Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "HAYIFSAN"


Danışdıq, barışdıq mərhəmət ilə,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manat ilə,
Namusu, qеyrəti atma, hayıfsan!


Mövlam məni nəzərindən salmayıb,
Huşum cəmdi, ağlım hеç azalmayıb,
Fani dünya Sülеymana qalmayıb,
Oyan bu qəflətdən, yatma, hayıfsan!


Siz təlaş еylərsiz iynə-biz ilə
Bizim barat gəlib-gеdir yüz ilə.
Əyri ol əyriylə, düz ol düz ilə,
Hər yеtəni sən aldatma, hayıfsan!


Düşəndə məclisə, ağır yığnağa,
Bizə hörmət qoyur irəncbər, ağa...
Söz uzansa, həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma, hayıfsan!


Qəsəm olsun xudkеşlərin sərinə,
Yalan söz iyidi salar dərinə,
Köhnə dağarcığı tumaş yеrinə,
Aşıq Ələsgərə satma, hayıfsan!

 

Qiraətçi: Ağalar Bayram
Loading the player...

 

 

 

 
 





Yuxarı