şah İsmayıl yeddi-səkkiz yaşına çatdı. Ədil padşah o zamanın adətilə oğlunu yaman gözdən saxlamaq üçün zirzəmidə ona məxsus bir otaq qurdurdu. Bir molla ona burada dərs verməyə başladı. Günlər keçdi, aylar dolandı, Şah İsmayıl böyüyüb on beş yaşına çatdı. Elə idi ki, zirzəmidə yaxşı xörəklərdən yeyib, yeddi-yaşar buğaya dönmüşdü, əlinə keçəni vururdu, qırırdı. Şah İsmayılın bu nadincliyinə görə, aşpaz ona həmişə sümüksüz xörək verərdi. Bir gün molla ilə aşpaz şəhərə çıxmışdı. Şah İsmayılın yemək vaxtı idi. Xörəyi aşpaz şəyirdi hazırladı, sümüyünü çıxartmamış apardı. Şah İsmayıla verdi. Şah İsmayıl xörəyi yediyi vaxt sümük əlinə keçdi. Şah İsmayıl ha çalışdı sümüyü qıra bilmədi. Dedi, yəqin bu da ət ağacıdı. Sümüyü bərk salvey-ladı. Sümük əlindən güllə kimi çıxdı, dəyib şüşəni sındırdı, zirzəmiyə gün düşdü. Şah İsmayıl ta uşaqlıqdan bəri işıqlı dünyaya çıxmamışdı. Ayı, günü görməmişdi. O elə bildi ki, içəri düşən gün pəhləvandı, onunla güləşməyə gəlir. Ha çalışdı, günü tuta bilmədi. Üzü üstə yıxıldı, günün şüaları onun üstünə düşdü. Əlini uzatdı, əlinə gəlmədi. Şah İsmayıl gün ilə o qədər əlləşdi ki, lap qan-tərə batdı. Bu vaxt molla şəhərdən qayıtdı. Halı belə görüb, tez əmmaməsini götürüb, gün düşən yerə basdı. Şah İsmayıl ha vaxtdan bəri tutmağa çalışdığı gün yox oldu, dedi:
– Ay molla əmi, o mənimlə güləşən pəhləvanı neynədin?
Molla dedi:
– Ay bala, o quş idi, uçdu getdi. Sən onu tuta bilməzdin.
Şah İsmayıl dedi:
– Molla əmi, and olsun babamın taxtına, düzünü deməsən, səni çəkib ortadan cıraram, de görüm o nədi? Molla gördü bu hır-zır qanmır, bir az da oyan-buyan danışsa dəli inək balasını ayaqlayan kimi onu ayaqlayacaq. canının qorxusundan dedi:
– Ay bala, hər yer bura kimi qaranlıq zirzəmi deyil. İşıqlı dünya var, yaxşı ay var, gün var, yaxşı gəzməli yerlər var.
Şah İsmayıl dedi:
– Molla əmi, bə elə şeylər var, məni niyə zirzəmiyə salıb, ömrümügünümü çürüdürsünüz? İndi ki, o dediyin yerlərə getmək olar, onda get atama deyinən oğlun işıqlı dünyaya çıxmaq istəyir.
Molla Ədil padşahın yanına gəldi. Əhvalatı ona söylədi. Ədil padşah, gözünün ağı-qarası bir oğlu varıdı, sözünü yerə salmadı. Şah İsmayılı zirzəmidən çıxartdı, özü ilə bərabər əyanların məclisinə apardı.
Bir gün Şah İsmayıl vəzir ilə Qəndəhar şəhərinə gəzməyə çıxmışdı. Şəhərdə bir dəstə atlı, yaraqlı adam gördü, onların nəçi olduğunu vəzirdən xəbər aldı.
Vəzir dedi:
– Bunlar xoş səfalı, güllü-gülzarlı yaylaqlardan şikar eləyib gəlirlər. Şah İsmayılın könlü atlandı, səfalı yaylaqlarda şikar eləmək həvəsinə düşdü. Dedi:
– Vəzir, get atamdan izn al, biz də şikara çıxaq. Vəzir şahın hüzuruna gəldi. Oğlunun şikara getmək istədiyini söylədi. Şah dedi:
– Vəzir, izn verməyə ürəyim gəlmir. Amma gözümün ağı-qarası bir oğlumdu, qəlbini də sındıra bilmirəm. Əvvəl ona pəhləvanlıq məşqini öyrətdir, sonra özünlə şikara apar. Gözdə-qulaqda ol, özgə padşahın torpağına keçməsin.
Vəzir Şah İsmayılın yanına qayıtdı, atasının dediklərini ona dedi. Şah İsmayıl az zamanda şikar məşqini öyrəndi. Tövlədə bəslənmiş Qəmərdayı mindi, vəzir, vəkil, bir xeyli də atlı ilə şikara çıxdı. O qə-dər gəldilər ki, axırda Ədil padşahın torpağından çıxdılar. Bu vaxt vəzir dedi:
– Şahzadə, bura özgə padşahın torpağıdı. Başımızda qoşun azdı; şəhərə qayıdaq, çoxlu qoşun götürüb, sonra şikara çıxaq.
Şah İsmayıl əlacsız vəzirin dediyinə razı oldu. Şəhərə qayıtdılar. Bir neçə gündən sonra yenə Şah İsmayıl atasından şikara getməyə izn aldı. carçılar şəhərə düşdü. Şah İsmayılın uzaq şikar səfərinə getdiyini hamıya xəbər verdilər. Şəhər əhlindən özünə gümanı gələn atlanıb Şah İsmayılın başına toplandı. Şah İsmayıl vəzir, vəkil, qoşun ilə atlanıb, şikara çıxdı. Dağlarla, düzlərlə ov ovlaya-ovlaya o qədər getdilər ki, yenə özgə padşahın torpağına addadılar. Vəzir irəli yeriyib dedi:
– Şahzadə, bura özgə padşahın torpağıdı. Bizdən torpaqbasdı alarlar. Şah İsmayıl dedi:
– Onu qılınc bilər, sürün gedək!..
Bəli, getdilər, getdilər, axırda güllü, çiçəkli bir dağa yetişdilər. Dağda şikar elədikləri vaxt şahzadə birdən bir ceyrana rast gəldi. ceyranın ipək-dən çulu var idi. Çulun hər tərəfində qızıl qumrovlar asılmışdı. Şah İsmayıl ceyranı diri tutmaq istədi. Üzünü qoşuna tutub dedi:
– Bu ceyranı hər tərəfdən ortaya alın, bəlkə diri tuta bilək. And olsun babamın tacına, ceyran hər kimin tərəfindən qaçsa onun boynunu vurduracağam.
Qoşun ceyranı üzük qaşı kimi araya aldı.
Bunlar burda qalsınlar sizə kimdən danışım, Gülzardan. Gülzar türkmanlı Mahmud paşanın qızı idi. Gözəlliyi ilə bütün Türkmanda məşhur idi. Çox padşahlar, paşalar, xanlar onu istəmişdisə də atası verməmişdi. Gülzar istəməyə-istəməyə öz əmisi oğlu Heydər bəyə adaxlanmışdı. Toy vaxtına da az qalmışdı.
Günlərin bir günündə Gülzar başında qırx kəniz seyrə çıxmışdı. Səfalı yaylaqları gəzə-gəzə gəlib çıxdılar haman dağa. Dağın ətəyində çadır qu-rub kənizləri yerbəyer elədi, sonra ceyran donuna düşüb, dağı dolanırdı ki, Şah İsmayıla rast gəldi. Gülzar dağdan enib, çadırına gəlmək istədi, gördü dörd yanı atlı qoşun bürüyüb, heç bir yana çıxmaq mümkün deyil. Əlacı hər yandan kəsilib, süzgün-süzgün atlılara baxmağa başladı. Birdən gözü Şah İsmayıla sataşdı. Gördü, on yeddi, on səkkiz yaşına yenicə girmiş, qaraqaş, qaragöz, bir cavandı. Bir könüldən, min könülə ona aşiq oldu. Dalınca gəlsin deyə, əl-ayağını yığışdırıb, ona kəklik kimi Şah İsmayılın başının üstündən sıçradı, qaça-qaça gedib öz çadırına girdi.
Şah İsmayıl adamlarına dedi: – İndi ki, bu ceyran məni h
amıdan fağır tapdı, mən də onun dalınca tək gedəcəyəm. Heç kəs mənimlə gəlməsin.
Şah İsmayıl bu sözdən sonra Qəmərdaya bir acı qamçı çəkib, ceyranın dalınca tərpəndi. Qəmərday yeldən yeyin, sudan iti gedirdi. Şah İsmayıl aman verməyib, Gülzar ilə daban basaraq obaya yetişdi. Baxdı ki, bura doludu qızla. Dedi:
– Qızlar, mənim şikarım ceyran buraya gəldi. Onu neylədiniz? Kənizlərin içindən kənizbaşı qarı irəli durub dedi:
– Yazıq xanımımı dağdan bura kimi qovlayıb, bağrını yardığından utanmırsan, hələ ceyranımı neylədiniz də deyirsən?!
Şah İsmayılın hələ işdən xəbəri yox idi. O elə bilirdi ki, şikarı doğrudan da dağ ceyranıdı. Öz-özünə dedi: Gəl kənizbaşı qarıya qovalayaqovalaya nə qədər zəhmət çəkdiyini de, bəlkə insafa gəlib davasız, şavasız ceyranı verə:
Aldı Şah İsmayıl, görək nə dedi:

Mən ovçuyam, öz ovumu ovlaram,
Alacağam, nənə, ceyran mənimdi.
Yeddi ələn aşırıban qovladım,
Alacağam, nənə, ceyran mənimdi.

