Aşıq sənəti / Dastanlar / "Koroğlu" dastanı / "Koroğluynan Bolu bəy"
Qəhrəmanlıq dastanları


 "Koroğlu" dastanının "Koroğluynan Bolu bəy" qolundan parça.

 

Nə xan gördüm burada, nə də bir paşa,
Verə Koroğludan mənə bir xəbər.
Yağı düşmənləri bağladım daşa,
Verə Koroğludan mənə bir xəbər.

Ac qurd mənəm, qənim üstə ularam,
Müxənnəti öz qanına bularam,
Qılınc çəkib ölkəsini talaram,
Verə Koroğludan mənə bir xəbər.

Olan yoxdu mənim dərdimdən halı,
Heç başımdan getməz onun xəyalı,
Koroğluya qurban qoç İsabalı,
Verə Koroğludan mənə bir xəbər.

"Meydan Koroğlu" havası

İfa edir: Dəmir Vəliyev

Loading the player...

 

 

Bolu, nahaq gəl, eyləmə yamanlıq,
İnan Bolu, mən Koroğlu deyiləm.
İnnən belə yaxşılığın günüdü,
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu bir iyid, əsli, zatı var,
Həm namusu, arı, həm qeyrəti var,
Dəmir cilov altda Ərəb atı var,
İnan Bolu, mən Koroğlu deyiləm.

Gəlsənə söyləyim ay Qəcəralı,
Hələ eşitməyib qoç İsabalı,
Gəlsə bu qoşuna verməz məcalı,
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu deyiləm, yırtmaya xanı,
Ciyərimi eşq oduna yaxanı,
İyidin olmazmı qılınc, qalxanı,
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu dediyin bir bəl-bəllidi,
Çənlibeldə dövran quran dəlidi,
Öz adım Rövşəndi, atam Alıdı,
İnan Bolu, mən Koroğlu deyiləm.


İfa edir: Aşıq İmran Misri

Loading the player...

 

 
 
 
 





Yuxarı