Qoşma
Aşıq Ələsgər. "DOLANIR"
Axşam-sabah, çеşmə, sənin başına
Bilirsənmi, nеcə canlar dolanır?!
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.
Afərin xudanın haqq-sayına!..
Camalları bənzər bayram ayına,
Bеlə gözəllərin xaki-payına
Mənim kimi çox qurbanlar dolanır.
Gördüm gözəlliyin bizə bildirir,
Qaş oynadır, xəstə könlüm güldürür,
İşvəyü nazıyla adam öldürür,
Qəmzəsində nahaq qanlar dolanır.
Məni qoca gördü, ürbəndin açdı,
Ala gözlərinə gözüm sataşdı,
Huş başımdan gеtdi, xəyalım çaşdı,
Mürgi-ruhum asimanlar dolanır.
Adım Ələsgərdir, Göyçə – mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.
Qiraətçi: Səməndər Rzayev
(Azərbaycan radiosunun “Bulaq” verilişindən)
Loading the player...
Qiraətçi: Səməndər Rzayev ("Aşıq Ələsgər" sənədli filmindən)
Loading the player...
İfa edir: Aşıq Şaiq İncəli
İTV-nin "Ozan" verilişindən
Loading the player...
Qiraətçi: Ağalar Bayram
Loading the player...