Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Alı. "BƏNZƏRSƏN"


Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.

Əyricə, Verst dağı, Xankirt baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı,
Gözəllər seyr elər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.

Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı,
Oylaq, bizim oylaqlara bənzərsən.

Aşıq Alı deyər, üç gözəl dərə:
Çiçəkli, Şaqaylı, Xoş gözəl dərə,
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üç dağlara bənzərsən.


Loading the player...

 

İfa edir: Aşıq Hacı Bayramov, Aşıq Nurəddin; Balaban: Əli Rzayev
Loading the player...

 

 

 

 
 





Yuxarı