Aldı qarı cavabında:

Mən ceyranı yeddi ildi saxlaram,
Kərəm eylə, oğlan, ceyran mənimdi,
Gündə üç yol çörək yeyib yoxlaram,
Kərəm eylə, oğlan ceyran mənimdi.

Aldı Şah İsmayıl:

Mən ovçuyam, buraxmaram bu ovu,
Etdim o heyvana çox haqqı-sayı,
Əbəs ki, yormadım mən Qəmərdayı?
Alacağam, nənə, ceyran mənimdi.

Aldı qarı:

Qızıl qumroy düzdürmüşəm ətəkdən,
ceyranımı çullamışam ipəkdən,
Bəzəmişəm əlvan-əlvan çiçəkdən,
Kərəm eylə, oğlan, ceyran mənimdi.

Aldı Şah İsmayıl:

Şah İsmayıl heç danışmaz ləcinən,
İşim yoxdu mazaratnan, bicinən,
Verməsən də alacağam gücünən.
Alacağam, nənə, ceyran mənimdi.

Aldı qarı:

Mən qarıyam bu qürbətdə qalaram,
Dərd əlindən saralaram, solaram,
Təsəllimi bu ceyrandan alaram,
Kərəm eylə, oğlan, ceyran mənimdi.

Şah İsmayıl gördü ki, onlar ceyranı xoşluqla vermək istəmirlər. Zor-layıb çadıra girmək istədi. Gülzar çadırda Şah İsmayılın dediklərini eşi-dirdi. Məhəbbəti birə min artmışdı. Özünə yeddi qələm ilə zinət verib, on dörd gecəlik ay kimi şəfəqləndi, onun qabağına çıxdı. Şah İsmayıl başdan-ayağa, ayaqdan-başa ala-şala bəzənmiş, yanaqları qızılgül qön-çəsi, dodaqları qan piyaləsi kimi qızı görəndə ürəkdən ona vuruldu. Özünü saxlaya bilmədi, bihuş olub, atdan yerə yıxıldı.
Gülzar Şah İsmayılın birdən atdan yıxıldığını görəndə yanındakı Banı kənizə dedi:
– Ay qız, görəsən bu yazığı kim vurdu?
Gülzarın bu sualına bütün qızlar gülüşdülər. Banı sazı döşünə basıb dedi:
– Qulaq as, deyim kim vurdu.

Aldı Banı, görək nə dedi:

Görəcəyin oğlanı atından saldı,
Çıxıbdı yaxandan, bax, məmələrin.
Əcəlsiz, azarsız canını aldı,
Qaytar, tez yerinə tax məmələrin.

Qaşların cəlladdı, gözlərin sirdi,
Dodağın qaymaqdı, dişlərin dürdü,
Yanağın almadı, ləbin bülurdu,
Salıbdı aləmə şox məmələrin.

Banı kəmərini qurşayıb beldən,
İrəngin artıqdı qonçadan, güldən,
Sən istəsən o oğlanı dirildən,
Oyçala, ağzına sıx məmələrin.

Gülzar işi çoxdan duymuşdu. Amma qızlar bilməsin deyə üzə salmırdı. Banıya dedi:
– Ay qız, hayıfdı, o cavanın üzünə su səp, bəlkə ayıla.
Banı Şah İsmayılın üzünə su səpdi. Şah İsmayıl ayıldı, aldı, görək nə dedi:

Qaçırdım, ceyrana çata bilmədim,
Göründü gözümə nuri-didarı.
Çapdım Qəmərdayı, yetə bilmədim,
Düşübdü canıma atəşi, narı.

Əlvan əlin gördüm, gülgəz yanağın,
Zərnişan dəstində sədəf dırnağın,
Almaya, heyvaya bənzətdim bağın,
Açıldı, göründü sədri-mərməri.

Qırxlar məclisində əzildi gilə,
Oxudu lal dilim, döndü bülbülə,
Xuda, sən kömək et Şah İsmayilə,
Bəlkə ala bilə bu Gülüzarı.

Gülzarın könlü Şah İsmayılda idi. Amma istəmirdi ki, dağdan ona qoşulub qaçsın. Bilirdi ki, Şah İsmayıl vuran-tutan bir qoçaq oğlandı. Haraya getsə dalınca gəlib onu tapacaq. Şah İsmayıl sözünü bitirər-bitirməz Gülzar sarvanlara hökm elədi getməyə hazırlaşsınnar. Şah İsmayıl Gülzarın getməyini görüb, aldı, görək nə dedi:

Ala gözlü, nazlı ceyran,
Səndən ayrıla bilmərəm!
Xallarına oldum heyran,
Səndən ayrıla bilmərəm!

Aldı Gülzar cavabında:

Qəndəhardan gələn oğlan,
Sən get, oğlan, mən səninəm!
Məni dərdə salan oğlan,
Sən get, oğlan, mən səninəm!

Aldı Şah İsmayıl:

Səhərin dan ulduzusan,
Aşığın şirin sözüsən,
Bilmirəm kimin qızısan,
Səndən ayrıla bilmərəm!

Aldı Gülzar:

Səhərin dan ulduzuyam,
Aşıqlar söhbət-sazıyam;
Mahmud paşanın qızıyam,
Sən get, oğlan mən səninəm!

Aldı Şah İsmayıl:

Şah İsmayıl yana-yana,
Yanda bağrım döndü qana,
Mən gəldim, sənə qurbana,
Səndən ayrıla bilmərəm!

Aldı Gülzar:

Gülüzarım, oldum dəli,
İlqar edən verər əli.
Özgələrə deməm bəli,
Sən get, oğlan mən səninəm!

Şah İsmayıl Gülzarın ona meyli olduğunu bildi. Məhəbbəti daha da artdı, coşdu, aldı, görək nə dedi:

Aldı Şah İsmayıl:

Bir ceyranı qova-qova gətirdim,
İtirdim burada bir şikar, yeri!
Gözəllər yığılıb xəndan etdilər,
Oldular ceyrana haşakar, yeri!

Aldı Gülzar:

İtirdin ceyranı, tapdın maralı,
Yalqızsanmı, yoldaşın da var, yeri!
Səni saldım yanar-yanmaz odlara,
Qalx, çək bundan belə ahu zar, yeri!

Aldı Şah İsmayıl:

Həmişə çəkərəm bu ahu zarı,
Salıbsan könlümə yanan qubarı.
Aç yaxan, görünsün Savalan qarı,
Sataşsın gözümə qoşa nar, yeri!

Aldı Gülzar:

Oğlan, sən dəlisən, yoxsa divana?
Gedib ərz eylərəm ədalət xana;
Bir bülbül ki, gəlib girsə gülşana,
Almazmı bağbandan ixtiyar, yeri?!

Aldı Şah İsmayıl:

Qız, ayıb olmasa, de nədir adın?
Qıya baxdın, sınıq könlüm budadın;
Nişanlısan, yoxsa varmı namzadın?
Dolanıbmı ətrafında sar, yeri?!

Aldı Gülzar:

Mən gələndə evimizdə toyudu,
O toylar da mən gözəlin loyudu.
Sona kəklik tülək tərlan oyudu,
Dolanmayıb ətrafımda sar, yeri!

Aldı Şah İsmayıl:

Bülbül kimi ayrılmışam gülümdən,
Tərk olmuşam vətənimdən, elimdən,
Şah İsmayıl, ikimizin dilindən,
Gəl qoyaq arada bir ilqar, yeri!

