Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Zəlimxan Yaqub. "MƏNİ SEVƏ-SEVƏ ÖLDÜR, İLAHİ"


Sevgidən doğuldum, sevdim sevildim,
Məni sevə-sevə öldür, ilahi,
Allahın gücünü sevəndə bildim,
Məni sevə-sevə öldür, ilahi.

Güllərə çevrilim, kükrəyim, axım,
Buluda çevrilim, gurlayım, axım,
Ətəkdən boylanım, zirvədən baxım,
Məni sevə-sevə öldür, ilahi.

Şirindir sevilən hər gün hər saat,
Dünya gözəlitək gəl mənə naz sat,
Kül olmaq ölümdü, göz olmaq həyat,
Məni sevə-sevə öldür, ilahi.

Çəmənin üstündən əsən meh elə,
Çiçəyin gözündən öpən şeh elə,
İstər nökər elə, istər şah elə,
Məni sevə-sevə öldür, ilahi.

Qara saçlarıma sevgi dən olsun,
Mən bir sünbül olum, sevgi dən olsun,
Elə ölümün də sevgidən olsun,
Məni sevə-sevə öldür, ilahi.

Həvəsin önündə əsrlər azdı,
Eşqimin yanında sular dayazdı,
Məni sevə-sevə yaşatmaq azdı,
Məni sevə-sevə öldür, ilahi.


İfa edir: Aşıq Əfqan
Loading the player...

 

 

 

 
 





Yuxarı