Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Pənah Göyçə. "ÜRƏK"


Görürsən ki, bir turş sözdən
Bulud kimi dolur ürək.
Sərt baxışdan, xain gözdən
Bircə anda solur ürək.


Kimə isə olsa kini,
Dünya gəlsin, çətin dini.
Həmdəminin istəyini
Sözsüz belə bulur ürək.


Uyar olsa bəd niyyətə,
Səbəbkardır xəyanətə,
Könül versə məhəbbətə,
Dönüb bülbül olur ürək.


Xislətinə heyranam mən, -
Səhər ağlar, günorta şən...
Heç özü də bilmir bəzən,
Nəyə mehir salır ürək.


Məhəbbətdi baş niyyəti
Hey yansa da, doymaz qəti.
Bəs, bu qədər dəyanəti,
Görən, hardan alır ürək?!


Onsuz kimin coşur qanı,
Özü kimi sadiq hanı?
Bəyəndiyi bir havanı
Ömür boyu çalır ürək.


İnsanlığa odur heykəl,
Pənah, sən də baş endir, gəl!
Necəydisə min il əvvəl
Eləcə də qalır ürək!


 

"İran dübeytisi" havası. İfa edir: Ələsgər Tağıyev
Loading the player...

 

 

 

 
 





Yuxarı