Aldı Gülzar:

Ellərimiz vardı işvəli, nazlı,
Göllərimiz vardı ördəkli, qazlı,
Babam türkmanlıdı, anam şirazlı,
Öz adım Gülüzar, al xabar, yeri!

Hər iki sevgili sözünü tamam elədi. Arada əhd-peyman qoyuldu.
Üzüklərini bir-birinə nişan verdilər. Gülzar Şah İsmayıl ilə halallaşıb ayrılanda dedi:
– Altı ay səni gözləyəcəyəm, gəldin, səninəm, gəlmədin, atam toyumu eləyib əmim oğlu Heydər bəyə verəsidi. Gülzar Şah İsmayıldan ayrılıb kəcavəyə əyləşdi. Sarbanlar kəcavəni çəkdi. Gülzarı Türkmana gətirdilər.
Gülzar Türkmanda Şah İsmayılın yolunu gözləməkdə olsun, sizə Şah İsmayıldan danışım. Şah İsmayıl Gülzardan ayrılıb, Qəmərdaya mindi, üz qoydu qoşuna tərəf getməyə. Çox getdi, az getdi, bir müddətdən sonra qoşuna yetişdi. Vəzir, vəkil, qoşun Şah İsmayılı məlul görüb, əl-ayağa düşdülər, dedilər:
– Şahzadə, niyə belə məlulsan? Harada idin?
Aldı Şah İsmayıl, görək nə dedi:

Ay həzərat, ay camaat,
Görün nələrdən ayrıldım.
Alma yanaq, ayna qabaq,
Dili şəkərdən ayrıldım.

Yar oduna qalanmadım,
Dilbərdən kamım almadım.
Bir gecə mehman olmadım,
Gülüzlü yardan ayrıldım.

Şah İsmayıl eylər dilək,
Həsrət qoydu bizi fələk.
Sərv boylu, huri, mələk,
Mən Gülzardan ayrıldım.

Vəzir, vəkil Şah İsmayılın Gülzara aşıq olduğunu bilib dedilər:
– Şahzadə, vətənimizə gedək, əvvələn el adəti üzrə elçi göndərib qızı istəyək. Nə vaxt xoşluqla olmasa, onda qoşun çəkərik, zornan alıb gətirərik.
Şah İsmayıl onların sözünə razı oldu. Qoşun ilə bərabər qayıdıb Qəndəhara gəldi. Ədil şah oğlunu yanına çağırıb dedi:
– Oğul, şikarın necə keçdi? Yaxşı gəzdin, dolandınmı?
Aldı Şah İsmayıl, görək nə dedi:

canım ata, gözüm ata,
Şah, dərdimi necə deyim?!
Ağ saqqalın nura bata,
Şah, dərdimi necə deyim?!

Səhərin dan yıldızıdı,
Aşığın söhbət-sazıdı,
Mahmud paşanın qızıdı;
Şah, dərdimi necə deyim?!

Şah İsmayıl, bağça-bardı,
Çəkdicəyim ahuzardı;
Yarın adı Gülüzardı;
Şah, dərdimi necə deyim?!

Ədil şah dedi:
– Oğul, Qəndəhar şəhərində Gülzar kimi bir gözəl olsa, alsan, bu sevdadan əl çəkərsənmi? Şah İsmayıl dedi:
– Şah baba, hərgah Qəndəharda Gülzar kimi gözəl olsa, könlüm onu sevsə, alıb qalaram. Səni, anamı gözü yaşlı qoyub getmərəm.
Ədil padşah bu sözdən şad oldu. car çəkdirdi. Bütün Qəndəhar şəhərində olan gözəl qızlar güllü bağa yığışdılar. Ədil padşah, Şah İsmayıl, vəzir, vəkil güllü bağa qızları görməyə gəldilər. Şah İsmayıl qızlara ha göz gəzdirdi, Gülzara bənzəyən bir gözəl görə bilmədi. Aldı, görək nə dedi:

Hurilər, pərilər yığılıb bağa,
Heç birisi Gülüzara bənzəməz.
İşvələri, qəmzələri, nazları,
Heç birisi Gülüzara bənzəməz.

Kimi al geyinib, kimi qırmızı,
Kimi gül döşürür, kimi nərgizi,
Hamıdan göyçəkdi vəzirin qızı,
Heç birisi Gülüzara bənzəməz.

Kim al geyinib, kimi turabı,
Kimisi üzünə çəkib niqabı,
Deyil bunlar Şah İsmayılın babı,
Heç birisi Gülüzara bənzəməz.

Şah İsmayıl qızların heç birisini bəyənmədi. Hamısı xamdamaq ev lərinə qayıtdı. Ədil padşah Şah İsmayılın qızlardan heç birini bəyənmədiyinə çox qəzəbləndi, dedi:
– Öz günahın öz boynuna, hayana gedirsən, get! Mən bir qızdan ötrü Türkmana qoşun çəkib dava eləyə bilmərəm!
Şah İsmayıl atasından bu sözü eşidib barigahdan çıxdı, Qəmərdayın ziltənkini bərkitdi, belinə qalxdı, sürüb, anasının yanına gəldi, ondan getmək üçün rüsxət istədi. Şah İsmayılın anası Səlmə xanım oğlunun belə uzaq səfərə getmək istədiyini eşidib, gözlərindən yaş tökdü, dedi:
– Ay oğul, belə uzaq səfərə gedirsən, bəs köməyin hanı?
Aldı Şah İsmayıl, görək nə dedi:

Ana, südün halal eylə,
Gözlərindən tökmə abı.
Qorxma, səfərdən dönərəm;
Ayrılığa gətir tabı.

Gedirəm, yolum iraxdı,
Bülbül ötər səhər vaxtı,
Boş qalmasın babam taxtı,
Yıxılmasın o mehrabı.

Qəmərdayı mindim yola,
Ərənlər də mənlə ola...
Köməkdi Şah İsmayıla,
Mən oldum xak-turabı.

Şah İsmayıl anası ilə halallaşıb yola düşdü. O qədər at sürdü ki, axırda Gülzarla ilk tapışdığı dağa yetişdi. Sevgilisi yadına düşdü, aldı, görək nə dedi:

Mübtəlayam bir beymürvət gözələ,
İllərətən mən də hayanım indi.
Getdim gördüm köç eləyib yurdundan,
Nazlı dilbər, yarəb, hayanım indi.
Məcnun kimi məskən saldım bu dağa,
Bülbül oldum qondum dağa, budağa,
Fərhad kimi sığal verdim bu dağa;
Züleyxa tək mən də hayanım indi.

Şah İsmayıl, günlər keçdi vətəndən,
Ağıl başdan getdi, ruh da bədəndən,
Yusif kimi ayrı düşdüm Kənandan,
Misirdə alışmış ha yanım indi.

Şah İsmayıl göy çəmənli dağda könlünün ilk sevgilisini yad eliyəndən sonra yenə yoluna davam elədi. İldırım kimi at sürüb gedirdi, bir də yoldan xeyli kənarda, başı ərşə çəkilmiş bir saray gördü. Atın başını döndərib, saraya gəldi.
Bu saray yeddi qardaşın sarayı idi. Yeddi qardaş davaya getmişdi. Sarayda təkcə bacıları Rəmdar Pəri qalmışdı. Saray çox möhkəm idi. Heç bir tərəfdən də qapısı yox idi. Şah İsmayıl sarayın dörd tərəfini ha gəzdi, içəri girməyə yol tapmadı. Aldı, görək nə dedi:

Hərləndim, yoxdu qapısı,
3 Saray, səndən yol istərəm.
Uca yapılıb barısı,
Saray, səndən yol istərəm.

Üst tərəfin qarlı bağdı,
Alt tərəfin bağçadı, bağdı,
İçin hasar, bənd otaqdı,
Saray, səndən yol istərəm.

Sədəfli sazı yendirrəm,
Sinəmin üstə mindirrəm,
Tilsim də olsan sındırram,
Saray, səndən yol istərəm.

Gün çıxar, sənə yayılı,
Yatan quşların ayılı,
İncitmə Şah İsmayılı,
Saray, səndən yol istərəm.

Şah İsmayılın sözünə cavab verən olmadı. Gürzü çəkib barıya vurdu, bir tərəfdən yol açdı, saraya girdi. Altı otaq keçdi, yeddinci otaqda bir qız gördü. Salam verdi, qızın adını soruşdu.
Qız dedi:
– Adım Rəmdar Pəridi.
Şah İsmayıl gördü Rəmdar Pəri çox qəmgindi. Elə bil ki, könlündə böyük bir arzusu var, amma arzuya çatmağa heç bir gümanı yoxdu. Aldı, görək Pəri nə dedi:

Başına döndüyüm Pəri,
Nə var könlündə, könlündə?
Yolunda qoyaram səri,
Nə var könlündə, könlündə?

