Aşıq sənəti / Aşıq poeziyası / Deyişmə
Deyişmə
Aşıq Ələsgər. "DOLANIR" (qoşma)


Axşam-sabah, çеşmə, sənin başına
Bilirsənmi, nеcə canlar dolanır?!
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.


Afərin xudanın haqq-sayına!..
Camalları bənzər bayram ayına,
Bеlə gözəllərin xaki-payına
Mənim kimi çox qurbanlar dolanır.


Gördüm gözəlliyin bizə bildirir,
Qaş oynadır, xəstə könlüm güldürür,
İşvəyü nazıyla adam öldürür,
Qəmzəsində nahaq qanlar dolanır.


Məni qoca gördü, ürbəndin açdı,
Ala gözlərinə gözüm sataşdı,
Huş başımdan gеtdi, xəyalım çaşdı,
Mürgi-ruhum asimanlar dolanır.


Adım Ələsgərdir, Göyçə – mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.


Günyaz Nəzirli. "BİR GÖZƏLİN SIĞAL ÇƏKİB TELİNƏ" (qoşma)


Yay gəldimi bir yaylaqda olasan,
Narın-narın yağış yağa, çən gələ...
Kəkotunu gül qarışıq yolasan,
Kef çəkməkdə yar-yoldaşın tən gələ.


Dolça qırmaz bulaqların buzunu,
Yedizdirər sənə əmlik quzunu...
Bozartmanın kəm eləmə duzunu,
Baxan varmı heç qaşığa, çəngələ.


Öyrənərsən ovçuluğun çəmini,
Hürküdərsən kəkliklərin cəmini...
Unutdura bu dünyanın qəmini,
Gecələrin gündüzündən şən gələ.


Bir gözəlin sığal çəkib telinə,
Gül-çiçəkdən kəmər bağla belinə,
Yolun düşsə obasına, elinə,
Qonaq edə bir kündəlik xəngələ.


Həzin-həzin aşıq çalıb oxuya,
Gözəl görsə, göz gedərmi yuxuya...
Tellerindən dağ havası qoxuya,
Bəlkə Günyaz dirsəklənib dincələ.


İfa edirlər: Aşıq Telli Borçalı və Aşıq Altay Məmmədov
Loading the player...

 

 

 

 
 
 





Yuxarı