Gəraylı
Səməd Vurğun. "DAĞLAR"
Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Maral gəzər asta-asta,
Enib gələr çeşmə üstə,
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?
Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı,
Dolaylarda bahar çağı,
Bir doyunca gəzim, dağlar!
Qayaları baş-başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada,
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
İfa edir: Aşıq Əlixan və Aşıq Mahmud;
Balaban: Sahib Həsənov
Loading the player...