Aldı Rəmdar Pəri:

Eşq oduna alışmaram,
Küsülüyəm, barışmaram,
Dindirsən də danışmaram,
Bu var könlümdə, könlümdə.

Aldı Şah İsmayıl:

Yar otağa qədəm basa,
Söhbətinə qulaq asa,
Ağ üzündən bir cüt busa,
Nə var könlündə, könlündə?

Aldı Rəmdar Pəri:

Gecə ayaz, gündüz bulud,
Mərd igidin damənin tut,
Oğlan, könlündəkin unut,
Bu var könlümdə, könlümdə.

Aldı Şah İsmayıl:

Mən istərəm burda qalam,
Qollarım boynuna salam,
Qız, səndən kamım alam,
Nə var könlündə, könlündə?

Aldı Rəmdar Pəri:

Dəryada gəzən balıqdı,
Mətləblər verən xalıqdı,
Sən deyən yerlər qoruqdu,
Bu var könlümdə, könlümdə.

Aldı Şah İsmayıl:

Şah İsmayılam, hazaram,
Dərdinə dərman yazaram,
İndi qoruğu pozaram,
Nə var könlündə, könlündə?

Aldı Rəmdar Pəri:

Pəriyəm, qanlar ağlaram,
Zülfüm gərdəndə bağlaram,
Qoruğu sənə saxlaram,
Bu var könlümdə, könlümdə.

Sözlərini tamam elədilər. Şah İsmayıl dedi:
– Rəmdar Pəri, söylə görüm nə üçün sarayda yalqızsan? Nə üçün belə məlul, müşkül oturmusan?
Qız dedi:
– Şahzadə, mən hind xanlarından Nəcəf xanın qızı Rəmdar Pəriyəm. Rəml atıb gələcəyi, keçmişi bilirəm. Özümün də yeddi qardaşım var. Hind şahının oğlu məni istədi. O, bütpərəst olduğundan qardaşlarım məni ona vermədilər. İndi Hind padşahının oğlu qoşun çəkib, məni zor ilə al-maq üçün davaya gəlib. Qardaşlarım ölməyə razıdırlar, məni ona ver-məyə razı deyillər. Ona görə də Hind şahının oğlunun davasına gediblər. Qardaşlarım bir tərəfdədi, Hind padşahı da qoşunla bir tərəfdədi. Bu saat mən baxtıqaranın üstündə qılınc qırğınıdı.
Şah İsmayıl Rəmdar Pəridən bu sözü eşidib, qeyrəti coşa gəldi, Qəmərdayın belinə qalxdı, özünü meydana yetirdi. Gördü yeddi qardaş bir yanda, Hind padşahının oğlu da qoşun ilə bir yanda səf çəkiblər. Öz-özünə dedi: "Mən atımı düz meydanın ortasına sürüb salam verəcəyəm. Hankı tərəf salamımı alsa, o tərəfə kömək edəcəyəm".
Şah İsmayıl bu fikirnən Qəmərdayı düz meydanın ortasına sürüb dedi:

Haqq-taala yaradıb cümlə aləmi,
Mədəd Allah, səndən mənə bir imdad!
Yeriyib ortaya, verdim salamı,
Mədəd Allah, səndən mənə bir imdad!

Yeddi qardaş Şah İsmayılın salamını aldılar. Aldı Şah İsmayıl:

Yaradan yaradıb havada quşu,
Bərqərar eləyib dağ ilə daşı,
Xudam, özün saxla yeddi qardaşı,
Mədəd Allah, səndən mənə bir imdad!

Şah İsmayıl yön çevirsə düşmana,
Kişnər Qəmərdayı, girər meydana,
Çəkər misri qılınc, boyanar qana,
Mədəd allah, səndən mənə bir imdad!

Şah İsmayıl sözün tamam eləyib, yeddi qardaşla özünü bütpərəstlərin qoşununa vurdu. Bir yandan Şah İsmayıl, bir yandan Qəmərday, bir yandan yeddi qardaş düşmanı qılıncdan keçirdilər. Bütpərəstlərin qırılanı qırıldı, qalanı da qaçıb getdi.
Bu tərəfdən yeddi qardaş Şah İsmayılın əlinə-ayağına düşüb, onu saraya gətirdilər. Şah İsmayılın bu yaxşılığından necə çıxmaq üçün fikir eləyirdilər ki, kiçik qardaş dedi:
– Ay qardaşlar, mən bir söz deyim, görün, yaxşı olsa hamımız razı olaq.
Dedilər:
– De görək. Yaxşı olsa razı olarıq.
Kiçik qardaş dedi:
– Biz buna mal, dövlət verməklə razı eləyə bilmərik. Bunun sirindənsifətindən şahzadəlik yağır, pul-mal tamahında deyil. Yaxşısı budu ki, elə bacımız Rəmdar Pərini buna verək.
Kiçik qardaşın məsləhətinə qardaşlar razı oldular. Şah İsmayılın, Rəmdar Pərinin razılığını bilib, onları əl-ələ tapşırdılar. Axşam araya gəldi, yatası vaxt Şah İsmayıl ilə Rəmdar Pərinin yeri bir salındı. Şah İsmayıl misri qılıncı siyirib, qız ilə öz arasına qoydu, yatdı. Bir axşam belə, beş axşam belə keçdi, yeddi qardaşlar gördülər ki, bacılarının rəngi saralır, səbəbini xəbər alırlar. Pəri qardaşlarının cavabında gözünün yaşını töküb dedi:
– Yaman günün yarağı qardaşlar, budu bir aydı ki, məni Şah İsmayıla veribsiniz. Həmişə yatan vaxtda qılıncı sıyırıb araya qoyur. Nə mənə yaxın gəlir, nə dindirir, nə də danışdırır.
Yeddi qardaş Şah İsmayılın yanına gəlib, bacıları ilə belə rəftar eləməyinin səbəbini soruşdular.
Şah İsmayıl dedi:
– Mən Türkmana, Gülzarın dalınca gedirəm. Bəlkə getdim, qayıtmadım. Onda sizin bacınızın yanında üzüqara olaram. İndiyə kimi Rəmdar Pəri ilə bacı-qardaş kimi dolanmışam. Əgər gedib sağ-salamat Gülzarı gətirə bilsəm, onda sizin bacınızı da alaram.
Şah İsmayıl Rəmdar Pəri ilə, yeddi qardaşla halallaşıb Türkmana getmək istədi.
Qardaşlar dedilər:
– Şahzadə, indi ki, gedirsən, get! Yaxşı yol! Muradına çatasan! Amma Türkmana iki yol gedir. O yolun biri ilə üç aya, biri ilə on günə getmək olar. Üç aylıq yol səlamət, on günlük yol məlamətdi. Çünki o yolu Ərəb Zəngi adlı bir pəhlivan kəsib. Gələnin, gedənin malını, dövlətini soyub, özünü də öldürür, leşindən hasar, başından minarə tikdirir. Bizdən eşitsən, üç aylıq yol ilə gedərsən.
Şah İsmayıl dedi:
– Qurddan qorxan qoyun saxlamaz. Mən ölümümü gözümün qabağına alıb, Türkmana qılınc zoruna qız gətirməyə gedirəm. Siz məni Ərəb Zəngi ilə qorxudursunuz. Mən yüz elələrindən qorxmaram. Hamısını misri qılıncdan keçirərəm. Gülzar ilə bağladığım peymanın vaxtına az qalır. On günlük yol ilə getməliyəm.

Şah İsmayıl yeddi qardaşdan ayrılıb, atını sürdü ki, getsin, bir də geri baxanda Rəmdar Pərini gördü. Qəmərdayın cilovunu çəkib, əyləndi, aldı, görək nə dedi:

Yarım yenə çıxıb gülşən seyrinə,
Ətrafında bağça necə, bağ necə?
Səryaqıbın tənə-tənə sözləri,
Sinəm üstə düyün necə, dağ necə?

Əlinə yaxıbdı əlvan xınasın,
Guşuna taxıbdı qızıl tanasın,
Həvəslənib sıxam turunc məməsin,
Qanı qaça, yeri qala ağ necə?

Şah İsmayıl bu yolların naşısı,
Yaman olar nazlı yarın acısı,
Pəri xanım yeddi qardaş bacısı,
Ayrı düşə məşuqundan sağ, necə?

