Qoşma
Aşıq Ağacan (Ağacan Cabbar oğlu Cabbarlı). "DÜNYA"
İnsafsızsan, mürvətsizsən, zalımsan,
Gətirdin canımı amana, dünya!
Adəmi atdırdın behişt bağından,
Göz yaşım döndərdin ümmana, dünya!
Sən ağlatdın qəhrəmanlar anasın,
Dağıdıbsan mərd oğlanlar qalasın.
Ərzurumda xan Kərəmin lələsin,
Salıbsan çovğuna, borana, dünya!
Fərhadın külüngün vurdun başına,
Qoymadın yetişə öz yoldaşına.
Leylini yandırdın eşq atəşinə,
Məcnunu eylədin divanə, dünya!
Yazaram şeirimi yeri gələndə,
Eybini üzünə deyərəm mən də.
Nə insaf, nə mürvət görmədim səndə,
Dönübsən yaltağa, şeytana dünya!
"Köhnə gözəlləmə" havası. İfa edir: Aşıq Əsmər İbadova
Loading the player...