Qoşma
Mikayıl Azaflı. "GÖZLƏRİM"
Səbrim tükənibdir səbr eləməkdən,
Yoruldu baxmaqdan yola gözlərim,
Bir səni arayır, bir də gəncliyi,
Boylandıqca sağa, sola gözlərim.
Əzəldən olmusan əhdə ilqarsız,
Məhəbbəti şaxta, eşqi baharsız,
Biz belə deyildik, ay etibarsız,
Necə qıydın qanla dola gözlərim.
Könlümü vermədim başqa birinə,
Dünya sərvətinə, simü-zərinə,
Əgər mən olsaydım sənin yerinə,
İstəsən, deyərdim, "ala gözlərim".
Nə ulduz deyilsən, nə də ay, günəş,
Nədənsə görəndə eyləyirəm qəşş,
Dodağımda alov, qəlbimdə atəş,
Çəkib dərd-qəm, min bir bəla gözlərim.
Azaflı əhdimi başa yetirdi,
Hicran gəncliyimi aldı itirdi,
Şöləsi qaraldı, sarı gətirdi,
Sənə həsrət qala-qala gözlərim.
İfa edir:
Loading the player...
İfa edir: Mikayıl Azaflı
Loading the player...