Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Səməd Vurğun. "YADIMA DÜŞDÜ"


Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.


Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində,
Şamamanın tağı yadıma düşdü.


Töküldü kağıza sinəmin sözü,
O ana yurdumun ocağı, közü,
Ceyranın duruşu, durnanın gözü,
Kəkliyin ayağı yadıma düşdü.


Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi min bir diyarda,
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü.


Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayram qabağı,
Fəsəli yaymağı yadıma düşdü.


Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.


Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı:
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.

"İrəvan çuxuru" havası. İfa edir: Aslan Aslanov
Loading the player...

 

İfa edir: Nürəddin Mehdixanlı
Loading the player...

 

 

 

 
 





Yuxarı