Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Mikayl Azaflı. "DÜNYA"

A bəxtəvər, qocalmadın,
Girdin dondan-dona, dünya.
Dolandıqca qərinələr,
Keçdi illər sana dünya.
Əzəl gündən yaranandan
Uydun şöhrət-şana, dünya.
Ürəyində şeytan yatır
Hər bəşərə ana dünya.
Nə bir şaha baş əyirsən,
Nə sultana, xana dünya.

Çox İsgəndər,çox Süleyman
Taxtdan saldın gül eylədin.
Köçüb getdi Səfəvilər
Qacarlara əl eylədin.
Xəlifələr, Abbasilər,
Atabəylər qul eylədin.
Şirvanşahlar, Teymurlənglər
Yıxdın topal, şil eylədin.
Yüz iyirmi dörd min nəbi
Getdi yana-yana, dünya.

Mən ki hər kimə dost dedim
Zərbinnən boyadın qana.
Koroğludan, Zal Rüstəmdən
Heç qalmadı bir nişana.
Babək Fəxrəddin, Ələddin,
Qılınc çaldı dörd bir yana,
İnsafı salmadın yada
Məzar qazdın qəhrəmana.
Neçə-neçə pəhləvanlar
Axır gətdin cana, dünya.

Leyli, Məcnun, Şirin, Fərhad,
Əsli, Kərəmi yandırdın,
Xumar, Sənan, Vərqa, Gülşa,
Pərvanə, şəmi yandırdın.
Gül bülbülü əsir etdin,
Ərşi-əlanı yandırdın
Fələklərlə qardaş oldun,
Neçə aləmi yandırdın.
Az güldürdün çox ağlatdın,
Özün qana-qana, dünya.

O Firdovsi, Sədi, Xəyyam,
Nizami, Xaqani hani?
Füzuli, Vaqif, Nəsimi
Sabirlə, Şirvani hanı?
Ələsgər, aşıq Hüseyin,
Abbasla, Qurbani hanı?
Vurğun kimi şah sənətkar,
Öldürdün İmanı, hanı?
Tutduğundan heç utanmır
Baxır yekəxana dünya.

Gah endirib, gah qaldırıb,
Gah eylədin yox, öldüdün.
Mərdi namərdə döydürdün,
Sinəsində ox, öldürdün,
Gündə yüz min qul ağlatdın,
Dərdi-qəmlə çox öldürdün.
Kimiyə ləl, qızıl verdin,
Kimini ac-tox öldürdün.
Xəsisə var-dövlət verdin,
Yoxsula bir dana, dünya.

Gəl Azaflı Mikayılla,
Bir ədalət söz danışaq.
Hirsin, acığın tutmasın,
Əyri oturaq, düz danışaq.
Tarix, dövran, zaman keçir,
İstər doxsan, yüz danışaq.
Ürək yardın, kəllə cırdın,
Tökdün neçə göz, danışaq.
Heç sirrindən baş açmadım,
İstər məni qına, dünya.

 

İfa edir: Gülarə Azaflı və Hakim Azaflı
Loading the player...

 

 

 

 
 





Yuxarı