Şah İsmayıl sözünü tamam elədi. Rəmdar Pəriyə ürək-dirək verdi, könlünü aldı, yoluna davam elədi. Bir yandan Rəmdar Pəridən ayrılığı, o biri yandan sevgilisi Gülzarın həsrəti Şah İsmayılı dəli-divana eləmişdi. Qəmərdaya acı qamçı çəkib, yeldən yeyin, sudan iti gedirdi. Yola bələd deyildi deyin, elə hey gedirdi, amma heç bilmirdi ki, hara gedir. Belə-belə səkkiz gün at sürdü, doqquzuncu gün Ərəb Zənginin qalasına çatdı. Ərəb Zəngi yolun qırağında dayanmışdı. Şah İsmayılı görüb dedi:
– Allah səni mənə yaxşı yetirdi. Hasarımın başa gəlməyinə bir baş lazım idi, minaramın başa gəlməyinə bir leş. İndi başını kəsib hasara qoyaram, leşini də minaraya.
Şah İsmayıl Ərəb Zənginin cavabında dedi:
– Ay Ərəb Zəngi, yeməmişdən gəyirmə. Hələ nə mən sənin gücünü görmüşəm, nə də sən mənim gücümü. Nə bilək, kim kimi basacaq?
Ərəb Zəngi qəzəblənib dedi:

Yenə qafil bir ov çıxdı qarşıma,
Hürküb ovçusundan, baş verib gedər!
Qorxusundan dodaqları çatlayar,
Ağlayıb, gözündən yaş verib gedər!

Aldı Şah İsmayıl:

Qəndəhardan gəldim murad almağa,
Yol ver, ərəb, yol ver, incitmə məni!
Mən gəlmədim bu diyarda qalmağa,
Yol ver, ərəb, yol ver, incitmə məni!

Aldı Ərəb Zəngi:

Çoxları adlayıb o yandan bəri,
İgidlər əlimdən çəkiblər zarı,
Kəllədən minara, leşdən hasarı,
Buraya gələnlər baş verib gedər!

Aldı Şah İsmayıl:

Qaradı qaşları, Kəbə meracı,
Çəkərəm, yıxaram hasarı, burcu,
Kəsərəm başını, yoxdu əlacı,
Yol ver ərəb, yol ver, incitmə məni!

Aldı Ərəb Zəngi:

Oğlan, mey içmisən, yoxsa da bəngi?
Qorxudan saralıb üzünün rəngi,
Hələ eşitmədin Ərəb Zəngi?
Çox sənin kimilər baş verib gedər!

Aldı Şah İsmayıl:

Bir sən gəl bax qaynağıma, coşuma,
Əl vura bilməzsən tərlan quşuma,
Bax Şah İsmayılın tər savaşına,
Yol ver, ərəb, yol ver, incitmə məni!

Şah İsmayıl istədi oradan davasız-şavasız keçib getsin, Ərəb Zəngi yol vermədi, nərə çəkib davaya girişdi. Qılınca əl atdılar, qılıncdan murad hasil olmadı. Əmuda, nizəyə, kəməndə əl atdılar, yenə murad hasil olmadı.
Axşam oldu, davanı sabaha qoydular. Ərəb Zəngi Şah İsmayıla dedi:
– Ay pəhlivan, indi sən burada qəribsən, gəl gedək bu axşam mənim qonağım ol. Sabah açılsın, meydana çıxarıq. Allah ya sənə verər, ya da mənə.
Şah İsmayıl Ərəb Zənginin sözünə razı oldu. Onunla bərabər qalaya getdi. Gördü Ərəb Zənginin böyük cəlalı var. Ərəb Zəngi Şah İsmayıla yemək verdi. Özü də çörək, xörək yeyib, yataq otağına getdi. Dava paltarını çıxartdı, yatağa girdi, şirin yuxuya getdi.
Şah İsmayılın canına qorxu düşmüşdü. Nə boğazına çörək gedirdi, nə gözünə yuxu. Deyirdi: mən sabah bu pəhlivanın əlində necə olaca-ğam? Çox güclü pəhlivandı. Bir də onunla meydana girsəm yəqin ki, salamat qurtara bilməyəcəyəm, muradım gözümdə qalacaqdır.
Fikir, xəyal şah İsmayılı elə çulğamışdı ki, yuxusu bir əppək olub qalxmışdı göyə, nə qədər əlləşirdi, yata bilmirdi.
Qərəz, o yana çevrildi, bu yana çevrildi, gördü yox, yata bilməyəcək, durdu ayağa ki, bir az gedib dolansın; bəlkə fikri dağıla.
Qala çox böyük idi. Hər tərəfə yol var idi. Şah İsmayıl hər tərəfi gəzdi, dolaşdı, axırda gəlib rəngbərən xalılarla bəzənmiş bir otağa çıxdı. Nə gördü? Bu bəzəkli otaqda bir qız yatıb, bir qız yatıb ki, elə bil qüd-rətin kərəmi coşa gəlib, gözəllik paylayanda ilk qələmi bu qıza çəkib. Şah İsmayıl qıza, otağa tamaşa eləyirdi, bir də gözü yuxarıdan asılmış Ərəb Zəngi libasına sataşdı. Qaldı mat-məəttəl, bu nə sirdi. Bu qız niyə belə paltar geyib, gəlib-gedənlə vuruşur?
Şah İsmayıl bu fikirlə gecəni sabah elədi. Amma fikrini heç bir yana çıxarda bilmədi. Bəli, sabah açıldı. Şah İsmayıl geyimli, gecimli meydana gəldi. Nərə çəkib Ərəb Zəngini istədi.
Ərəb Zəngi nərə səsinə oyandı; polad paltarla başdan geyindi, ayaqdan qıfıllandı, başdan geyindi, ayaqdan geyindi, başdan qıfıllandı, Şah İsmayılın meydanına gəldi. Hər iki pəhlivan güştü tutub güləşməyə başladılar.
Ərəb Zənginin gözləri qızmışdı. Ac şir kimi ona tərəf yönəldi, Şah İsmayılı götürüb yerə vurdu. Xəncərini çəkib sinəsinə çökdü. Şah İsmayıl dedi:
– Ay pəhlivan, bizlərdə qaydadı, pəhlivan pəhlivanı birinci dəfə yıxanda öldürməz. Ərəb Zənginin Şah İsmayıla yazığı gəldi. Onu öldürmədi, buraxdı. Bu dəfə də Ərəb Zəngi Şah İsmayılı yıxdı.
Şah İsmayıl dedi:
– Pəhlivan, ərənlər üçə deyib. Bu dəfə də məni öldürmə, üçüncü dəfə yıxsan öldürərsən.
Ərəb Zəngi yenə onu bağışladı. Təzədən güləşməyə başladılar. Şirin güləşmə zamanı Şah İsmayıl əlini Ərəb Zənginin polad geyiminin altına saldı, döşlərindən tutub, elə sıxdı ki, Ərəb Zənginin qolları boşaldı, çevrilib yerə yıxıldı. Nə qədər əlləşdisə, Şah İsmayılın əlindən çıxıb qalxa bilmədi.
Axırda dedi:
– Pəhlivan, namərdlik eləməsəydin məni yıxa bilməzdin. Mənim sənin cavanlığına yazığım gəldi, öldürmədim. İndi fürsət sənin əlinə keçib, istəyirsən öldür, istəyirsən öldürmə. Mən sənə yalvarmayacağam. Mən qız, sən oğlan.
Şah İsmayıl dedi:
– Ərəb, mən sənin qız olduğunu gecədən bilirəm. İki dəfə məni yıxdın öldürmədin, doğrudan da mərdsən. İndi sən gəl məni öz sirrinndən agah elə görüm, sən kimsən? Belə gün keçirməyinin səbəbi nədi?
Ərəb Zəngi dedi:
– Mən ərəbistanlı Mahmud paşanın qızıyam. Atam öləndən sonra mən qardaşım Əhmədin umuduna qaldım. Əhmədin işi-peşəsi başında qırx haramı xalqı çalıb-çapıb, mal-dövlət yığmaq idi.
Əhməd başındakı haramılar ilə hər gün bir yerdə qalıb, keyf eləyərdi. Bir axşam da başındakı haramılarla öz evimizə gəldi ki:
– Bacı, bu axşam sən evdən çıx, bir başqa yerə get, biz burada bir balaca məclis keçirəcəyik. Mən razı olub, qonşumuzun evinə getdim. Elə ki, qaranlıq düşdü, bir də gördüm ki, hər haramı, budu, özü ilə bəra-bər bir də bir qız gətirib, qapıda atdan düşürür, bizim evə aparır. Bir az da keçdi, bir məclis başlandı, Allah göstərməsin. Doğrusu, namusum qəbul eləmədi. Tez özümü aşbaz Namaza yetirib, şəraba bihuşdarı qatdırdım. Elə ki içib bihuş oldular, hamısını öldürdüm, sonra da köçüb bu qalaya gəldim. O vaxtdan bu qalada oluram. Özüm də əhd eləmişəm ki, harda kişi tapsam, mərdü mərdana güləşəcəyəm, yıxdım, öldürəcəyəm, yıxıl-dım, məni yıxana ərə gedəcəyəm.
Şah İsmayıl Ərəb Zəngini ayağa qaldırıb dedi:
– Sənə bu qeyrət halal olsun! Bu gündən sən mənimsən, mən də sənin!
Şah İsmayıl bir müddət qalada qaldı. Öz əhvalatını da açıb Ərəb Zəngiyə danışdı. Ərəb Zəngi işi bilib, ona kömək eləməyə başladı. Türk-mana getmək üçün tədarük gördü, qalasını başındakı yoldaşlara tapşırdı, özü göy polada qütəvvər olub, Şah İsmayıl ilə Türkman elinə yetişdilər. Gecə qonaq qalmaq üçün Türfənsə adlı bir qarının qapısına gəldilər.
Aldı Şah İsmayıl, görək qarıya nə dedi:

