Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Mikayıl Azaflı. "QANA DÖNMƏSİN"


Murazım, diləyim budur, ay ellər,
Dünyanın ürəyi qana dönməsin,
Zəmidə sümbüllər, bağçada güllər,
Bəşərin çörəyi qana dönməsin.

Qana bulanmasın yerin murazı,
Hər əsrin, hər ilin nur səpən yazı,
Şairin şeiri, aşığın sazı,
Arzusu, diləyi qana dönməsin.

Qana bulanmasın sülhün gülüşü,
Görməyək dəhşətli matəm görüşü,
Atanın saqqalı, ananın döşü,
Yaxası, köynəyi qana dönməsin.

Qana bulanmasın insan sərvəti,
Həyatın varlığı, sözün qüdrəti,
Milyon cavanların saf məhəbbəti,
Toyluğu, gərdəyi qana dönməsin.

Azaflı, bir olsun cəmiyyət əli,
Dağılsın, talansın fitnə əməli,
Heç kimin vətəni, heç kimin eli,
Ömrü-gələcəyi qana dönməsin.

İfa edir: Aşıq Ədalət Dəlidağlı
Loading the player...

 

 

 

 
 





Yuxarı