Səməd Vurğun
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.
Aşıq Şəmşir
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.
Səməd Vurğun
Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara,
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.
Aşıq Şəmşir
Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal,
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.
Səməd Vurğun
O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan,
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.
Aşıq Şəmşir
Sən kamil sərrafsan, göz ustadısan!
Fəhmin, fərasətin öz ustadısan!
Qabil sənətkarsan, söz ustadısan:
Dəryasan, arzular min bulaq səni.
Səməd Vurğun
Gəlmişəm, gəzməyə sizin dağları,
Baxım bu yaylaqlara doyunca barı,
Şairin bu yerə düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.
Aşıq Şəmşir
Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı,
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.
Səməd Vurğun
Bəxt məni bu yerə qonaq göndərdi.
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.
Aşıq Şəmşir
Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar -
Gəzirəm əlimdə şam-çıraq səni.