Qoşma
Mikayıl Azaflı. "AMANDIR"
Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, a saçlarım, amandır.
Düz ilqarın, sədaqətin eşqinə,
Ağarmayın, a saçlarım, amandır.
Haqq aşığı yaranıbdır qəm çəkə,
Ürəyimə saldım qara, xal, ləkə,
And verirəm saf vicdana, məsləkə,
Ağarmayın, a saçlarım, amandır.
Elə bildim dağ başını qar alıb,
Ayaz vurub, çiçəkləri saralıb,
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın, a saçlarım, amandır.
Baş titrəyər, əl uçunar, zar ağlar,
Ney inildər, saz sızıldar, tar ağlar,
Həsrət-həsrət baxar-baxar, yar ağlar,
Ağarmayın, a saçlarım, amandır.
Azaflıyam, ağ saqqalım bir yana,
Gənclik getdi oldum dəli-divana.
Deyəcəklər dözəmmədi hicrana,
Ağarmayın, a saçlarım, amandır.
İfa edir: Nazpəri Dostəliyeva və Aşıq Züfiyyə
Loading the player...
İfa edir: Aşıq Familə Göyçəli
Loading the player...