Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Hüseyn Bozalqanlı. "ŞİRİN-ŞİRİN"


Talib oldum bir bağbanın bağına,
Bağban bəsləyibdir bar şirin-şirin,
İstəsən ki, mətləbinə çatasan,
Qul ol, qulluğunda dur şirin-şirin.


Kamil bağban çəkər bağın cəfasın,
Gülün iylər, sürər zövqü-səfasın,
Bir gözəlin başdan görsən vəfasın,
İstəsə, canını ver şirin-şirin.


Canım qurban ala gözün məstinə,
Nə durubsan şirin canım qəsdinə,
Üzüm qoyum o gül üzün üstünə,
Qarışsın bir-birə tər şirin-şirin.


Hərcayı sözləri Hüseyn eşitməz,
Haqdan bəla gəlsə, dosta tuş etməz,
Girsən yar qoynuna yəğin üşütməz,
Yağsa zimistanda qar şirin-şirin.

 

İfa edir: Ağalar Bayramov
Loading the player...
İfa edir: Aşıq Əhliman Şirvanlı
Loading the player...

 

 

 

 
 





Yuxarı