Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?
Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı,
Dolaylarda bahar çağı,
Bir doyunca gəzim, dağlar!
Qayaları baş–başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada,
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Üstündən karvan yeriməz,
Sıxdır dumanların dağlar!
Yayda-qışda heç əriməz
Quzeylərdə qarın dağlar!
O qız yaldan tək aşanda,
Saç kəmərə dolaşanda,
Atdan düşüm yol aşanda
Mən olum zəvvarın, dağlar!
Laçınların göydən enməz,
Qayaların baxar dinməz,
Yaman gündə üzün dönməz, -
Pozulmaz ilqarın, dağlar!
Ovçu gəzər oğrun-oğrun,
Maralların düşər yorğun,
Qonaq gəlib sizə Vurğun,
Sevinsin, gülzarın dağlar!