Məni bir qələm qaşlının
Nazı öldürdü-öldürdü.
Çiyni xurmayı saçlının
Sözü öldürdü-öldürdü.
Ağ əllərə hana yaxdı,
Zülfünü boynuma taxdı,
Naz eləyib mənə baxdı,
Gözü öldürdü-öldürdü.
Yar başına dolanmazdım,
Eşq oduna qalanmazdım,
Əğyar olsaydı, yanmazdım,
Özü öldürdü-öldürdü.
Dəryalarda olar ada,
Mənə gəlsin yardan qada,
Bilalı yar, bir də bada,
Düzü öldürdü-öldürdü.
Məni bir qələm qaşlının
Nazı yandırdı-yandırdı.
Çiyni xurmayı saçlının
Gözü yandırdı-yandırdı.
Ağ əllərə həna yaxdı,
Sandım belə sona yoxdu,
Naz eylədi mənə baxdı,
Nazı yandırdı-yandırdı.
Bada getdi əziyyətim,
Faydası yox nəsiyyətin,
Bilalı bu məhəbbətin
Özü yandırdı-yandırdı.