Başına döndüyüm, ay qarı nənə,
Sizin yerdə qərib mehman olarmı?
Nə müddətdi mən divana olmuşam,
Davasız dərdimə dərman olarmı?

Aldı Türfənsə qarı:

Başına döndüyüm gülüzlü cavan,
O nə sözdü qərib qonaq olarmı?
Əhli-şəhər müsəlmanlıq deyilmi?
Mehmanı qapıdan qovmaq olarmı?

Aldı Şah İsmayıl:

Baharda bağçalar verdiyi bardı,
Dərdindən çəkdiyim bu ahu zardı,
Mahmud paşa qızı o Gülüzardı,
Sizin yerdə belə ceyran olarmı?

Aldı Türfənsə qarı:

Qərib olan kəsdə axtara eli,
Bülbül olan buraxarmı heç gülü?
Gülüzar deyənin kəsilir dili,
Bizim yerdə onu demək olarmı?

Aldı Şah İsmayıl:

Şah İsmayıl neyləyibdi, neyləsin?
Xəncər alıb, bağrın başın teyləsin.
Dərdi-dilin indi sənə söyləsin,
Sizdən bizə ülfət qılan olarmı?

Aldı Türfənsə qarı:

Türfənsə qarıdı bu işi bilən,
Çarəsiz dərdlərə dərman eyləyən,
Bircə mənəm ora gedibən gələn,
Elə yerə gedib-gələn olarmı?

Şah İsmayıl Türfənsə qarıdan əhvalatı söz ilə xəbər aldığı kimi, Ərəb Zəngi də dilnən dedi:
– Ay qarı nənə, imanın kamil olsun, bir de görüm Mahmud paşanın qızı Gülzar xanımı tanıyırsanmı? Ondan xəbərin varmı?
Ərəb Zəngi bu sözü deyib qarıya bir ovuc qızıl verdi. Qarı qızılı görüb, gözləri sağsağan gözlərinə döndü, dedi:
– Bala, Gülzarı yaxşı tanıyıram. Özü də əmisi oğluna nişanlıdı. Otuz doqquz gündü toyudu; sabah köçürəcəklər. Şah İsmayıl qarıdan bu sözü eşidib, ona iki ovuc da qızıl verib dedi:
– Qarı nənə, mənim bir üzüyüm var, onu Gülzara yetirə bilərsənmi?
Qarı dedi:
– Yetirə bilərəm. Şah İsmayıl üzüyü qarıya verdi. Qarı üzüyü alıb, Gülzarın yanına yollandı.
Gülzarın Şah İsmayıl ilə bağladığı peyman tamam olurdu. Amma hələ Şah İsmayıl gəlməmişdi. Gülzar ah-zar çəkib ağlayırdı. Məşşatəyə başını bəzətmirdi. Yanına da heç kəsi buraxmırdı. Qarı ha elədi kənizlər onu Gülzarın yanına buraxmadılar. Qarı axırda üzüyü aynadan Gülzara göstərdi. Gülzar üzüyü görən kimi tanıdı, kənizlərə dedi:
– Ay qızlar, o mənim süd anamdı, buraxın gəlsin.
Kənizlər qarını buraxdılar. Qarı Gülzarın yanına gəldi.
Gülzar dedi:
– Ay nənə, imanına qurban olum, bir de görüm bu üzüyü verən oğlan haradadı?
Qarı dedi:
– Muştuluğumu verməsən demərəm.
Gülzarın boynunda babasının yeddi illik bac-xaracı ilə başa gəlmiş bir boyunbağı var idi. O boyunbağını çıxardıb qarıya muştuluq verdi. Qarı muştuluğunu alandan sonra Şah İsmayılın onun evində olmasını söylədi.
Gülzar dedi:
– Ay nənə, Şah İsmayıla de, Gülzar deyir ki, mən atamın gülşən bağına çıxacağam, aşıq paltarı geyinsin, bağa gəlsin.
Qarı baş üstə deyib, oradan çıxdı, evinə gəldi, Gülzarın tapşırığını Şah İsmayıla yetirdi. Şah İsmayıl aşıq paltarı geyinib, Ərəb Zəngi ilə atlandı, gülşən bağına yola düşdü.
Gülzar xanım məşşatəyə başını bənzətdi, qırx kəniz gülşən bağına çıxdı.
Kənizlərə dedi:
– Qızlar, buralarda aşıq görsəniz tutun mənim yanıma gətirin.
Bu tərəfdən Şah İsmayıl ilə Ərəb Zəngi gəlib gülşən bağının qapısına çıxdılar. Ərəb Zəngi ilə Şah İsmayıl belə məsləhət elədilər ki, Ərəb Zəngi bir yanda atları saxlasın, Şah İsmayıl da Gülzarın yanına getsin, danışsın, Gülzarı götürüb gəlsin. Ərəb Zəngi atları saxladı. Şah İsmayıl bağın qapısına gəldi. Qızlar onu çiyni çömçəli görüb, tutub Gülzarın yanına apardılar. Gülzar qaş-göz ilə Şah İsmayıla xoş gəldin elədi, dedi:
– Aşıq, bir neçə xanə könül açan söz oxu.
Şah İsmayıl sazı sinəsinə basıb, sözə başladı, dedi:

Şükür cəlalına, min bir adına,
Yarı görüm üzü gülsün sabahdan,
Aylar, illər həsrətini çəkdiyim,
Bu gizli dərdimi bilsin sabahdan.

Gülzar xanım saz əvəzinə yasəmən saçlarından üç tel ayırıb, basdı sinəsinə, görək nə dedi:

Başına döndüyüm, qurban olduğum,
Nişanəm səndədi, yar, səfa gəldin!
Yanıb atəşinə büryan olduğum,
Nişanəm səndədi, yar, səfa gəldin!

Aldı Şah İsmayıl:

Əllərində yüsür təsbeh yüz dənə,
Qorxum budu, göz görməyə, üz dönə,
Bir iyid ki, ilqarından tez dönə,
Movlam ona qənim olsun sabahdan!

Aldı Gülzar:

Səndən ayrı danışmadım, gülmədim,
Bu canımdan bezdim, ölə bilmədim.
Haçan ilqar verdin, mən də gəlmədim?
Nişanəm səndədi, yar, səfa gəldin!

Aldı Şah İsmayıl:

Şah İsmayıl təzə gördü, bil, səni,
cənnəti-rizvana yetirdin məni,
O adna axşamı, çarşənbə günü,
Nazlı dilbər qarşı gəlsin sabahdan.

Aldı Gülzar:

Gülüzaram, sənə qurban olum mən,
Heyva kimi saralıban solum mən,
İkram ilə pişivaza gəlim mən,
Nişanəm səndədi, yar, səfa gəldin!

