Qüdrətindən həyat, aləm yaranıb,
Bahar qızlı təbiətdi məhəbbət.
Cazibəsi yeri göyə bağlayıb,
Möcüzəli ziyarətdi məhəbbət.
Təranələr mizrabıdı hər eşqin,
Arzuların, diləklərin sər eşqin.
Odur şahı, taxtı-tacı zər eşqin,
Günəş odlu hərarətdi məhəbbət.
İlahidi, zirvəsini qar almaz,
Ətir saçar, gül-çiçəyi saralmaz.
O, dünyada cavan qalar, qocalmaz,
Bir əbədi ülviyyətdi məhəbbət.
Hər duyğunun odur ali həzrəti,
Mərhəməti, sədaqəti, xilqəti.
Versən almaz min bir cahan sərvəti,
Kam almasa müsibətdi məhəbbət.
Pak vicdanı, pak məsləki qurdu o,
Bisutuna külüngünü vurdu o,
Aydan arı, sudan duru nurdu o,
Ali həyat, səadətdi məhəbbət.
Qamətini dərd-qəm bükən aşiqə,
Gözlərini yola dikən aşiqə,
Həsrət çəkən, hicran çəkən aşiqə,
Kəramətdi, mərhəmətdi məhəbbət.
Ay Azaflı, o yaratdı insanı,
Məhəbbətdi yerin, göyün sultanı,
Ürəklərdi, könüllərdi məskəni,
Saf sevgidi, sədaqətdi məhəbbət.