Gülüşündə güllər açdı könlümüz,
Gözəl dünya, gözəllərin var olsun!
Vurğunu da, yorğunu da biz olduq
Gözəl dünya, gözəllərin var olsun!
Ürəyi var, ürəklərin nəşəsi,
Toxunarsan, pul-pul olar şüşəsi,
Könül verib, könül almaq peşəsi,
Gözəl dünya, gözəllərin var olsun!
Fərhadına yetişməsə Şirinlər,
Qartal susar, pələng ağlar, şir inlər.
Dayaz olmaz məhəbbəti dərinlər,
Gözəl dünya, gözəllərin var olsun!
Neçə dəfə pəncərədən daş gəlib,
Neçə dəfə xumar gözdən yaş gəlib,
Sevən kəslər Allaha da xoş gəlib,
Gözəl dünya, gözəllərin var olsun!
Al yanaqlar çiçəklərin dostudur,
Qara tellər küləklərin dostudur,
Ala gözlər ürəklərin dostudur,
Gözəl dünya, gözəllərin var olsun!
Qız çiçəkdir, o çiçəkdə şeh mənəm,
Qız çəməndir, o çəməndə meh mənəm.
Gözəlliyə beş-on günlük mehmanam,
Gözəl dünya, gözəllərin var olsun!
Əcəl ömrü zəmi kimi biçsə də,
Şərbət bilib bir qurtuma içsə də,
Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də,
Gözəl dünya, gözəllərin var olsun!