Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Qurban Ağdabanlı. "BİR-BİR"


Qəmər üz, qadanı bu canım alsın,
Sallanıb gələndə otağa bir-bir.
Diləfrüzün şöləsində dolansın,
Olsun pərvanələr sadağa bir-bir.


Gözə qoruq yoxdu, dilə qadağa,
Olum gözlərinə qurban, sadağa,
Şəhdi-zülal, bal tökülüb dodağa,
Öpəsən, xal düşə buxağa bir-bir.


Yaşmaq altdan o tər buxaq görünür,
Əzizlənib kəlağaya bürünür,
Onu görən xəstə olur, sürünür,
Məcnun kimi düşür bu dağa bir-bir.


Günəş də tanıyır o mahtabanı,
Qırmızı gül yanağından utanı,
Öldür qurtar, həsrət qoyma Qurbanı,
Qohum-qardaş gəlsin sorağa bir-bir.


"Göyçəgülü" havası. İfa edir: Aşıq Şəmşir
Loading the player...

 

 

 

 
 





Yuxarı