Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Mikayıl Azaflı. "OLAYDI"


Dahi insan kimi, bir loğman kimi,
Təbiət dərd bilən, qanan olaydı.
Verə mətləbləri qəlb olan kimi,
Ürəkləri görən divan olaydı.

Viranəyə bənzər harda qəm olsa,
Qəhrə həmdəm olmaz, ağıl kəm olsa.
İstəmərəm tacım, xəzinəm olsa,
Oyaq bəxtim, bir də sağ can olaydı.

Gəzdiyim yerləri istər ürəyim,
Açıla baharım, yetə diləyim,
Qızılgül yasdığım, nərgiz döşəyim,
Çiçəklər üstümdə yorğan olaydı.

Şair inci kəsər söz sənətindən,
Təbib dərmanından düz sənətindən,
Hər usta danışar öz sənətindən,
Mən istərəm, məclis, toy, şan olaydı.

Azaflı Mikayıl, az çək aman, ah,
Keçən keçdi, bir də qayıtmaz, vallah!
İtən gəncliyimi verəydi Allah,
Qoca könlüm bir də cavan olaydı.


İfa edir: Aşıq Mahmud Məmmədov
Loading the player...

 

İfa edir: Mikayıl Azaflı
Loading the player...

 

 

 

 
 





Yuxarı