Qoşma
Aşıq Abbas Tufarqanlı. "İNCİMƏSİN". "Abbas və Gülgəz" dastanından
Qədəm qoyub yar bağına gələndə
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Bülbül fəğan eylər gül həvəsinnən,
Qoşa nar asılıb yar sinəsindən.
Elə gəl, elə get, bağ bərəsindən,
Bülbüllər hürküşüb, gül inciməsin.
Göylərdə oynayar şəms ilə qəmər,
Sevgi sevgisinin ləbindən əmər.
Belinə qurşanıb minadan kəmər,
Elə qurşagıynan bel inciməsin.
Abbas deyir, ağlıyanlar güləndə,
Nazlı dilbər sorub halım biləndə,
Mərhəmət eyləyib bizə gələndə,
Elə gəl, elə get, yol inciməsin.
"Şirvan şikəstəsi" havası. İfa edir: Aşiq Şakir
Loading the player...