Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Xəstə Qasım. "AY ARİFLƏR"


Ay ariflər, bir tərlanım uçubdu,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi var dalınca.


Gümüş kəmər bağlayıbdı belinə,
Danışdıqca mail oldum dilinə,
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca.


Alimdən dərs aldım əlif-bey üçün.
Sürahilər düzülübdü mey üçün,
Dəli könül, qəm çəkirsən nə üçün?
Qəmli günün şad günü var yanınca.


Xəstə Qasım vədə verdi yüz ilə,
Yaşılbaşlar göldən-gölə düzülə.
Bir igid ki, qatarından üzülə,
Ölüm yeydi, bu dünyada qalınca.


 

Mansırı havası. İfa edir: Aşıq Nemət Qasımlı
Loading the player...

 

 

 

 
 





Yuxarı