Bu iki sevgili sözün tamam elər-eləməz Ərəb Zəngi ac qurd kimi pusqudan çıxdı. Kənizlərin hərəsi bir yana dağıldı. Ərəb Zəngi dedi:
– Ay qoçaxlarım, səsinizi toyunuza saxlayın! İndi Mahmud paşanın qoşunu yetişər. Yolçu yolda gərək!
Şah İsmayıl Qəmərdayın belinə qalxdı, Gülzarı da tərkinə aldı. Ərəb Zəngi də öz atına mindi, Qəndəhara tərəf yola düzəldilər. Xeyli getdilər, bir çəmənliyə çatdılar. Atdan düşüb, dincəlməyə başladılar.
O biri tərəfdən kənizlər Mahmud paşanın yanına gedib, xanımlarının qaçırıldığını söylədilər. Mahmud paşa qoşunla atlanıb, onların dalınca düşdü. Gəlib-gəlib çəmənlikdə onlara yetişdilər. Ərəb Zəngi baxdı ki, Şah İsmayıl bir tərəfdə yuxuya gedib, Gülzar da bir tərəfdə. Əvvəlcə Şah İsmayılı oyatmaq istədi. Sonra qıymayıb oyatmadı, özü təkcə davaya girişdi. Qoşunu pencər kimi qırdı, yerə tökdü. Ölən öldü, qalanlar qaçıb dağıldılar. Ərəb Zəngi geri qayıdıb, aldı, görək Şah İsmayılı nə cür oyatdı:

Movc veribən Türkmandan yeridi,
Oyan, Şah İsmayıl, gör nələr oldu!
Mən qurbanam sevgilimin telinə,
Oyan, Şah İsmayıl, gör nələr oldu!

Çapar getdi, gələr indi həbəşi,
Onlar da bizimlə tutar savaşı,
Dərəyə, təpəyə doldurar leşi,
Oyan, Şah İsmayıl, gör nələr oldu!

Çapar getdi, gələr indi firəngi,
Onlar da bizimlə tutarlar cəngi,
Qırar hamısını Ərəbi Zəngi,
Oyan, Şah İsmayıl, gör nələr oldu!

Şah İsmayıl Ərəb Zənginin səsinə oyandı. Gördü hər yanda leş-leşə söykənib, baş-başa. Daha bilmədi ki, Ərəb Zəngiyə nə desin. Səssiz-sədasız atı mindi. Onlar da atlanıb düşdülər yola. Gecə-gündüzə salıb, Ərəb Zənginin qalasına çatdılar. Qalada bir neçə gün qalıb, sonra yenə də yola düşdülər. Getdilər, getdilər Rəmdar Pəriyə yetişdilər. Aldı Şah İsmayıl, görək nə dedi: Ay qız, sənin uca boyun Görülməyin çağı gəldi. Qara telin dal gərdəndə Hörülməyin çağı gəldi.

Qəddin əlif, boyun uca,
Aşıq gərək boyun quca,
Qız, məmən dönüb turunca,
Dərilməyin çağı gəldi.
v Şah İsmayıl deyər: Xuda!
Əzəl dərsim əlif-nida.
Yolunda bu canım fəda
Verilməyin çağı gəldi.

Bir neçə gün də burda qaldılar, sonra Rəmdar Pərini də götürüb Qəndəhara yola düşdülər. Mənzil eyliyə-eyliyə gəlib Qəndəhara yetişdilər. Şah İsmayıl şəhərin bir tərəfində çadır qurdurdu, atasına muştluqçu göndərdi.
Şah İsmayılın səfəri uzun sürmüşdü deyin anası onun həsrətini çək-məkdən naxoşlayıb ölmüşdü. Ədil şah da Şah İsmayılı ölmüş bilirdi. Bir də xəbər gəldi ki, bəs Şah İsmayıl üç gözəl ilə, budu, gəlib çıxıb. Şah durub oğlunun görüşünə gəldi. Bəli, görüşdülər, öpüşdülər, amma Ədil şah altdan-altdan qızlara baxdı, nəzərdən keçirdi, Gülzar çox xo-şuna gəldi, ona yetişmək üçün oğlunu öldürmək fikrinə düşdü. Evə qayıtdı, bərigahın qabağında bir dərin quyu qazdırdı, içinə nizə, ox dol-durtdu, üstünə də gəbə saldırdı, oğlunu qonaq çağırdı. Şah İsmayılın bu işdən xəbəri yox idi. Atalıq haqq-sayından keçə bilməyib, getmək istəyəndə qızlar dedilər:
– Gəl sən bizi eşit! Bu qonaqlığa getmə! Getsən Də qoy Ərəb Zəngi də səninlə getsin, biz sənin atanın fikrini başqa təhər görürük.
Şah İsmayıl dedi:
– Necə ola bilər ki, atam məni qonaq çağırsın, mən getməyim? Siz mənim atamı pis tanıyırsınız.
Rəmdar Pəri rəml atıb dedi:
– Gedişin yaxşıdı, amma gəlişin pis görünür. Al bu üzüyü, barmağına tax, bu tulanı da özünlə apar; tula haradan getsə, sən də oradan get, harada otursa, sən də orada otur. Üzüyü qabağına gətirilən xörəyə sal, nə vaxt yaşıllansa yemə.
Şah İsmayıl üzüyü götürdü, tulanı da yanına saldı, Gülzarı, Rəmdar Pərini Ərəb Zəngiyə tapşırdı, getməyə başladı. Bargahın qapısında tula yoldan çıxdı, Şah İsmayıl da onun dalınca gedib, atasının hüzuruna çatdı. Şah İsmayıla xörək gətirdilər. O, üzüyü xörəyə saldı, xörək yaşıllaşdı. Şah İsmayıl xörəyi yemədi.
Ədil şah oğluna dedi:
– Oğul, çox şükür ki, bu qədər zəhmətdən sonra Gülzarı gətirə bildin. Eşitmişəm yollarda çox pəhlivanlara rast gəlmisən, çoxlarını yıxmısan. Gərək gücünü atanın qabağında da göstərəsən. De görüm, sənin nəyə gücün çatmır ki, mən onda səni sınaqdan keçirim.
Şah İsmayıl dedi:
– Mənim yeddi boyun cüt qayışına gücüm çatmaz.
Ədil şah əmr elədi, yeddi boyun cüt qayışını gətirdilər. Şah İsmayılın qollarını bağladılar. Şah İsmayıl elə zor verdi ki, qayış parça-parça oldu, yerə töküldü.
Ədil şah dedi:
– Bəs deyirdin gücün çatmaz? Parça-parça elədin ki?.. De görüm, doğrudan nəyə gücün çatmaz?
Şah İsmayıl dedi:
– Yeddi qulac sicimə gücüm çatmaz.
Ədil şah hökm elədi, Şah İsmayılın qollarını yeddi qulac sicimlə bağladılar. Şah İsmayıl elə zor elədi ki, sicim də qırıq-qırıq oldu.
Ədil şah dedi:
– Demək, sənin gücün çatmayan şey yoxdu.
Şah İsmayıl dedi:
– Xeyr, var. Öz yay-oxumun kirişinə mənim gücüm çatmaz.
Ədil şah yay-ox kirişilə Şah İsmayılın qollarını bağlatdırdı. Şah İsmayıl zorunu qollarına toplayıb nə qədər güc verdisə kirişi qıra bilmədi. Kiriş kəsə-kəsə sümüyə dayandı.
Ədil şah cəllad çağırdı, dedi:
– Vur bunun boynunu!
cəllad şahın hökmü ilə Şah İsmayılın boynunu vurmaq istədi.
Vəzir dedi:
– Ey böyük şah, bir qızdan ötrü öz əlinlə öz çırağını keçirmə!
Ədil şah cəllada dedi:
– İndi ki, vəzir onun boynunun vurulmağına razı deyil, onda gözlərini çıxart, apar zülmət quyusuna tulla.
cəllad Şah İsmayılın gözlərini çıxartmaq istədi.

Aldı Şah İsmayıl, görək nə dedi:

Uca dağlar başı duman, çiskindi,
Amandı, şah baba, zay etmə məni!
Bülbül çəkər gülün ahu zarını,
Amandı, şah baba, zay etmə məni!

Mən çox igitlərlə eylədim cəngi,
Ayağım apardı polad üzəngi,
Hələ ölməyibdi Ərəbi Zəngi,
Amandı, şah baba, zay etmə məni!

Yəqin bil ki, Şah İsmayıl özüdü,
İnanmayın səryaqıbın sözüdü,
Ərin yaraşığı iki gözüdü,
Amandı, şah baba, zay etmə məni!

