Tez qocaldım, gənclik getdi əlimdən,
Ağır dağlar atan vaxtım var iydi.
Qollarımı fələk qırdı zülümnən,
Əjdahalar tutan vaxtım var iydi.
Məclis qurdum min bir bulaq başında,
Ellərimin torpağında, daşında,
Şikar vurdum gədiklərin qaşında,
Bərələrdə yatan vaxtım var iydi.
Bəndə oldum haqqa, şaha, mehraba,
Əzizini onlar atar girdaba,
İndi yerim oldu zülmət, xaraba,
Gül-çiçəyə batan vaxtım var iydi.
Necə dözüm, qəm çəkməyim, dayanım,
Yada düşdü keçən günüm, zamanım,
Beş qəpiyə indi gəlmir gümanım,
Gövhər alıb-satan vaxtım var iydi.
Dağ görünməz boran, qara düşəndə,
Azaflı tək intizara düşəndə,
Yaxın dostlar bir gün dara düşəndə,
İmdadına çatan vaxtım var iydi.