Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Məhəmməd Qoçulu. "MİNAYƏ"


Gözəlliyi cəm edibsən,
Camalın var, ay Minayə.
Ala gözlü, qara gilə,
Qaşlarındı yay, Minayə.

Uca boylu, incə belli,
Dal gərdəndə siyah telli,
Ağ biləkli, nazik əlli,
Gətir içim çay, Minayə.

Eşit, budur sözün düzü,
Xumarlanıb ala gözü.
Bahar gülü, dan ulduzu,
Olmaz sənə tay, Minayə.

Yeniyetmə, bağça barı,
Uca dağın bəyaz qarı.
Anan Mina, atan Sarı,
Etsin sənə toy, Minayə.

Qurban lazım hər ayına,
Müştağam göyçək boyuna.
Müjdə gətir sən dayına,
Böyük hörmət qoy, Minayə.

Elləri var Qoçulu kəndi,
Sənə deyim neçə bəndi,
İtməz Məhəmmədin zəndi,
Gözəlsən sən, ay Minayə.

 

İfa edir: Aşıq Zülfiyyə İbadova
Loading the player...

 

 

 

 
 





Yuxarı