Ədil şah İsmayılın yalvarmağına qulaq asmadı. cəllada "hökmümü yerinə yetir" dedi. cəllad Şah İsmayılın gözlərini çıxardıb ovcuna qoydu, özünü də aparıb zülmət quyusuna saldı. Şah İsmayıl zülmət quyusunda qalsın, sizə Ədil şahdan danışım.
Ədil şah qoşun göndərdi ki, gedib Gülzarı gətirsinlər. Ərəb Zəngi işi belə görəndə özünü vurdu qoşuna, qatım-qatım qatladı, tamam qırdı. Ədil şah yenə qoşun göndərdi, Ərəb Zəngi onları da qırdı. İndi Ədil şah qoşun göndərməkdə olsun, Ərəb Zəngi də qırmaqda, danışım xoca Əzizdən.
Xoca Əziz məşhur sövdəgər idi. Haradansa sövdəgərlikdən gəlirdi, güzarı Şah İsmayıl olan zülmət quyusunun yanından düşdü. Xoca Əziz yaman susamışdı. Su çıxardıb içmək üçün quyuya dolça salladı. Şah İsmayıl iki əlilə dolçanın ipindən bərk-bərk yapışdı. Xoca Əziz dolçanı çəkdi çıxartdı, gördü su əvəzinə bir kor oğlan çıxdı. Xoca Əziz onun Şah İsmayıl olduğunu bildi. Ədil padşahın qorxusundan quyunun başındaca qoyub getdi. Şah İsmayıl tapdana-tapdana bir ağacın dibinə gəlib, oturdu. Elə bu zaman üç göyərçin gəlib, ağacın başına qondu.
Göyərçinlərin biri quş dilində dedi:
– Bu nə gözəl oğlandı, yazığın, hayıf ki, gözləri kordu.
O biri göyərçin dedi:
– Bu, Ədil padşahın oğludu. Atası bunun gətirdiyi Gülzara aşıq olub. Gülzara çatmaq üçün bunun gözlərini çıxartdırıb.
O biri göyərçin dedi:
– Gəl onun gözünü sağaldaq.
Göyərçinlər dedilər:
– Ay Şah İsmayıl, yatıbsan oyan, oyaqsan eşit! Gözlərini yerinə qoy, biz atdığımız lələyi də üstlərinə çək, gözlərin sağalar.
Göyərçinlər bir lələk atıb, uçub getdilər. Şah İsmayıl gözlərini yerinə qoydu, lələyi çəkdi, gözləri sappasağ oldu. Ayağa durub, Qəndəhara tərəf getməyin binasını qoydu. Bir az getmişdi ki, bir qocaya rast gəldi. Gördü qoca ağlaya-ağlaya cüt əkir.
Şah İsmayıl ondan soruşdu:
– Qoca nə üçün ağlayırsan?
Qoca, dedi:
– Ədil şahın Şah İsmayıl adında bir oğlu varıdı. O oğlan üç gözəl gətirmişdi. Ədil şah o gözəllərdən Gülzara aşıq olub, oğlunun gözlərini oydurub zülmət quyusuna atdırdı. Sonra Gülzarı gətirmək üçün qoşun göndərdi. Ərəb Zəngi qoşunları qırdı. İndi Ədil şah Qəndəhar əhlindən gündə bir adam onun meydanına göndərir, Ərəb Zəngi öldürür. Sabah da şah mənim oğlumu Ərəb Zənginin meydanına göndərəcək. Odur ki, ağlayıram.

Aldı Şah İsmayıl, görək nə dedi:

Başına döndüyüm, ay miskin qoca,
Sən ağlama, sabah meydan mənimdi.
Nə gündüzüm gündüz, nə gecəm gecə,
Sən ağlama, sabah meydan mənimdi.

Düşmanın ağlasın, dostların gülsün,
Sənə zülm eyləyən əcrini bilsin!
Söylə, Ədil şaha xəbərdar olsun,
Sən ağlama, sabah meydan mənimdi.

Dərin-dərin dəryalara dalaram,
Şirin canım eşq oduna salaram,
İsmayılam, qısasımı alaram,
Sən ağlama, sabah meydan mənimdi.

Şah İsmayıl sözlə də dedi ki:
– Qoca, sən sabah get, Ədil şaha de ki, oğlum deyir Şah İsmayılın geyimini verər, gətirərsən, mən sənin oğlunun əvəzinə Ərəb Zənginin meydanına gedərəm.
Qoca Şah İsmayılın sözünə razı oldu. Onu götürüb evinə gəldi. sabahı Ədil şahın yanına getdi, dedi:
– Mənim oğlum deyir Şah İsmayılın atını, geyimini mənə versin, gedim Ərəb Zəngini öldürüm.
Ədil şah İsmayılın atını, geyimini qocaya verdi. Qoca da gətirdi Şah İsmayıla verdi. Şah İsmayıl geyimi geyinib, Qəmərdayın belinə mindi, ildırım kimi Ədil şahın qabağına sürdü. Ədil şah Gülzarın eşqindən elə havalanmışdı ki, oğlunu tanımadı, dedi:
– Qoçağım, tez Ərəb Zəngini öldür, başını mənə gətir!
Şah İsmayıl atı Ərəb Zənginin meydanına sürdü. Ərəb Zəngi görən kimi Şah İsmayılı tanıdı. Görüşdülər, ikisi də bir yerdə atları Ədil şahın üstünə sürdülər. Ədil şah işi belə görüb qaçmaq istədi. Ərəb Zəngi aman verməyib, onu ata-babasının yanına göndərdi. camaat Ədil şahın zül-mündən xilas olduqlarına görə çox şad oldular. Şah İsmayılı özlərinə şah seçdilər.
Şah İsmayıl düz qırx gün, qırx gecə toy eləyib, məclis keçirtdi.
Deyirlər ki, ustad bir aşıq gəlib Şah İsmayılın toyunu bu duvaqqapma ilə başa verdi:

Nagəhan gördü gözüm
Sən təki insanı, pəri!
Hurisən, məlakəsən,
cənnətin qılmanı, pəri!
Yaralar məlhəmisən,
Dərdlərin dərmanı, pəri!
Gözəllər sərdarısan,
Məhbubların xanı, pəri!
Şah kimi taxta çıxıb,
Elərsən divanı, pəri!

Divanına gələrəm,
İzzət, ikram qılaram,
Xidmətində qalaram.
Qul qurbanın olaram,
Əgər qəbul eləsən,
Qol boynuna salaram.
Qolum boynunda,
Əlim qoynunda
Çiynim çiynində,
Eşqin beynimdə;
Sarmaşıq köynək kimi
Durum sənin əynində;
Əyninə al məni gəl,
Qat bu cana canı, pəri!

Gəl qataq canı cana,
Xatırıma dəyməginən.
Sındırıb şad könlümü,
Dal qəddimi əyməginən.
Gəlmişəm ayağına,
Çox özünü öyməginən.
Sevərsən bir Tanrını,
Mən yazığa qıymaginən,
Ver mənim muradımı,
Qiyamətə qoymaginən.
Qiyamətdir qaşların,
Gülabatın saçların,
İnci, sədəf dişlərin.
Xub fincandı döşlərin,
Bu biçara başıma
Çox ağırdı daşların.
Ağır daş atma,
Nazını satma,
İşi uzatma,
Xalqı oyatma,
Qanıma bais olub,
Vəbala batma.
İki dostun arasına,
Salmagılan qanı, pəri!
Qan salma aralığa,
Nə eşqi pərvanəsən.
Bəxtəvər yaranmısan,
Bu dünyada bir dənəsən.
Sərraflar qədrin bilir,
cəvahirsən, dürdanəsən.
Al-əlvan xınalayıb,
Tök telini gərdənə sən.

Gərdən göyçək, tel nəzik,
Qucmaq üçün bel nazik,
Barmaq şimşək, əl nəzik.
Xoş danışan dil nazik,
Çox qəmlidir ürəyim.
Bircə danış, gül nəzik.
Nəzik şaxsan,
Kağızdan ağsan,
Ağca buxaqsan
Qaymaq dodaqsan
Maşallah, göz dəyməsin,
Sən əcəb yumuşaqsan,
Bircə məni eylə qonaq,
Sevindir mehmanı, pəri!..

...Yəqin bil ki, kərəm kanı,
Mən yanıram atəşinə
Mayılam camalına,
Həm gözünə, həm qaşına.
Yıxılım ayağına,
Durub dolanıb başına,
Həm sənə qurban olum,
Həm də sənin yoldaşına.
Yoldaşın pərvazdı gəlin,
Yerişi qazdı, gəlin,
Bu necə əndazdı gəlin,
Baxışın şahbazdı gəlin.
Doğmusan şəmsü qəmər
Gül dildarın yazdı gəlin.
Ey bahar yazım,
Durna avazım.
Əlimdə sazım,
Eşit niyazım,
Aç qoynunu qucaxlaşaq,
Demək nə lazım.
Oynatsın Molla cuma
Şamama tək səni, Pəri.

 
 
 
 




Yuxarı